Cənubi Qafqaz: sülh, yoxsa müharibə? - Təhlil

   Cənubi Qafqaz:    sülh, yoxsa müharibə? - Təhlil
  15 Avqust 2024    Oxunub:3049
Klassiklərin təbirincə desək son vaxtlar Cənbui Qafqazda bir kabus dolanır. “Müharibə” adlı bu kabusun yaradıcısı Ermənistanı silahlandıran kollektiv Qərb və onun lideri Amerika Birləşmiş Ştatlarıdır.
Qərb platformalarının sülhə verdiyi “töhfə”
İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsi regionda yeni geosiyasi konfiqurasiyanın və bölgədəki problemlərin həlli üçün “3+3” formatının yaranmasını şərtləndirdi. Yeni reallıq regiondan kənar aktorların Cənubi Qafqaz məsələlərinə təsirinin kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur ki, bu da Vaşinqtonun və kollektiv Qərbin ürəyincə deyil.

Ona görə də, İrəvanın sarsıdıcı məğlubiyyətindən sonra Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasına dəstək adı ilə Vaşinqton və Brüssel platformaları yaradıldı. Əslində bu 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan-Rusiya-Ermənistan Üçtərəfli Bəyannaməsindən sonra fəallaşmış Moskva platformasının zəiflədilməsinə yönəlmiş addım idi.
Həm Vaşinqton, həm də Brüssel platformalarında bəzən açıq-aşkar, bəzən də dolayısı ilə Ermənistana siyasi-diplomatik dəstək nümayiş etdirilməsi bunun əyani sübutudur.


Bu ilin aprel ayından başlayaraq isə, Vaşinqton özünün vassalına çevrilmiş Avropa İtitfaqı (Aİ) ilə birlikdə Ermənistana göstərdiyi siyasi-diplomatik dəstəyi bilavasitə hərbi-maliyyə yardımına transformasiya etdi. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında keçirilən üçtərəfli görüşdə iqtisadi yardım adı altında Vaşinqtonun İrəvana 65 milyon dollar, Avropa İttifaqının isə 270 milyon avro ayıracağı bildirildi.

Aİ-nin Cənubi Qafqazda sülhə növbəti “töhfəsi”
Lakin çox keçmədi ki, həmin görüşün gizlin məqamları da üzə çıxdı. İyulun 15-dən 24-nə qədər Ermənistanda ilk dəfə “Qartal Tərəfdaşı-2024” adlı ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirildi. Elə həmin təlimlər zamanı Avropa İttifaqının Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün 10 milyon avro vəsait ayrıldı.

İyulun sonunda Rusiya sərhədçiləri Ermənistanın Zvartnos aeroportunu tərk etdən kimi, avqustun 2-3-də ABŞ-nin Rumıniyada və Qətərdəki hərbi bazalarından 2 “Boeing C-17” hərbi təyyarəsi ora endi. Bu təyyarələrdə Ermənistan ordusu üçün yeni snayper tüfəngləri, gecəgörmə cihazları, müasir rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehlər, ABŞ ordusunda istifadə olunan mini-hücum PUA-ları, həmçinin kiçik ölçülü minalar və digər döyüş sursatları gətirildi. Qeyd edək ki, bu növ silahlar artıq Ukraynada praktiki sınaqdan keçirilib və müasir döyüş əməliyyatlarının xüsusiyyətləri nəzərə alınmaqla dəyişdirilib. Məsələn, dəbilqələr və zirehlər rus və sovet tipli qəlpələrdən, odlu silahlardan effektiv qorunmaq üçün xüsusi olaraq uyğunlaşdırılıb. Həmçinin, İran ərazisindən buraxılan raket və təyyarələrin trayektoriyalarını izləmək üçün Ermənistan-İran sərhədində quraşdırılacaq avadanlıq da hərbi yüklər arasında yer alıb.


Bundan başqa, ABŞ ordusunun 50-yə yaxın hərbçisi Ermənistana gətirilib. Amerika hərbçilərinin Ermənistanda peyda olmasından diqqəti yayındırmağa çalışan Vaşinqton və İrəvan keçmiş SSRİ ölkələrindən ABŞ-a mühacirət etmiş erməni əsilli hərbçiləri, slavyan və qafqaz əsilli insanları seçiblər.

Müharibə qoxusu gələn fəallıq

ABŞ-nin digər bölgələrdəki münaqişələrdən əvvəl apardığı ənənəvi siyasət prizmasından baxdıqda Vaşinqtonun Cənub Qafqazda yeni münaqişə ocağı alovlandırmağa hazırlaşdığı ehtimalı güclənir. ABŞ-nin bu kontekstdə əsas məqsədinin Rusiyanın Cənub cinahında ikinci cəbhə açmaq olduğu heç bir şübhə doğurmur.

“Bölgədə sülhün və sabitliyin əldə edilməsi yalnız Cənubi Qafqaz ölkələri arasında yaxın qonşuların iştirakı ilə münasibətlərin hərtərəfli normallaşması ilə mümkündür ki, bu da Vaşinqtonun məqsəd və vəzifələri sırasında deyil. Digər ölkələrin çoxsaylı nümunələri göstərir ki, ABŞ-la tərəfdaşlıq onlar üçün zərərli olur. ABŞ və Aİ-nin bəyan etdikləri kimi, məqsədi Rusiyanın strateji məğlubiyyəti olanlarla əməkdaşlığı dərinləşdirməklə İrəvan Cənubi Qafqazda vəziyyəti sabitsəzlişdirməyə, öz təhlükəsizliyini təhlükə altına qoymağa risk edir. Amerikalıların Cənubi Qafqazda peyda olması, dünyanın müxtəlif yerlərində dəfələrlə müşahidə etdiyimiz kimi, yalnız regiondakı münaqişə potensialını gücləndirəcək”, - Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova iyulun 18-də keçirdiyi ənənəvi brifinqdə vurğulayıb.

Yeri gəlmişkən, Cənubi Qafqazda ABŞ-nin belə siyasətinin “töhfəsi” artıq 2008-ci ilin avqustunda yaşanan 5 günlük Rusiya-Gürcüstan müahribəsi şəklində özünü göstərib. Bu həftə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında məhz xarici qüvvələrin təhriki və göstərişi nəticəsində o vaxtkı prezident Mixeil Saakaşvilinin Rusiya ilə hərbi qarşıdurma avantürasına getdiyi vurğulanıb.

Sözsüz ki, regionda hərbi iştirakını gücləndirən ABŞ-nin Cənubi Qafqazda alovlandırmağa çalışacağı müharibənin başqa bir hədəfi də İrandır. Lakin Vaşinqton münaqişəni məhz Ermənistanın əli ilə başlamağa can atacaq ki, bu da istənilən halda Azərbaycan da daxil olmaqla bütövlükdə Cənubi Qafqazda böyük müharibənin alovlanmasını şərtləndirəcək. Bizi yeni müharibəyə sürükləmək üçün isə Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin yenidən oraya qaytarılması tələbi ortaya atıla bilər. Məhz Vaşinqtonun Ermənistanı silahlandrıması fonunda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu məsələni ötən həftə yenidən gündəmə gətirməsi heç də təsadüfi deyil.

Bu baxımdan, ABŞ-nin Azərbaycandakı səfirliyinin Vaşinqtondan Ermənistana silahların və hərbçilərin gətirilməsi barədə şərh verməkdən boyun qaçırması bir çox müəmmalrdan xəbər verir.

Amma ABŞ və Aİ-nin Ermənistanla apardığı pərdəarxası oyunları və sövdələşmələri, habelə İrəvanın kollektiv Qərb tərəfindən sürətlə silahlandırılmasını diqqətlə izləyən Azərbaycan, zərurət yaranacağı halda buna çox sərrast cavab verməyə hazırdır.


- Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”, - Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 10-da Şuşaya köçmüş ilk sakinlərlə görüşdə İrəvana və onun havadarlarına xəbərdarlqı edib.

Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, kollektiv Qərb, ilk növbədə isə Vaşinqton Azərbaycan Prezidemtinin “Qızım sənə deyirəm, gəlinim sən eşit” mənası verən xəbərdarlığından özü üçün nəticə çıxarmayıb.

Maraqlıdır ki, kollektiv Qərb əvvəllər Rusiyanın, demək olar ki, Ermənistanı müftə-müsəlləf silahlandırmasına heç vaxt etiraz etməyib. Əksinə, buna hətta müsbət yanaşıb. Amma 2010-cu illərdə Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycana silah satmağa başlayanda Ermənistandan daha çox Qərb etiraz səsini ucaltdı. Hətta bəzi qərbli ekspertlər Rusiyanı Ermənistanı və Azərbaycanı silahlandırmaqla Cənubi Qafqazda müharibə alovlandırmaq cəhdində ittiham etdilər.

Maraqlı yanaşmadır, deyilmi? Belə çıxır ki, Ermənistana havayı silah verən Rusiya Azrəbaycana pulla silah satanda tərəfləri müharibəyə sövq edir. Amma ABŞ və Fransa humanist hisslərdən irəli gələrək təcavüzkar Ermənistanı silahlandırır? Sözsüz ki, yox. Bu siyasətin arxasında Ermənistandan əlverişli alət kimi istifadə etməklə Cənubi Qafqazda öz nəzarətini yaratmaq niyyəti dayanır.

Maraqlar tələb edəndə sülh müharibəyə qurban verilir

Buna nail olmaq üçün Qərb hətta yeni müharibənin alovlanmasını da məqbul sayır, o ki, qala Ermənistanın sülh sazişinin imzalanmasından get-gedə daha da uzaqlaşmasına.

Bəli, məhz üzdə Cənubi Qafqazın iki ölkəsi arasında tezliklə sülh sazişinin imzalanmasına çalışdığını bəyan edən Vaşinqton Ermənistanı silahlandırmaqla İrəvanı destruktiv mövqe tutmağa sövq edir. Bu baxımdan, İkinci Qarabağ müharibəsindən sonrakı İrəvanın ritorikası ilə Paşinyan hökumətinin indiki ritorikası arasındakı fərqə diqqət yetirmək kifayət edir. Məhz Qərbin hərtərəfli dəstəyini alıdqdan sonra İrəvan sülh sazişinin razılaşdırılması yönündə nəinki müxtəlif bəhanələrə əl atır, hətta sərhədlrəin demarkasiyası və delimitasiyası, habelə ikitərəfli görüşlərin keçirilməsi müstəvisində əldə olunmuş irəliləyişlərdən də geri çəkilib.

İrəvanın mövqeyində müşahidə olunan metamorfozanın daha bir səbəbi isə sülh saişinin imazalanmsaı üçün Azrəbaycanın irəli sürdüyü iki haqlı təkilflə bağlı Qərbin ağzına su alıb susmasıdır.

Yeri gəlmişkən, Vaşinqtonun İrəvanın mövqeyinə neqativ təsiri Zəngəzur Dəhlizi məsələsində tam çılpaqalığı ilə özünü biruzə verib. Belə ki, avqustun əvvələrində ABŞ-dan İrəvana gətirilən hərbçilər Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimində Zəngəzurdakı hərbi bazada yerləşdirilib. Bu mənada, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Braynın Konq¬resdəki dinləmələrdə Zəngəzur dəhlizinin açılması barədə dediklərinə diqqət yetrimək çox maraqlıdır.

“Bu, bütün regiona, Mərkəzi Asiyaya aiddir, bütün bu ölkələrin dünya bazarlarına ixracı indi yalnız Çin və Rusiyadan keçir. Problemi həll etmək üçün onlar Azərbaycanla əməkdaşlıq etməlidirlər. Bir marşrut Gürcüstandan Qara dənizə keçir, lakin digəri, potensial olaraq daha böyük olanı Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, - Ceyms O`Brayn Vaşinqtonun Cənubi Qafqaz kartını açıb.

Beləliklə, amerikalı məmur Vaşinqtonun əsas məqsədinin Ermənistanın ərazisindən keçəcək Zəngəzur Dəhlizinə nəzarətə yiyələnmək, demokratiya, sülh və digər liberal “bər-bəzəklər”in isə əsl niyyətləri pərdələmk üçün sadəcə bir demaqoqiya olduğunu etiraf edir.


Əslində, heç bu da yenilik deyil. Belə ki, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməyə əsasən Zəngəzur Dəhlizinə nəzarəti Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları həyata keçirməlidir. Lakin məhz Vaşinqton bu missiyanın Ermənistanın Sərhəd Xidməti və ya beynəlxalq qüvvələr tərəfindən həyata keçirilməsi ideyasını İrəvanın dili ilə gündəmə gətirdi. Son hadisələrdən isə belə görünür ki, ABŞ bu məsələdə özünün patronajlığını artıq ortaya qoyub.

Bəli, hadisələrin məhz Qərbin ssenarisi üzrə inkişaf edəcəyi halda Cənubi Qafqazda yeni bir müharibənin alovlanması qaçılmaz olacaq. Bu savaşın məsuliyyəti isə Ermənistandan daha çox onu alət kimi istifadə edən kollektiv Qərbin və ilk növbədə Vaşinqtonun üzərinə düşəcək. Belə cəhdlərin qarşısını almaq üçün region ölkələrinin vahid mövqe sərgiləməsi zəruridir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   sülh   müharibə  





Xəbər lenti