Ankara köklü islahatların aparılmasını tələb edir

   Ankara köklü islahatların aparılmasını tələb edir
  24 Sentyabr 2024    Oxunub:841
BMT artan qlobal təhlükələrə qarşı mübarizədə liderlik nümayiş etdirə bilmir.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən “Gələcəyin Sammiti” tədbirində çıxışı zamanı beynəlxalq münasibətlər sistemində köklü islahatların zəruri olduğunu diqqətə çatdırıb.

“Qlobal problemləri hərtərəfli şəkildə həll etmək üçün effektiv struktura malik olmaq lazımdır. Belə struktur daha əhatəli və çoxtərəfli olmalıdır. BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac var”, - Hakan Fidan deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Dünya beşdən çoxdur” tezisini xatırladaraq, BMT-də qərarvermə mexanizmlərinin daha demokratikləşdirilməsinin, eləcə də qütbləşmənin qarşısının alınması üçün alətlərin hazırlanmasının vacibliyini qeyd edib.
Türkiyə XİN-in rəhbəri “tarixi sınaqdan” keçən beynəlxalq ictimaiyyətin və BMT-nin böhran və münaqişələrin həllinə nail olmaq imkanlarının azaldığını vurğulayıb.

- Qlobal bərabərsizlik və ədalətsizlik artaraq islamofobiya və ksenofobiyanın əsasını qoyur. Beynəlxalq sülh və təhlükəsizlik məhdud sayda ölkələrin “imtiyazlı qrupunun” ixtiyarına buraxıla bilməz”, - Hakan Fidan dünyanın güz mərkəzlərinə irad tutub.

Beynəlxalq maliyyə arxitekturasında da islahatların aparılması zərurətinə toxunan türkiyəli nazir dayanıqlı inkişaf məqsədlərinə yalnız bu yolla nail oluna biləcəyini vurğulayıb. O, tədbir iştirakçılarını əmin edib ki, Ankara bu məqsədlərə nail olmaq üçün bütün platformalarda səylərini əsirgəmiyəcək.

Nazirin sözlərinə görə, Türkiyə yeni texnologiyalara və süni intellektə uyğunlaşmağın müasir yollarını araşdırır. Diplomat sammitdə “Qlobal Rəqəmsal Saziş”in qəbul edilməsindən məmnun qaldığını bildirib. O, həmçinin Türkiyədə yerləşən BMT Texnologiya Bankına beynəlxalq yardımın artırılmasına ümidli olduğunu deyib.

“Bugünkü sammitin uğuru bizim çoxtərəfli sistemi bərpa etmək əzmimizin təsdiqidir. Sammitdə qəbul edilmiş “Gələcək üçün Pakt” digər məsələlərlə yanaşı, dünya düzəninə ümumi baxışın inkişaf etdirilməsi üzrə öhdəlikləri müəyyənləşdirəcək. “Gələcəyin Sammiti” beynəlxalq münasibətlərin çoxtərəfli sisteminə inamın bərpa olunmasına kömək edəcək”, - Hakan Fidan çıxışını nikbin notla bitirib.

Maraqlıdır ki, buna parallel olaraq, Türkiyənin “Vətən” partiyasının sədrinin müavini Hakan Topqurulu Rusiya mediasına verdiyi açıqlamada ölkəsinin BRİCS-ə müraciətinin və onun potensial üzvünə çevrilə biləcəyini inqilabi hadisə kimi qiymətləndirib. Belə ki, bununla NATO üzvü olan Türkiyə “NATO zəncirini qırmasını” rəsmiləşdirəcək. Onun fikrincə, dünyada yeni qütbə çevrilən BRİCS özünün “cazibə gücünü” sürətlə artırmağa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Türkiyə   islahatlar  





Xəbər lenti