Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib -  FOTOLAR
  19 Sentyabr 2024    Oxunub:1052
Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub.
AzVision.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi ilə tanış olublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümümün tamam olduğunu qeyd edib. Bildirib ki, 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyev tərəfindən hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb. Dahi bəstəkarın doğum günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Adıçəkilən mötəbər musiqi bayramının bu il 16-cı dəfə gerçəkləşir.

Qeyd olunub ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda maraqlı tədbirlər, konsertlər təşkil ediləcək. Eyni zamanda bütün ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərslərini əhatə edir.

Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Vyana, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu təşkil olunur. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adlı müzakirə və panellər keçirilir.

Nazir müavini söyləyib ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: "Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” ölməz əsərinin tamaşası nümayiş olunacaq. Eyni zamanda Şuşadan daha bir görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq".

Daha sonra konsert proqramı təqdim olunub.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", "Firuzə" operasından "Firuzənin ariyası", xor və orkestr üçün "Bahar nəğməsi", bariton, xor və orkestr üçün "Kantata", "Milli marş", S.Ələsgərovun səs və orkestr üçün "Eşq olsun sənətkara" balladası, M.Mirzəyevin "Böyük ustada ithaf" poeması, İ.Hacıbəyovun piano və orkestr üçün "Cəngi" rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun "Üzeyir Hacıbəyliyə ithaf", V.Allahverdiyevin "Aşıqsayağı" (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun "Karvan" simfonik lövhəsi səsləndirilib.

Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran fədakar şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçüb. Bütün çıxışlar gurultulu alqışlarla qarşılanıb.

AzVision.az

Qalereya




Teqlər: Musiqi-Festivalı  





Xəbər lenti