İran Əsəd rejiminə niyə kömək etmədi? - ŞƏRH

   İran Əsəd rejiminə niyə kömək etmədi? -    ŞƏRH
  13 Dekabr 2024    Oxunub:256
ABŞ-nin “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə deyilir ki, İran İsrailin hərbi əməliyyatlarından ehtiyatlandığı üçün Suriyanın keçmiş prezidenti Bəşər Əsədə ölkədəki terrorçuların hücumunun qarşısını almaqda kömək etməyib. Suriya rəsmiləri İranın yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və ona bağlı silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib.
Maraqlıdır, niyə İran Əsəd rejiminə kömək etmədi?

Politoloq Tofiq Abbasov AzVision.az -a bildirib ki, vəziyyət gözlənilməz tərzdə gərginləşəndə Bəşər Əsəd Tehrana yox, Moskvaya üz tutdu:

"Moskvaya gedərək faktiki olaraq Rusiyadan kömək vədini aldı. Amma İran gözləyirdi ki, onlara da müraciət olacaq. Hətta İran bildirmişdi ki, onlar qoşun göndərməyə də hazırdır. Amma bütün bunlar baş vermədi. Digər tərəfdən Bəşər Əsədin ailəsində artıq fikir ayrılıqları var idi. Ən böyük anlaşılmazlıq Əsədin həyat yoldaşı Əsmayla, qardaşı Mahirin arasında idi. Mahir ilk komandirlərdəndir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri ilə birlikdə fəaliyyət göstərirdi. Onlar 2011-2017-ci illər arasında İŞİD-ə qarşı birlikdə mübarizə aparırdılar.

İran rəsmiləri öz açıqlamalarında bildirirlər ki, Bəşər Əsədi əsas hədəfin İdlib olduğu haqqında məlumatlandırıblar. Oranı gücləndirməsini və qoşunları cəmləşdirməsini deyiblər. Ancaq İran tərəfinin dediyinə görə, Bəşər Əsəd lazımi tədbirləri görməyib və müqaviməti dayandırıb".

Politoloq onu da qeyd edib ki, Suriyada uzun müddət sabitlik olmayacaq.

"Vəziyyət son dərəcə gərgindir. Çünki orada hakimiyyətə göz dikənlərin sayı həddən artıq çoxdur. Amerika Birləşmiş Ştatlarının fəallığı artacaq. Digər tərəfdən, Türkiyənin də. İsrail artıq öz qoşunlarını irəli sürür ki, Suriya ərazisindən Livana, Hizbullaha gələn dəstək xətləri, dəhlizləri bağlanılsın.

Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək?
Düşünürəm ki, daha çox Suriyada federativ dövlətin formalaşması ehtimalı güclənəcək. Çünki faktiki olaraq orada xristian, ələvi azlıqları var. Sünnülərin sayı çoxdur. Amma bir həqiqət var. Dəniz bölgəsinə kim tez yiyələnəcəksə, Suriyanın açarı da onda olacaq. İsrailin də özünün iddiaları var. İsrail cənub-şərq tərəfdən öz mövqelərini bərkitməyə çalışacaq. Hələ ki İranın bu proseslərdə iştirakı özünü əks etdirməyəcək. Çünki İran, Hizbullah və Rusiya demək olar ki, zəiflər dəstəsini formalaşdırdı. Bu, məğlub olmuş tərəflərdir. Onlar yeni taktika və strategiya üzərində düşünməli olacaqlar.

Amerika Birləşmiş Ştatlarının da iştirakı bir qədər zəifdir. Çünki orada yanvar ayının 20-ə qədər hakimiyyət transferi baş verəcək. Ancaq bu o demək deyil ki, Suriya problemi həllini tapandan sonra Yaxın Şərqdə hər şey sabitləşəcək. Xeyr, bu, böyük Yaxın Şərq müharibəsinin bir tərkib hissəsidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Suriya   BəşərƏsəd  





Xəbər lenti