Gürcüstanda qalmaqallı qanunla bağlı son vəziyyət

   Gürcüstanda qalmaqallı qanunla bağlı    son vəziyyət
  13 May 2024    Oxunub:1108
Gürcüstan parlamentinin Hüquq komitəsi bir aya yaxındır hər gün genişmiqyaslı etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” səs-küylü qanun layihəsinə baxıb və üçüncü oxunuşda qəbul edib.
İclas parlamentin divarları qarşısında etiraz aksiyası fonunda baş tutub. Etirazçılar vaxtaşırı “qullar” şüarını səsləndirir və deputatlardan “Rusiya qanunu” adlandırdıqları qanun layihəsini geri götürməyi tələb edirlər.

Aksiyada müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, vətəndaş fəalları və qanun layihəsinin digər əleyhdarları iştirak edir.

Müxalif deputatlar parlament çoxluğunu onlara iclasda iştirak etmək imkanı belə verməməkdə ittiham ediblər. Hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili də öz növbəsində bildirib ki, iclas saat 09:00-a təyin edilib, müxalifətçi deputatlar bilərəkdən zala daxil olmayıblar və parlamentdəki vəziyyəti telefon kameraları ilə lentə alıblar.

Qanun layihəsinin üçüncü və yekun oxunuşda qəbul edilməsi parlamentin sabahı plenar iclasında baş tutacaq. Bu təşəbbüsün əleyhdarları aksiyanın dayanmayacağını və növbəti gün də davam edəcəyini bildiriblər.

Qeyd edək ki, Tbilisinin mərkəzində etiraz aksiyası bazar günü saat 22:00-da başlayıb.

Xatırladaq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində illik gəliri 20% xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması və illik bəyannamənin doldurulması tələb olunur. Onların fəaliyyətində heç bir məhdudiyyət yoxdur.

Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırıb ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları bu qanun layihəsinin Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olduğunu iddia edirlər.

Onlar bu qanun layihəsini “Rusiya qanunu” adlandırırlar və aprelin 15-dən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirirlər. Avropa İttifaqı, ABŞ, BMT, NATO, Avropa Şurası və ayrı-ayrı Qərb dövlətlərinin rəhbərləri Gürcüstanı “xarici agentlər” haqqında qanunu qəbul etməməyə çağırıblar.

Gürcüstan hökuməti Qərbin tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu və belə qanun layihələrinin Avropa İttifaqı və Fransada nəzərdən keçirildiyini vurğulayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti