Markov: "KTMT bəyanatı İrəvanın Moskvaya xəyanətidir"

   Markov:  "KTMT bəyanatı İrəvanın Moskvaya xəyanətidir"
  23 Fevral 2024    Oxunub:1374
Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurmaqla Rusiyaya qarşı xəyanət etdi.
AzVision.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Telegram kanalındakı paylaşımında yazıb. Ekspert bundan sonra Azərbaycanın Moskvanın Cənubi Qafqazda əsas dostuna çevriləcəyini deyib.

KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı?
Markov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında aparılan danışıqlardan sonra Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və burada Fransa hərbi bazalarını yaratmaq üçün razılıq əldə olunub.

"Paşinyan həmçinin bəyan etdi ki, rus hərbçilər Ermənistanda Rusiya vətəndaşlarını qaçıraraq Gümrüdəki hərbi bazada gizlədirlər. Bu, hələ 19-cu əsrdə Ermənistanın mövcud olmadığı vaxtlarda yaradılmış Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Paşinyan bütün bunları Makronla apardığı müzakirələrdən sonra Fransa televiziyasına müsahibəsində deyir. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir", - politoloq vurğulayıb.

Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev də oxşar fikirlər səsləndirib. O, NEWS.ru-ya açıqlamasında qeyd edib ki, Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etmiş oldu. Parlamentari deyib ki, Ermənistanın baş naziri Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində KTMT əleyhinə açıqlamalar verib. O, ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan edib. Baş nazir əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.

KTMT isə Paşinyanın fikirlərini təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. O da vurğulanıb ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı danışarkən, görünür söhbət İrəvanın qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   KTMT   Politoloq  





Xəbər lenti