Qərb Ermənistanı marionetə çevirir, Gürcüstanı cəzalandırır, Azərbaycana isə hörmətlə yanaşır

 Qərb Ermənistanı marionetə çevirir, Gürcüstanı cəzalandırır, Azərbaycana isə hörmətlə yanaşır
  10 İyul 2024    Oxunub:1418
Son günlər Ermənistan mediasında Qərbin İrəvana marağının artması, xüsusən də ABŞ-dən bu ölkəyə yüksək rütbəli məmurların ardıcıl səfərlər etməsinə dair silsilə məqalələr yazılır.
Məsələn, "Zham" nəşri bu mövzuda diqqət çəkən təhlil dərc edib. Artak Akopyan imzası ilə yazılan məqalədə qeyd edilib ki, hər kəs ABŞ-nin xarici siyasətində əsasən demokratik dəyərlərlə yaşayan ölkələri dəstəkləməsini, avtoritar rejimlərlə isə mübarizə aparmasını düşünür. Amma reallıq başqadır.

Bu cür sadə fikirlər əsasən “kiçik millətlər”in formalaşdırdığı ölkələrdə dolaşır. Həmin ölkələrdə yaşayan insanlar səmimi şəkildə inanırlar ki, onlar heç olmasa görüntü naminə demokratik dəyərləri qəbul etsələr bunun müqabilində ABŞ və Avropa İttifaqından (Aİ) kifayət qədər dəstək ala biləcəklər.

Paşinyanın "qırmızı xətləri"
"100 il əvvəl Ermənistanda da bu cür fikirlər hökm sürürdü. O zaman belə hesab olunurdu ki, xarici siyasətdə qərbyönümlü olmaq kifayət edəcək ki, cəmiyyətimizə dəyər versinlər. Qərbə istiqamət götürməyin müqabilində isə "Sevr" müqaviləsi çərçivəsində “mükafat”lar əldə etdik. Ancaq 100 il əvvəl reallıqlar da tam fərqli idi. Ermənilər Qərbin vədlərinə aldandılar və buna görə ağır cəzalandırıldılar", - müəllif yazıb.

Analitik Gürcüstanın başına gətirilənləri də xatırladıb. O qeyd edib ki, 20 il əvvəl gürcülər ABŞ-yə sədaqətlərini nümayiş etdirməklə kifayətləndilər. Tiflis ümid edib ki, gürücülər Qərbə üz tutmaqla milli problemləri həll edə biləcək: "Yəni qonşularımız da eyni səhvə yol verdilər. Çünki 2008-ci il müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dövlət səviyyəsində tanıdı və Qərb özünün qondarma “müttəfiqini” dəstəkləmək üçün heç bir əməli addım atmadı".

Ortada Ukrayna nümunəsi də var. Kiyevin başına gələnlər isə Qərbin bütün sinizmini göstərdi. Vaşinqton və Brüssel ukraynalıları anti-Rusiya addımlarına əl atmağa çağırdı. Bu isə Moskvanı genişmiqyaslı hərbi əməliyyatlara təhrik etdi: "Nəticədə, artıq 500 minə yaxın ukraynalı müharibə qurbanı olub. Həmçinin ölkə özünün tarixi ərazisinin 20 faizə yaxınını itirib. ABŞ və Avropada bu müharibəni “Rusiyaya qarşı sonuncu ukraynalıya qədər aparılacaq bir mücadilə” kimi qiymətləndirdiklərini belə gizlətmirlər. Dəhşətli görünən hesablamalar və proqnozlara görə, həqiqətən də Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsi qırıla bilər. Amma bunun müqabilində Rusiya da böyük itkilər verəcək".

ABŞ-nin davam edən Ukrayna müharibəsi fonunda regionumuzla bağlı aktivləşən siyasətinə gəldikdə isə hazırda Vaşinqtonun bölgədəki yeni siyasəti bir neçə istiqamət üzərində qurulub.

Birincisi, ABŞ nəinki Gürcüstanda, Ermənistan və Azərbaycanda da demokratiyanın dərəcəsini yüksək qiymətləndirmir: "Bilirsiniz niyə? Çünki ABŞ-yə görə hər üç ölkə regionun daha böyük dövlətlərinin - Rusiya, Türkiyə və İranın təsiri altındadır. ABŞ üçün hazırda bu “qrupda” Rusiya və İranın rolunun əhəmiyyətli dərəcədə azaldılması və bunun əvəzinə Türkiyənin rolunun artması daha vacib görünür. Üstəlik, Vaşinqton strateji məqsəd kimi bölgəmizin tam şəkildə Türkiyənin nəzarətində olmasını istəyir. Çünki ABŞ üçün regiona təsir gücü olan bu üç dövlətdən yalnız Türkiyə daha ​​az "şər” ölkə hesab olunur. Bundan başqa, məlum trioda Qərbə ən yaxın ölkə də Türkiyə sayılır. Bütün bunlar o deməkdir ki, ABŞ-nin regionumuza yanaşması demokratiya amillərinə deyil, sırf geosiyasi aspektə bağlıdır. Yəni Gürcüstan, Ermənistan və ya Azərbaycanın demokratik dərəcələri ABŞ üçün praktiki olaraq sıfır əhəmiyyət kəsb edir".

ABŞ və Aİ Azərbaycanı regionun ən vacib ölkəsi kimi qəbul edir

Məqalədə o da vurğulanıb ki, ABŞ-da Azərbaycanın amerikalılar üçün regionun ən vacib ölkəsi olduğunu gizlətmirlər: "Məhz Azərbaycan regionu Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə birləşdirir. Amerikalıların fikrincə, Azərbaycan bölgədə əsas ölkə sayılmalıdır. Gürcüstan və Ermənistan isə kommunikasiya baxımından yalnız tranzit məkanlar hesab olunur. Bu iki ölkə bölgədə Azərbaycan zəncirinə bağlı olacaq. Bu cür iqtisadi və geosiyasi yanaşmalarla region ölkələrindəki demokratiyanın dərəcəsi ABŞ üçün gələcəkdə də ən az maraq kəsb edən bir amil olacaq.

Bundan başqa, Azərbaycan Rusiya ilə İran arasında əsas rol oynayan qovşaq ölkəyə çevrilib. “Şimal-Cənub” nəqliyyat dəhlizi Bakıdan da asılıdır. Eyni zamanda, Azərbaycan həm də “Orta Dəhliz” layihəsində əsas dövlətə çevrilib. Qərb istərdi ki, Azərbaycan Rusiya və İranla münasibətləri inkişaf etdirməsin. Ancaq nə ABŞ, nə də Aİ hazırda bu barədə danışmağa belə cəsarət etmir".

Məqalədə Azərbaycan prezidentinin ölkə daxilində yaratdığı mühitə də toxunulub: "Bunun sayəsində kənardan ölkə gündəmi, siyasətinə təsir imkanları sıfıra bərabərdir. Məhz bu səbəbdən rəsmi Bakıya təzyiq edə bilməyən ABŞ və Aİ Azərbaycanın balanslaşdırılmış siyasətinə aşkar hörmətlə yanaşmağa qərar verib. Hər iki güc mərkəzi Azərbaycanın tələblərini mümkün qədər təmin etməyə çalışır".

ABŞ-nin marionetinə çevrilən Ermənistan

Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ Ermənistana marionet ölkə kimi baxır. O marionet ki, Azərbaycanın "Orta Dəhliz" və digər layihələri ilə bağlı planlarını həyata keçirməsinə müdaxilə etməməlidir. Məhz buna görə ABŞ Paşinyanın əli ilə Qarabağ məsələsini gündəmdən çıxardı. Çünki Qərbdə Azərbaycanı da Rusiyanın təsirlərindən tam qoparmaq istəyirdilər. Ortada Qarabağ problemi qalmadığı halda Bakı daha çox Türkiyəyönlü, Qərbyönlü siyasət apara biləcək. Əgər Ermənistan Azərbaycanın planlarına müdaxilə edərsə, İrəvan yenidən əvvəlki aqibəti yaşayacaq: "İrəvanın digər region ölkələrinə bağlı siyasətinə gəldikdə isə, Ermənistan İran və Rusiya ilə əlaqələrini minimuma endirəcək və nəticədə Türkiyənin periferiyasına keçəcək. ABŞ-nin Ermənistanla bağlı əsas məqsədi də budur. Hazırda Vaşinqtonu ölkəmizin yaxın gələcəkdə Türkiyənin periferiyası olub-olmayacağı demək olar ki, maraqlandırmır. O da aşkar görünür ki, bu planlar həyata keçərsə, Ermənistan "Qərbi Ermənistan"ın (Türkiyənin şərqinə iddialı olan radikalların bu əraziyə verdikləri ad-red.) taleyini yaşayacaq".

Gürcüstan məqsədyönlü hücumlarla cəzalandırılır

Gürcüstan 2012-ci ilə qədər marionet siyasəti yürüdürdü. Hansı ki, həmin siyasəti bu gün Nikol Paşinyan həyata keçirir: "Lakin Ermənistandan fərqli olaraq Gürcüstan böyük itki vermədi. Təbii ki, Abxaziya və Cənubi Osetiya əldən çıxdı. Amma gürcülər bu gün Ermənistanın düşdüyü durum, yəni dövlətçiliyin məhvi təhlükəsi ilə üzləşməyiblər. Buna səbəb Gürcüstanın "Orta Dəhliz"də yeganə tranzit ölkə olması və Türkiyə ilə Azərbaycan üçün mühüm ölkəyə çevrilməsi idi. Bundan başqa, Gürcüstan özünü dəhliz ölkəsindən bir qədər kənara çıxardı. Gürcülər ölkəni təkcə şərq-qərb istiqamətində deyil, həm də şimaldan cənuba (Rusiya amili-red.) da kəsişmə nöqtəsinə yeni mərkəzə çevirməyə çalışdılar. Məhz bu səbəbdən ABŞ və Aİ Tbilisini məqsədyönlü hücumlara məruz qoydular.
Məsələn, elə bu günlərdə Aİ Gürcüstanın üzvlük prosesini dayandırmaq qərarına gəlib. Eyni zamanda, ABŞ Gürcüstanla planlaşdırdığı hərbi təlimləri təxirə salıb. Əvəzində Vaşinqton diqqətini Ermənistana yönəltmək niyyətindədir. İyulun 15-24-də "Eagle Partner 2024" birgə təlimləri keçiriləcək. Bir sözlə, faktiki olaraq Gürcüstan Türkiyə ilə Azərbaycan arasında təkcə tranzit bölgəsi olmaq istəmir, ölkəni təhlükəsiz etmək üçün daha balanslı siyasət yürütməyə çalışır. Nəticə bundan ibarətdir ki, Azərbaycana icazə verilən balanslı siyasət Gürcüstan və Ermənistana qadağan edilir. Xətti keçdikdə isə cəzalandırılırlar. ABŞ və Aİ bizim regionun ölkələrinə yanaşmada demokratiya amilini önə çəkmir. Bu, reallıqdır".


Tural Tağıyev

AzVision.az



Teqlər:   Qərb   Azərbaycan   ABŞ   Gürcüstan   Ermənistan   Dəhliz  





Xəbər lenti