İranda “casus ovu” genişlənir

İranda “casus ovu” genişlənir
  14 İyun 2026    Oxunub:227
İranın İnformasiya Nazirliyi genişmiqyaslı xüsusi əməliyyat keçirdiyini elan edib. Əməliyyat zamanı “terrorçu qrup məhv edilib”, "xarici agentin kiberfəaliyyətinə son qoyulub” və iğtişaşlarda iştirak edən 126 nəfər saxlanılıb.
Nazirliyin məlumatına görə, neytrallaşdırılan qruplar Amerika və İsrail xüsusi xidmətlərinin nəzarəti altında fəaliyyət göstərirmiş.

Həmçinin ölkənin qərbində yerləşən İlam vilayətində İsrail kəşfiyyatının göstərişi ilə müdafiə, məhkəmə, bank və telekommunikasiya idarələrinin məlumat bazalarını ələ keçirməyə çalışan bir nəfərin həbs edildiyi bildirilir. Onun qərargahında “Starlink” peyk rabitə terminalları və partlayıc qurğular üçün fitillər aşkar olunub.

Ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri daha 4 nəfəri həbs edib. Onlardan “Kalaşnikov” avtomatları və sursatlar götürülüb. Onlar təxribatlar hazırlamaqda və ölkənin ali hərbi komandirləri barədə məlumat toplamaqda ittiham edilirlər.

Paytaxt Tehranda isə "düşmənin küçə döyüş şəbəkəsinin 126 əsas üzvü” həbs olunub. Onların çoxunun əvvəllər də iğtişaşlarda iştirak etdikləri bildirilir. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 500-dən çox atıcı və soyuq silah, həmçinin böyük miqdarda narkotik maddə və spirtli içkilər götürülüb.

İranın təhlükəsizlik orqanları əməliyyatların davam etdiyini vurğulayıb.


Teqlər: İran  



Xəbər lenti