Vətənpərvərlik formulu: Dilimizin hüquqi statusu

      Vətənpərvərlik formulu:    Dilimizin hüquqi statusu
  01 Avqust 2024    Oxunub:3476
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi, hüquqşünas

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il avqustun 9-da 1 avqust tarixinin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Dil - millətin simasını səciyyələndirən əsas amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin ən parlaq səhifəsidir. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Qısa tarixi arayış

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Analoji maddə bir sıra dövlətlərin konstitusiyalarında da var. Türkiyə, İspaniya və Bolqarıstan konstitusiyalarının 3-cü, Latviya Konstitusiyasının 4-cü, Polşa Konstitusiyasının 27-ci maddələrini buna misal göstərmək olar.

Dil ünsiyyət vasitəsi kimi cəmiyyətin inkişafı üçün son dərəcə vacibdir. Azərbaycan dili geneoloji cəhətdən türk dilləri ailəsinə mənsubdur. Bu bölgüdə dillər mənşəyinə və qohumluğuna görə qruplaşdırılır ki, son nəticədə də qohum dillər dil ailəsində birləşdirilir. Başqa sözlə, bir neçə dil qrupu dil ailəsini əmələ gətirir. Məsələn, Hind-Avropa, türk, fin-uqor, monqol, sami dilləri ailəsi və s. Azərbaycan dili geneoloji təsnifatına əsasən türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Bu dil ailəsinə mənsub olan dillərin bir-birilə əlaqəsi və qohumluğu tarixi və ictimai-siyasi hadisədir.

Azərbaycan dilinin fonetik, leksik və qrammatik strukturlarında türk, türkmən və qaqauz dillərinin xüsusiyyətlərinə oxşarlıq və yaxınlıq digər türk dillərinə nisbətdə daha çoxdur. Bu dil XII-XIII əsrlərdə ümumxalq dili, XIX əsrin ikinci yarısında isə milli dil kimi formalaşıb, Azərbaycan xalqının vahid ünsiyyət vasitəsinə çevirilib. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlanılmışdır. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdirilib. Təsadüfi deyil ki, M.Y. Lermantov 1837-ci ildə dostu S.A. Rayevskiyə yazırdı: “Rusiyadan çıxandan sonra dağları aşdım. Şuşada, Qubada, Şamaxıda oldum. Tatarcanı (Azərbaycan dili nəzərdə tutulur – Y.X.) öyrənməyə başladım. Fransız dili Avropada vacib olduğu kimi, burada da, ümumiyyətlə, Asiyada bu dil eyni dərəcədə vacibdir”.

Ölkədə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi AR-in suverenliyinin əsas göstəricilərindən biridir. Hələ keçən əsrin əvvəllərində öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti tərəfindən qəbul edilən ilk qərarlardan biri məhz dövlət dili ilə bağlı olub. Belə ki, 27 iyun 1918-ci il tarixdə AXC-nin parlamenti “Türk dilinin dövlət dili elan olunması və hökümət müəssisələrində müvəqqəti olaraq rus dilinin işlədilməsi haqqında” 175 saylı qərar qəbul edib. Həmin qərarda deyilirdi: “Dövlət dili kimi türk dili təsdiq edilsin. Məhkəmə, inzibati və digər vəzifələrdə işləyənlərin türk dilində savadı olan başqa şəxslərlə əvəz olunacağı vaxta qədər hökümət müəssisələrində rus dilinin müvəqqəti olaraq işlədilməsinə icazə verilsin”.

Dövlət dili haqqında digər hüquqi sənədin qəbul edilməsi AR-də sovet hakimiyyətinin təzəcə təşəkkül tapdığı dövrə təsadüf edir. Belə ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Soveti 27 iyun 1924-cü il tarixdə “Respublikanın dövlət müəssisələrində dövlət dilinin, əksəriyyət təşkil edən əhalinin və milli azlıqların dillərinin tətbiqi haqqında” dekret qəbul edib. Dekretin 1-ci və 2-ci bəndlərində deyilirdi: “1) Azərbaycan SSR-də dövlət dili türk dilidir. 2) Azərbaycan SSR-in dövlət müəssisələrində qeyri-türk millətindən olan və əksəriyyət təşkil edən əhalinin, habelə milli azlıqların, rusların, ermənilərin və gürcülərin dillərinin istifadəsinə də icazə verilir”.

Yuxarıda qeyd olunan hüquqi aktlar gələcəkdə Azərbaycan dilinin rəsmi sənədlərdə dövlət dili kimi tanınmasına zəmin yaradıb. Bunun nəticəsidir ki, 21 aprel 1978-ci il tarixli Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilib.


Sovetlər Birliyi dağıldıqdan sonra, müstəqilliyin ilk illərində, daha dəqiq desək, 22 dekabr 1992-ci il tarixdə ölkəmizdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edilib. Bir qədər sonra isə, ölkədə gedən hüquqi islahatların nəticəsi olaraq 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” təkmilləşdirilmiş yeni qanun qəbul olundu. Qanununun dövlət dilinin hüquqi statusunu müəyyən edən 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir AR vətəndaşının borcudur” (birinci bənd), “Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir” (ikinci bənd), “Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir” (üçüncü bənd), “Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökümət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır” (dördüncü bənd), “Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” (beşinci bənd), “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər” (altıncı bənd).

Azərbaycan Respublikasının dövlət dilinin işlənmə yerləri

Qanunun II fəslinə (dövlət dilinin işlənməsi, qorunması və inkişafı) əsaslanaraq dövlət dilinin işlənməsini nisbi şəkildə aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:

1. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır. Lakin bu deyilənlər Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirlərə şamil olunmur.

2. Dövlət dilinin təhsil sahəsində işlənməsi

Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. Bununla yanaşı, ölkədə başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.


3. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

4. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

5. Dövlət dilinin xüsusi adlarda işlənməsi

AR vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. AR vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə, yəni AR AM ilə tənzimlənir.

6. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Yuxarıda sadalanan inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

7. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalrına uyğun olaraq müəyyən edilir.

8. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir.
Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.
Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası digər məhkəmələrində cinayət və mülki işlər, kommersiya və inzibati mübahisələr, eləcə də inzibati xətalar üzrə məhkəmə icraatı dövlət dilində aparılır.
Məhkəmə icraatlarında iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.

9. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

10. Dövlət dilinin nəşriyyat işində işlənməsi

Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

11. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadət-namələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.
Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.

12. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası

Qanunun 14-cü maddəsinə (dövlət dilinin əlifbası) görə Azərbaycan Respublikasının dövlət dilinin əlifbası kimi latın qrafikalı Azərbaycan əlifbasıdır. Qeyd edək ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə bir neçə əlifbadan istifadə etmişdir. Məsələn, VII əsrdə Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra Azərbaycan yazısı ərəb əlifbasına keçmişdir. Xalqımız həmin dövrdən Sovet hakimiyyətinin ilk illərinədək ərəb əlifbasından istifadə etmiş, nəhayət 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayda ərəb əlifbasının latın qrafikası əsasında tərtib olunmuş yeni əlifba ilə əvəz olunması haqqında qərar qəbul edilmişdir. Belə bir qərarın qəbul edilməsində əsas məqsəd isə türkdilli xalqlar arasında mədəni əlaqələri möhkəmləndirmək, türk dilinin vahid əlifba əsasında inkişafını təmin etməkdən ibarət olmuşdur.

Nəhayət, 1 yanvar 1929-cu il tarixdə Azərbaycan yazısı latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbaya keçdi. Lakin təəssüflər olsun ki, Azərbaycan dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşdirilməsinə imkan açan, az bir vaxtda kütləvi şəkildə əhalinin savadlaşmağına səbəb olan və xalqlar arasında elmi və mədəni əlaqələrin inkişafına təkan verən bu əlifbanın ömrü qısa olmuşdur. Buna səbəb isə Azərbaycan xalqının iradəsinə zidd olaraq mərkəzin təzyiqləri altında 11 iyul 1939-cu il tarixdə “Azərbaycan yazısının latın əlifbasından rus əlifbasına keçirilməsi haqqında” Azərbaycan SSR qanununun qəbul edilməsi olmuşdur. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq məqsədilə 25 dekabr 1991-ci il tarixdə AR Ali Soveti Milli Şurası “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul etmişdir.
Qanunun qərar hissəsində deyilir:
1) “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 1939-cu il 11 iyul tarixli Azərbaycan SSR-in qanunu bu gündən qüvvədən düşmüş hesab edilsin.
2) 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunsun.


AR İXM-nin 533-cü maddəsi “Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi” adlanır və həmin maddəyə görə Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsi inzibati məsuliyyətə səbəb olur.

Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 533-1-ci maddəsi media məhsullarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur.

Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Bu o deməkdir ki, dövlət dili kimi Azərbaycan dilinin müəyyən olunması heç də AR ərazisində yaşayan başqa millətlərin öz dillərindən istifadə etmək hüququnu məhdudlaşdırmır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Analoji müddəa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci maddəsində (məhkəmə icraatının aparıldığı dil) də əksini tapıb.

Beləliklə, ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində istifadə olunması qürur mənbəyi sayılır. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini qoruyub saxlamalı, onu təbliğ etməlidir.


Teqlər: Azərbaycan-dili  





Xəbər lenti