Yaponiyada işçilərin ən böyük əmək haqqı artımı olacaq

   Yaponiyada işçilərin ən böyük əmək haqqı artımı olacaq
  13 Mart 2024    Oxunub:884
Yaponiyanın ən böyük şirkətləri işçilərin əmək haqlarının artırılması ilə bağlı həmkarlar ittifaqının tələbləri ilə razılaşıblar və işçiləri üçün onilliklər ərzində ən böyük məvacib artımını vəd ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Nikkei qəzetinin yazdığına görə, bir çox kiçik firmaların etibar etdiyi Toyota avtomobil korporasiyasının rəhbərliyi ittifaqın tələbini tam yerinə yetirəcəyini və maaşları ayda 28 440 yen (təxminən 192 dollar) artıracağını vəd edib.

Müəyyən bir işçi üçün artımın miqdarı iş təcrübəsindən asılı olacaq. Bu, 1999-cu ildən bəri şirkətdə həmkarlar ittifaqları ilə danışıqlar aparılmış ən böyük əmək haqqı artımıdır. Kyodo agentliyinin məlumatına görə, Nissan avtomobil korporasiyası maaşları orta hesabla 18 min yen (təxminən 122 dollar)artırmağa razılaşıb ki, bu da 2005-ci ildən bəri ən böyük artım olub.

Ən təsirli maaş artımlarından biri Nippon Steel işçilərini gözləyir, onların rəhbərliyi əsas əmək haqqını 35 min yen (təxminən 237 dollar) artırmağı vəd edir ki, bu da həmkarlar ittifaqının tələblərindən 5 min yen çoxdur.

Yaponiyanın digər iri şirkətləri - Mitsubishi Heavy Industries, Kawasaki Heavy Industries, Mitsubishi Electric və NEC də həmkarlar ittifaqlarının tələblərini tam yerinə yetirəcəklərini və işçilərinin maaşlarını 13 min yendən (təxminən 88 dollar) 18 min yenə (təxminən 122 dollar) qədər qaldıracaqlarını bildiriblər.

Ənənəvi olaraq, həmkarlar ittifaqları ilə şirkət rəhbərliyi arasında əmək haqqının artırılması ilə bağlı danışıqlar yazın əvvəlində aparılır, “syunto” (“yaz döyüşləri”) adlanır. Böyük şirkətlərin rəhbərləri ilə əldə edilən razılaşmaların kiçik firmalardakı danışıqların nəticələrinə təsir edəcəyi düşünülür.

AzVision.az



Teqlər:





Xəbər lenti