“Ağ neft” - Texnoloji inqilab üçün katalizator

  “Ağ neft”  - Texnoloji inqilab üçün katalizator
  19 May 2024    Oxunub:936
Son onilliklərdə qlobal iqtisadiyyat bərpa olunan enerji mənbələrinə doğru keçid yaşayır və litium bu keçiddə əsas rol oynayır. Bu kiçik, yüngül və yüksək reaktiv element bizi təmiz enerji mənbələrinə əsaslanan gələcəyə apararaq “yaşıl enerjinin” təməl daşına çevrilir.
Litium sadəcə bir element deyil, texnoloji inqilab üçün katalizatordur. Litium-ion batareyaları mobil cihazlarda, elektrik nəqliyyat vasitələrində və günəş panellərində geniş istifadə olunur. Yüksək enerji tutumuna və dözümlüyünə görə litium batareyalar davamlılıq və təmizliyə can atan müasir dünyada əvəzolunmaz hala gəlir. Litiuma tələbat yüksək olaraq qalır və bir çox şirkətlər bu tələbatı mədənçıxarma və emal sahəsinə sərmayə qoymaqla qarşılamağa çalışırlar.

Bu sahədə ən yaxşı şirkətlər arasında Tianqi Lithium, Bivexo Group Ltd, Ganfeng Lithium, Altexon və yeni yataqların işlənməsini həyata keçirən, mədən və emalda qabaqcıl texnologiyalardan istifadə edən digər liderləri qeyd etmək olar. Litium Avstraliya, Boliviya, Çili, Argentina, Çin və müxtəlif ölkələrdə hasil edilir.

Bu ölkələr litium batareyaları və digər məhsulların istehsalı üçün qlobal bazarı xammalla təmin edən əsas litium istehsalçılarıdır. Litium təmiz enerji və davamlı inkişafda imkanlar dünyası açaraq dövrümüzün yeni “neftinə” çevrilir.

Neftin alternativi

Vəziyyət ötən əsrin son onilliyində dəyişməyə başladı. 1991-ci ildə “Sony” ucuz və etibarlı litium-ion batareyasını buraxdı və tezliklə bütün dünyanı fəth etdi. Litium-ion batareyaları nikel ilə müqayisədə əsas üstünlükləri onların yüngülliyi, doldurma sürəti və çox zəif yaddaş effekti idi.

Əvvəlcə 1990-cı illərdə başlayan gadget inqilabı, xüsusən də cib telefonları ilə batareyalara və müvafiq olaraq litiuma tələbat sürətləndirildi. Lakin son onillikdə onlar həm də elektriklə işləyən avtomobillərin sürətlə artan istehsalı ilə tamamlanıb. Ötən ilin sonuna dünya yollarında elektriklə işləyən avtomobillərin ümumi sayı 7,2 milyon olub.

2025-ci ilə qədər elektriklə işləyən avtomobillərin ümumi satışı 12 milyona, 2030-cu ilə qədər isə təxminən 20 milyona çatacaq və bununla da qlobal avtomobil bazarının təxminən dörddə birini təşkil edəcək. Əgər indi avtomobillərin ümumi litium tələbatındakı payı təxminən 50% təşkil edirsə, növbəti onilliyin sonunda bu, 75%-ə çatacaq, digər sahələrdə isə litium istehlakı o qədər də kəskin olmasa da, artacaq.

Tələb-təklif qarşısında litiumun qiyməti qalxmağa başladı. 2004-cü ildə 1 ton karbonat ekvivalenti 2 min dollara satılan litium 2015-ci ildə 6 min dollar oldu. 2018-ci ildə spot qiymətlər 1 ton üçün tarixi maksimum 20 min dollara çatıb, bundan sonra ucuzlaşmağa başlayıb. Hazırda 1 ton karbonat ekvivalentinin qiyməti 6,75 min dollardır ki, bu da pik göstəricilərdən bir neçə dəfə aşağıdır. Bununla belə, bu azalmanın bazarda uzunmüddətli depressiyaya işarə etmədiyini düşünmək üçün bəzi səbəblər var.

Birincisi, böhran kontekstində Avropa İttifaqı “Avropa Yaşıl Sövdələşməsi”ni qəbul etdi, ona görə 2050-ci ilə qədər Birlik ölkələrində xalis CO2 emissiyaları sıfıra bərabər olmalıdır. Əgər avropalılar bəyan etdikləri planlarda ciddidirlərsə, o zaman elektromobillər və elektrobuslarsız çıxış etmək mümkün deyil. Buna görə də, ən azı Avropanın elektrikli avtomobil və akkumulyator istehsalçıları üçün artan subsidiyalar gözləməliyik.

Çox güman ki, bir çox dövlətlər Avropanın göstərdiyi istiqamətdə gedəcək. Ən yüngül metal istehlak edən digər sənaye sahələri ilə birlikdə tələbat 1 milyon tona çata bilər. Bu, hazırda dünyada hasil ediləndən iki dəfə çoxdur və çox milyardlıq investisiyalar tələb edəcək.
Litium sənayesi əmtəə bazarı deyil, xüsusi kimyəvi maddələr bazarıdır, yəni bu, təkcə yerdən xammal çıxarmaq deyil, həm də onları emal etməkdir. Layihələr ya gecikir, ya da texniki problemlərə görə istehsala çatmır. Bu, təkcə litiumda deyil, həm də kobalt və nikel sulfat kimi digər əsas elementlərdə artım müşahidə edən elektromobilləri və akkumulyator istehsalçılarını narahat edir.

Litium üçün Afrika

Hazırda metal birləşmələrinin istehsalının 90%-dən çoxu beş ölkədə - “Cənubi Amerika üçbucağı”nda (Çili, Argentina və Boliviya), həmçinin Avstraliya və Çində baş verir. Çili əvvəllər bazarı idarə edirdi, lakin 2018-ci ilə qədər Avstraliya dünyanın ən böyük litium istehsalçısı oldu.

Demək olar ki, bütün iri yataqlar bazar kapitalizasiyası 5 milyard dollardan 70 milyard dollara qədər olan bir neçə mədən şirkəti tərəfindən idarə olunur: Çinin “Jiangxi Ganfeng” və “Tianqi”, Argentinanın “FMC”, Amerikanın “Albemarle” və Çilinin “SQM” şirkəti. Litium uğrunda beynəlxalq mübarizənin əsas sahəsi indi başqa bir qitəyə - Afrikada yer alıb. Ticarət nəhəngi “Trafigura”, bölgənin 2030-cu ilə qədər litium tədarükünün beşdə birini təşkil edəcəyini təxmin edir. Zimbabve, Namibiya, Qana, Konqo Demokratik Respublikası və Mali əhəmiyyətli ehtiyatlara malikdir.

Qərb oyunçuları da yarışa qoşulmağa çalışırlar. Namibiyada, Uis adlı kənddə “Andrada”ya məxsus litium zavodu tezliklə işə salınacaq. Şirkətin rəhbəri Entoni Filyunun sözlərinə görə, Afrika tezliklə təkcə litium deyil, həm də digər minerallar - qalay və tantal ehtiyatlarına görə böyük əhəmiyyət kəsb edəcək ki, bu da enerjinin keçidində mühüm rol oynayacaq.

“Andrada”nın səhmdarları əsasən Britaniya və Amerikadakı idarəetmə və investisiya şirkətləridir. Onun Namibiyadakı sahəsi iyun ayında yerli filizdən litium konsentratının ilk partiyasını istehsal etməlidir. Yanvarın sonunda blokun əsas xammalla təmin edilməsi strategiyasına cavabdeh olan daxili bazar üzrə Avropa komissarı Tyeri Breton Uisa baş çəkdi. O, tviterdə qeyd edib ki, mədənin müstəsna potensialı var.

ABŞ prezidentinin enerji təhlükəsizliyi üzrə nümayəndəsi Amos Hokşteyn də bu yaxınlarda Afrikaya səfər edib. Onun sözlərinə görə, Vaşinqton indi qitənin mineral ehtiyatlarına investisiya qoymaq strategiyasını qəbul etmək niyyətindədir.

Bütün hallarda qitədə meydanı Çin sulayır. Pekinin üstünlüyü ondan ibarətdir ki, ölkə artıq böyük emal gücünə malikdir və buna görə də çox vaxt hasil edilən xammal üçün son təyinat yeri olur. Malidə litium hasil edən və bu yaxınlarda Çin maliyyəsini cəlb edən Londonda siyahıya alınmış “Kodal Minerals” şirkətinin baş direktoru Bernard Aylvard deyib:
“Afrikanın Avropaya daha yaxın olduğu aydındır, məhsulu oraya göndərmək iqtisadi cəhətdən məqsədəuyğun olardı, lakin Çinin artıq çox inkişaf etmiş infrastrukturu var”.

Neft buruqları litium çıxaracaq

Dünyanın ən böyük neft və qaz şirkətləri elektrik avtomobillərinin akkumulyatorları üçün lazım olan metalın istehsalında texnoloji sıçrayış ümidi ilə litiumla fəal şəkildə maraqlanır.
Belə ki, “Exxon Mobil”, “Schlumberger”, “Occidental Petroleum” və “Equinor” qeyri-ənənəvi mənbələrdən (duzlu sular) litiumun emal edilməsi üçün neft və su kimi yeraltı mayelərin vurulması və emalında öz bacarıqlarından istifadə etmək imkanlarını araşdırır. Bu da dünyada proqnozlaşdırılan metal qıtlığını azaltmağa kömək edəcək.

Böyük neft istehsalçılarının litium istehsalına cəlb edilməsi hal-hazırda kiçik, sınanmamış mədən şirkətlərinə arxalanan avtomobil istehsalçılarına inam yarada bilər.

Qərb ölkələri yeni benzin və dizellə işləyən avtomobillərin satışına qadağa qoyduğundan və Çində elektrikli nəqliyyat vasitələrinin istifadəsi sürətlə artdığından avtomobil şirkətləri qarşıdakı illərdə avtomobilləri elektrikləşdirmək üçün böyük miqdarda litium tələb edəcəklər.
Bununla belə, indiyə qədər neft şirkətlərinin litium sektorunda fəaliyyəti yalnız perspektivli resurslara hüquqların alınması və ya litium şirkətlərində minoritar payların əldə edilməsi ilə məhdudlaşır. Buna investisiyalar minimaldır və miqyasına görə karbohidrogen istehsalının əsas biznesinə qoyulan investisiyalarla müqayisə oluna bilməz.

“ExxonMobil” bu yaxınlarda Arkanzasda litium olan duzlu su mülkü almaq üçün təxminən 100 milyon dollar ödəyib. “Equinor”, litium istehsalçısı “Lithium de France”da paya malikdir və “Occidental”, “TerraLithium” texnologiya qrupuna sərmayə qoyub.

Odur ki, Azərbaycan da neft ölkəsi olaraq sırf gələcəyin “Ağ qızıl”ına sərmayə qoya bilər. Çünki, neft və qaz şirkətləri öz yataqlarında yeraltı sulardan əldə etdikləri litiumun satışından ötən il 13 milyard dollara qədər gəlir əldə ediblər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti