TNI: “Müharibən sonra Rusiyanın hərbi strategiyası necə dəyişəcək?”

   TNI: “Müharibən sonra Rusiyanın    hərbi strategiyası    necə dəyişəcək?”
  02 Oktyabr 2024    Oxunub:304
Rusiya nüvə təhdidinin qarşısının alınması siyasətindən və Qərbin ehtiyatlı davranışıdan çıxardığı nəticələrə söykənərək hərbi strategiyasını təkmilləşdirməyə hazırdır. Qərbin reaksiyasının sərhədlərini sınaqdan keçirmiş Kreml, gələcək əməliyyatlarda, çox güman ki, tədrici gərginlikdən və “boz zona” taktikasından istifadə edəcək.
AzVision.az xəbər verir ki, “The National Interest” jurnalında dərc olunan məqalədə Rusiya-Ukrayna münaqişəsinin hərbi əməliyyatların inkişafı və aparılmasında əhəmiyyətli çatışmazlıqlar aşkarladığı bildirilir. Bəzi analitiklər Rusiya ordusunun bu müharibədən ciddi şəkildə zəifləmiş halda çıxacağını və başqa bir kampaniya keçirə bilməyəcəyini iddia edirlər.

Lakin digər analitiklər rus ordusunu adaptasiya oluna bilən və təkcə müharibə zamanı əməliyyat taktikasını dəyişməyə deyil, həm də düşmənin davranışının müşahidələri əsasında gələcək əməliyyatlar üçün strateji variantları müəyyənləşdirməyə qadir qüvvə kimi xarakterizə edirlər.

Onların fikrincə, müharibədən sonra Moskvanın əməliyyat imkanları əsasən Rusiya ordusunun, donanmasının və hərbi hava qüvvələrinin (HHQ) vəziyyətindən asılı olacaq. Lakin onun yeni əməliyyatlar keçirmək qabiliyyəti, çox güman ki, Ukraynadakı münaqişə zamanı əldə etdiyi geniş təcrübə sayəsində xeyli artacaq.


Rusiyanın, həmçinin, bəlkə də Çinin, Hindistanın və başqa dövlətlərin öyrənə biləcəyi strateji dərslərdən biri böyük Qərb dövlətlərinin nüvə təhdinin qarşısının alınması adı altında ərazi işğalına ehtiyatlı reaksiya verməsidir.

Müxtəlif effektiv taktikalar Rusiyanın Ukraynadakı və ya Çinin Tayvanda sərhədlər yaxınlığında apardıqları böyük hərbi əməliyyatların keyfiyyətini heçə endirə bilsə də, ekspansionist hərəkətlərdən qorunmaqda nüvə silahının rolunun əvvəllər düşünüldüyündən daha əhəmiyyətli olduğu sübuta yetib.

“Nüvə münaqişəsi astanasında tarazlaşdırmanın psixologiyası” adlı araşdırmaya əsasən, münaqişədə iştirak edən ölkələrin liderlərinin riskdən çəkinməsi nüvə şantajına reaksiyaların formalaşdırılmasında əsas rol oynayıb. Bundan əlavə, Qərb cəmiyyətlərində demoqrafik göstəricilərin dəyişməsi riskdən çəkinməyə sövq edə bilər.

“Lakin Qərb liderləri həm də geniş ictimaiyyətin tam başa düşə bilmədiyi və hətta qarşı çıxa biləcəyi siyasəti təbliğ etmək üçün siyasi elitaların dəstəyinə güvənə bilərlər. Buna baxmayaraq, Rusiyanın Ukraynaya dəstəklə bağlı Qərbdə ictimai rəyə təsir göstərmək cəhdləri müəyyən uğur qazanıb. Rusiyanın siyasi və yüksək səviyyəli hərbi rəhbərliyi NATO-nun siyasətini və alyans üzvləri ilə Ukrayna arasında qarşılıqlı əlaqələri diqqətlə izləyirdi”, - məqalədə vurğulanır.

Təsadüfi deyil ki, Ukraynada münaqişə başlayandan sonra NATO daxilində birlik anlayışı güclənsə də, alyans öz kiçik üzvlərini cilovlamağa üstünlük verərək, blokun bütövlükdə münaqişəyə cəlb oluna biləcəyi qorxusu ilə onları Rusiya ilə birtərəfli qaydada eskalasiya yaratmaqdan çəkindirib.


Bu baxımdan, həm Rusiya, həm də Şimali Atlantika Alyansı özlərini bir-biri ilə müharibə vəziyyətində hesab etdiklərini sərgiləyəcək bəyanatlardan yayınıblar. NATO hətta Rusiyanın blokun Nizamnaməsinin 5-ci maddəsinin mümkün aktivləşdirilməsinə reaksiyasını yoxlamaq niyyətində deyil. Moskva üçün bu o deməkdir ki, NATO-nun səfərbərliyi və yenidən müharibəyə köklənməsi yalnız yüksək dərəcəli hərbi əməliyyatlar fonunda baş verə bilər.

Ukraynadakı münaqişədən alınan daha bir dərs onu deməyə əsas verir ki, bir çox qırmızı xətləri hərbi əməliyyatların tədricən eskalasiyası və ya bu xətlər ətrafında “boz zona” əməliyyatları vasitəsilə aşmaq olar. Bu yanaşma 2022-ci ilin payızında Ukraynanın Xarkov və Xerson vilayətlərində əks-hücum, habelə və 2024-cü ilin avqustunda Rusiyanın Kursk bölgəsinə hərbi müdaxilə zamanı Ukraynaya dəstəyini tədricən genişləndirən Qərbə və Kiyevin özünün siyasətinə təsir göstərdi.


“Eyni qaydada, Kreml nüvə təhdidlərini də daxil etməklə eskalasiyanın sərhədlərini uğurla aşdı. Moskva Ukraynada gərginliyin müxtəlif mərhələlərində onun limitlərini qiymətləndirərək Qərbin sanksiyalar siyasətini də sınaqdan keçirib. Rusiya, çox güman ki, münaqişənin hansısa məqamında sanksiyaların miqyasının və intensivliyinin yüksələcəyi, lakin Moskvanı ilkin qəzəb doğuran hərəkətləri təkrarladığına görə “cəzalandırmaq” üçün əlavə cəhdlər edilməyəcəyi qənaətinə gəlib”, - nəşrin ekspertləri bildiriblər.

Onların fikrincə, Ukrayna ilə hərbi əməliyyatlar başa çatdıqdan sonra uzunmüddətli qarşıdurmaya hazırlaşarkən Rusiya münaqişə zamanı müəyyənləşdirilmiş oyun qaydalarından istifadə etməyə çalışacaq. Moskva yerlərdə real şəraitin yaradılması ilə uzlaşan potensial döyüşlərin daxil olduğu əməliyyatlar üçün gərginliyi tədricən artırmaq imkanları axtaracaq. Bununla yanaşı, Rusiya həm rəqiblərini, həm də müttəfiqlərini qəfil yaxalaya və təəccübləndirə biləcək manevrləri istisna etməyən danışıqlardan çəkinməyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Qərb   startegiya  





Xəbər lenti