Təmiz Azərbaycan naminə nə etməli - Ekspertlərdən Açıqlama

 Təmiz Azərbaycan naminə nə etməli -  Ekspertlərdən Açıqlama
  15 İyun 2024    Oxunub:949
Dünyada baş verən proseslər - iqlim dəyişikliyi, səhralaşma, buzlaqların əriməsi, aclıq, müharibələr və s. bu kimi problemlər bəşəriyyəti çox ciddi narahat edir. Bunların bəzisinin qarşısını almaq çətin olsa da, bir qismi məhz insanın qeyri-qənaətbəxş fəaliyyəti ilə əlaqəlidir.
Son günlər Azərbaycanın bəzi rayonlarında yağıntıların çoxalması, subasmalar, sel nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrə ziyan dəyməsi, tullantılarla çirklənmə halları müşahidə olunur.

Bir müddət öncə Göyçay çayından sel keçməsi nəticəsində çay yatağının zibil və məişət tullantıları ilə çirklənməsi və digər fəsadlarla bağlı yayılan görüntüləri yəqin ki, xatırlayırsınız. Bu görüntülər hətta sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

Hazırda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq və məlum oldu ki, rayonun Qarabaqqal məişət tullantıları poliqonu ərazisindən keçən sel sularının törətdiyi fəsadların qarşısı alınıb. Ərazi zibillərdən tamamilə təmizlənib:

"01 iyun 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Qarabaqqal kəndinin ərazisində mövcud olan məişət tullantıları poliqonu sahəsində təmizlik aksiyası keçirilib.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təmizlik aksiyasına Şəhər Təsərrüfatı Birliyinin, rayonda fəaliyyət göstərən xidməti təşkilatlarının kollektivləri cəlb edilib.

Toplanan məişət tullantıları yığılaraq ərazidən daşınıb. Hazırda Göyçayda həftəsonları təmizlik işlərinin aparılması mütəmadi olaraq davam etdirilir".


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev AzVision.az-a analoji problemlərin kökündə dayanan səbəblərdən danışıb və qarşısının alınması yolları ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, tullantıların idarə olunması işi kənd, rayon yerlərində, bəzən elə şəhərlərin özlərində də düzgün təşkil edilmir.

“Bələdiyyələr, icra hakimiyyətləri və digər yerli qurumlar arasında əlaqə zəifdir. Onlar bu prosesə nəzarəti bir-birlərinin boynuna atırlar. Qərb və inkişaf etmiş ölkələrdə bir çox problemlərin həll edilməsində icma nümayəndələri yaxından iştirak edirlər. Digər dövlət qurumları və vətəndaş cəmiyyətini təmsil edən QHT-lər bu proseslərdə yerli icmalara kifayət qədər dəstək olurlar. Ancaq bizdə kənd və rayon yerlərində yerli icmalar faktiki olaraq yoxdur. Yerli icmaların olmaması da problemlərin dövlət qurumları tərəfindən həll olunması zərurəti yaradır”, - Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, bir çox kəndlərdə zibil qutuları yerləşdirilsə də, tullantıllar vaxtı-vaxtında daşınmır, zibillərin təkrar emalı üçün şərait yoxdur:

“Bələdiyyələr və kommunal idarələr tərəfindən proses düzgün idarə olunmur. Vətəndaşlarımız arasında da maarifləndirmə aparılmalıdır”.



N.Həmzəyev onu da əlavə edib ki, problemlərin həllibüçün kompleks tədbirlər görülməlidir:

“Yerli icra hakimiyyətləri, bələdiyyələr və idarələr çıxış yolları tapmalıdırlar. Bələdiyyələrin səlahiyyətləri artırılmalı, onların üçün lazımi şərait yaradılmalıdır. Faktiki olaraq bələdiyyələrin maddi imkanları yoxdur, bu cür problemləri həll etmək iqtidarında deyillər.

Yerli icra hakimiyyətlərindəki kommunal idarələr mərkəzdən uzaqda yerləşən kəndlərdə zibil tullantılarının yığılmasını və xüsusi poliqonlara gətirilməsini təşkil etmirlər. Çünki onların da maddi-texniki bazaları yetəri qədər güclü deyil.

Ümumiyyətlə, kommunal idarələri bələdiyyələrə versək, daha yaxşı olar. Çünki bu işləri yerli icra hakimiyyətlərinin yox, bələdiyyələrin həyata keçirməsi daha məqsədəuyğundur. Əks təqdirdə, bu cür mənzərələrlə tez-tez rastlaşacağıq ki, bu da ətraf mühitin çirkləndirilməsi, təbiətin məhv edilməsi və bir çox xoşagəlməz hallarla nəticələnə bilər”.

Ekoloq Ənvər Əliyev isə bildirib ki, ölkədə belə faktlar çoxdur:

“Rayonların çoxunda məişət tullantılarının yığılması mərkəzləşdirilmiş qaydada təşkil edilməyib. Elə tullantılar var ki, yüzilliklər keçsə də, çürüyüb torpağa qarışmır. Avropa ölkələrində onların atılması üçün xüsusi qurğular var, əvəzində pul da verilir. Ölkəmizdə də bu cür qurğuların istehsalına başlanılmalıdır. Qarşısını almasaq, yaxın vaxtlarda faciələrimiz çox olacaq. Əhalinin sayı da artır...”.



Ekoloqun sözlərinə görə, bələdiyyələr rayonlarda camaatdan vergi yığır:

“Yığılan pullara zibil yeşikləri alınmalıdır. Bələdiyyələr və icra hakimiyyətləri tərəfindən nəzarət gücləndirilmədir. Camaatın pulunu hesablamaqla iş bitmir. Rayonlarda sanitar epidemioloji stansiyaların heç biri işləmir. O cümlədən, bu gün ən çox istifadə edilən polietilen paketlərin yığılıb yenidən dövriyyəyə buraxılmasına ehtiyac var. Dünyada hər il bir trilyonadək plastik paketdən istifadə olunur. Həmin paketlər dənizdə təxminən 400-500 ilədək, quruda 800 il çürümədən qala bilir və ətraf mühitə ciddi təsir göstərirlər".



Həmidə İbrahimova

AzVision.az


Teqlər:





Xəbər lenti