Zelenski ilk dəfə itki sayını açıqladı - VİDEO

   Zelenski ilk dəfə itki sayını açıqladı -    VİDEO
  26 Fevral 2024    Oxunub:886
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə döyüş meydanında ölənlərin sayı ilə bağlı ilk dəfə konkret rəqəm açıqlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə müharibənin ikinci ilinin arxada qaldığı bir vaxtda dünən keçirdiyi mətbuat konfransında bildirib.

O, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 31 min döyüşçü itirdiyini dilə gətirib. Yaralıların sayını isə Rusiyanın hərbi planlaşdırmasına kömək göstərəcəyi üçün məxfi saxlayıb.

"31 min Ukrayna əsgəri həyatını itirib. Putinin yalandan dediyi kimi, 300-500 min yox. Hər halda, faktiki rəqəm də böyük itkidir", - o deyib.

Zelenskinin sözlərinə görə, bu müddətdə Rusiya tərəfi isə döyüşlərdə 180 min hərbçisini itirib. Hərçənd Rusiya özü bu barədə rəqəmi gizli tutur. Hər iki tərəf də mütəmadi vurğulayır ki, digərinin hərbi itkiləri daha çoxdur.

Ukrayna lideri həmçinin müharibədə on minlərlə mülki şəxsin öldüyünü söyləyib. Rəsmi Kiyev məhdud məlumat səbəbi ilə bu itkilərin dəqiq sayını çıxara bilmir.
Stoltenberq: "Ukraynaya yardım dərhal təsdiqlənməlidir"

Cari il ərzində münaqişənin başa çatmaq ehtimalını diqqətə çatdıran prezident son hərbi uğursuzluqlara baxmayaraq, ölkəsinin qalib gələcəyinə, habelə ABŞ Konqresinin Ukraynaya 61 milyard dollar həcmində hərbi-iqtisadi yardım paketini tezliklə təsdiqləyəcəyinə inandığını deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Zelenski   itkilər  





Xəbər lenti