Danilov: “Qərbdə hamı Ukraynanın qələbəsini istəmir”

   Danilov:    “Qərbdə hamı Ukraynanın qələbəsini istəmir”
  24 Fevral 2024    Oxunub:1073
ABŞ-nin yardımının uzadılması ilə bağlı mübahisələr və Qərbin lazımi silahların tədarükünü gecikdirməsi nəticəsində Ukrayna tammiqyaslı müharibənin üçüncü ilinə təhlükəli vəziyyətdə daxil olur. Döyüş meydanında qələbə qazanmaq üçün Ukrayna qüvvələrinə ancaq silah lazımdır.
AzVision.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Times” nəşrinə müsahibəsində bütün cəbhə xətti boyu Rusiyanın Ukraynadan ən azı 5 dəfə çox mərmiyə malik olduğunu bildirib. O, həmçinin müttəfiqlərin Kiyevi kifayət qədər atəş gücü ilə təmin etməməsinə toxunaraq, Qərbdə hamının Ukraynanın müharibədə qalib gəlməsini istəmədiyini vurğulayıb.

“Ukraynaya lazım olan üç komponent var - silah, silah və daha çox silah. Bunu istəsəydilər, bizə vaxtında müasir silahlar verərdilər” , - Danilov deyib.

Qeyd edək ki, Danilov bu şərhi Almaniya parlamentinin Ukraynaya böyük gücə malik olan “Taurus” qanadlı raketlərinin göndərilməsi təklifini rədd etməsindən bir qədər əvvəl verib.

- Bu müharibədə mən qardaşım oğlunu itirmişəm. Xaç atamın ayağının bir hissəsi kəsilib... Amma bu təkcə məndə deyil. Çox belə kədərli hallar var. O qədər insan övladını, valideynlərini, arvadını və ya ərini itirib ki. Qərb isə buna göz yumur və buna adekvat cavab vermək istəmir. Axı onlar (ruslar) sizii öldürmürlər ”, - ukraynalı məmur Qərbə irad tutub.

Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Rusiyanın Ukraynaya təcavüzü başlayanda Qərb Kiyevə silah verməyə cəsarət etmirdi, lakin bununla bağlı vəziyyət tədricən irəliləyir.

“Düşünürəm, siz etiraf etməlisiniz ki, müharibənin əvvəlində dünya ən müasir silahları verməkdə tərəddüd göstərirdi. Amma indi hər şey əhəmiyyətli dərəcədə dəyişib” , - Stoltenberq vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Danilov   Ukrayna   Qərb  





Xəbər lenti