Dünyanı dəhşətə gətirən Sednaya həbsxanası

   Dünyanı dəhşətə gətirən Sednaya həbsxanası
  12 Dekabr 2024    Oxunub:301
Son günlər bütün dünyanın gözü Suriyada yerləşən Sednaya həbsxanasındadır. Bəşər Əsədin devrilməsindən sonra uzunmüddətli rejimin qaranlıq tərəfləri ortaya çıxıb. Minlərlə insanın işgəncələrlə həyatını itirdiyi Sednaya həbsxanası ilə bağlı bəzi detallar məlum olub.
Dəməşq ətrafında yerləşən, həftədə iki dəfə edamların həyata keçirildiyi və ətrafında onlarla kütləvi məzarlığın olduğu Sednaya həbsxanası, araşdırmalara görə, cəmi 10 ildə 30-35 min adamın edam edildiyi yer olub.

Ata Əsəddən oğluna miras: İnsan qəssabxanası

Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub.

Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilməsinə baxmayaraq, Sednayada baş verənlərlə bağlı çoxlu məlumatlar naməlum olaraq qalır. Çünki nə qeyri-hökumət təşkilatları, nə də beynəlxalq təşkilatlar həbsxanaya buraxılmayıb. Ziyarət üçün həm hərbi polisdən, həm də hərbi kəşfiyyatdan icazə tələb olunurdu.

Həbsxana şəhərciyində “ağ bina” və “qırmızı bina” adlanan iki təcridxana olduğu deyilir.

Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək?
“Qırmızı bina”da saxlanılanların əksəriyyəti 2011-ci ildən həbsdə olan mülki şəxslər olduğu halda, “ağ bina”da rejimə “sədaqətsizlik” səbəbilə saxlanılan zabit və əsgərlər olub. Adətən Dəməşqin Mezze rayonunda yerləşən hərbi məhkəmələrdən birində ədalətsiz mühakimə olunan məhbuslar bu binalara köçürülüb. "Qırmızı bina"da olan minlərlə insanın mühakimə olunmadan edam edildiyi deyilir.

Keçmiş həbsxana məmurlarının və məhbusların ifadələrinə görə, 2011-ci ildən bu yana qırmızı binada saxlanılanların əksəriyyəti Suriya rejiminə müxalif kimi görünən cəmiyyətin bütün təbəqələrindən olan mülki şəxslərdir.

2011-2015-ci illər arasında aparılan hesabatlara görə, hər həftə, bəzən isə iki həftədən bir təxminən 50 nəfər edam olunurmuş. Edam həyata keçirildikdən sonra qurbanların cəsədləri yük maşınlarına yüklənərək Dəməşqin Tişrin Hərbi Hospitalına aparılırdı.

Sednayadakı keçmiş həbsxana məmurlarının və Tişrin xəstəxanasının həkimlərinin dediyinə görə, tibbi hesabatlarda və ölüm şəhadətnamələrində ölüm səbəbi kimi ya ürək, ya da tənəffüs çatışmazlığı göstərilib. Onların ölümləri xəstəxanada qeydə alındıqdan sonra cəsədlər Tişrindəki morqa, oradan isə kütləvi məzarlıqlara göndərilirmiş.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıq səbəbindən ölüb. 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyi açıqlanıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Suriya   Sednayahəbsxanası  





Xəbər lenti