Avropa Parlamentində Ukraynanı dəstəkləyən qətnamə qəbul edildi

   Avropa Parlamentində Ukraynanı dəstəkləyən qətnamə qəbul edildi
  29 Fevral 2024    Oxunub:848
Avropa Parlamentinin üzvləri Ukraynanı dəstəkləmək üçün qətnamə qəbul ediblər. Sənəd Ukraynada 2022-ci il fevralın 24-dən başlayaraq iki il davam edən münaqişənin nəticələrinə əks etdirir.
Qətnaməyə əsasən, Avropa İttifaqı Ukraynanı Rusiya ilə müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməlidir. Qətnamənin qəbulunun lehinə 451 deputat səs verib, 46 deputat əleyhinə olub, 49 deputat bitərəf qalıb.

Avropa Parlamentinin məlumatına görə, sənəd Ukraynaya hərbi yardımla bağlı hər hansı məhdudiyyətin olmasını nəzərdə tutmur. Xüsusilə, Aİ ölkələri Ukrayna ordusunu hər il ÜDM-nin 0,25%-dən az olmayaraq hərbi texnika ilə təmin etməyi öhdəsinə götürüb. Buraya hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli “Taurus” və “Storm Shadow/SCALP” raketləri, 155 mm-lik döyüş sursatı, həmçinin İHA-lar və onlara qarşı əks alətlər daxildir.

Sənəd çərçivəsində AP deputatları assosiasiya ölkələrini müdafiə şirkətləri ilə “dialoqa girməyə”, hərbi texnikanın istehsalını artırmağa və çatdırılma müddətini sürətləndirməyə çağırıblar. Deputatların fikrincə, bu, üçüncü ölkələrin sifarişləri ilə müqayisədə daha prioritet olmalıdır.
Bundan əlavə, onlar ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukraynaya hərbi yardım paketini gecikdirmədən qəbul etməyə çağırıblar.

Ukraynaya kömək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə də toxunulub. Sənəddə vəsaitin Ukraynanın bərpasına sərf edilməsi və döyüşlərdən zərər çəkənlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulur. Həmçinin Rusiyadan Ukraynanın bərpası üçün təzminatın tələb edilməsi də irıli sürülüb.

Sənəddə həmçinin Avropa İttifaqının Rusiya və Belarusa qarşı sanksiyalar siyasətini genişləndirməsinə, o cümlədən Rusiya uran və metallurgiya məhsullarının idxalına qadağa qoyulmasına çağırış edilir. Söhbət Rusiya ilə nüvə əməkdaşlığının dayandırılması və Aİ-nin Rusiyanın kənd təsərrüfatı və balıqçılıq məhsullarının, eləcə də dəniz yolu ilə daşınan qalıq yanacaqların və mayeləşdirilmiş təbii qazın idxalına tam embarqosunun tətbiq edilməsindən gedir.

AzVision.az


Teqlər:





Xəbər lenti