Baltik kabelini zədələyən gəmi saxlanıldı: Ekipajı ruslardır

Baltik kabelini zədələyən gəmi saxlanıldı:  Ekipajı ruslardır
  31 Yanvar 2025    Oxunub:302
Yanvarın 26-da Baltik dənizində strateji kabelə ziyan vurmaqda şübhəli bilinən Norveçin “Silver Dania” gəmisi saxlanılıb. Gəminin heyəti tamamilə Rusiya vətəndaşlarından ibarətdir. O, Latviyanın tələbi ilə Norveç Sahil Mühafizəsi tərəfindən saxlanılıb.
Bu barədə Norveç krallığı polisinin mətbuat xidməti məlumat yayıb.

"Baltik böhranı" böyüyür: NATO dənizi nəzarətə götürür
"Gəmini Tromso dairəsinin polis idarəsi nəzarətə götürüb və o, Sankt-Peterburq ilə Murmansk arasında işləyirmiş. Gəmi Latviya və İsveç arasında Baltik dənizində fiber optik kabelə ciddi ziyan vurmaqda şübhəli bilinir",- məlumatda qeyd edilib.

O da vurğulanıb ki, texnika polisin ötən gecə keçirdiyi əməliyyat zamanı sahil mühafizə xidmətinin “KV Bison” gəmisinin köməkliyi ilə ələ keçirilib: "Bu gün gəmi artıq Tromsodakı Breyvik limanına çatdırılıb. Hazırda polis axtarışlar, dindirmələr aparır. Hüquq-mühafizə xidməti əməkdaşları sübutlar əldə etmək üçün gəminin göyərtəsində fəaliyyət göstərirlər. Ekipaj və gəmiçilik şirkəti könüllülük əsasında Norveç hakimiyyət orqanları ilə əməkdaşlıq edir".

Qeyd edək ki, son bir neçə ayda Baltik dənizində "kabel böhranı" yaşanır. Yanvarın 12-də Baltik dənizində sualtı kabel zədələnmişdi. SVT telekanalının yaydığı məlumata görə, bu kabel İsveç, Finlandiya, Litva və Almaniyanı birləşdirir.

Keçən ay isə Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2" strateji sualtı kabeli kəsilmişdi. "Estlink 2" təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş "Eagle S" neft tankerini ələ keçirdi. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, "Eagle S" "Estlink 2" xəttini sıradan çıxarmaq üçün öz lövbərini bilərəkdən Baltik dənizinin dibi boyunca onlarla kilometr suyun dibi ilə dartıb aparıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Norveç   Kabel  





Xəbər lenti