İŞİD-i kimlər yaradıb? - ARAŞDIRMA

İŞİD-i kimlər yaradıb? - ARAŞDIRMA
  09 Sentyabr 2014    Oxunub:6422
"İraq və Şam İslam Dövləti" (İŞİD) Suriyanın şərqində və şimal-qərbi İraq boyunca geniş torpaq ərazilərini zəbt etmiş radikal islamçı qrupdur.

Milli.Az BBC-yə istinadən bildirir ki, onların qəddar taktikası – dini və etnik azlıqların kütləvi öldürülməsi və oğurlanması, əsgər və jurnalistlərin başlarının kəsilməsi – geniş qorxu və hiddətə səbəb olub və ABŞ hərbiyyəsini müdaxiləyə məcbur edib.

İŞİD nə istəyir?

Qrup İslam qanunlarına və ya Şəriətə əsasən bir siyasi və dini liderin başçılıq edəcəyi “xilafət” yaratmağa çalışır.

Hələlik yalnız İraq və Suriyadakı ərazilərlə kifayətlənsə də, İŞİD söz verib ki, İordaniya və Livanın sərhədlərini “sökəcək” və Fələstini “azad edəcək”. Təşkilat bütün dünyada müsəlmanların dəstəyini qazana bilib və onları öz liderlərinə, daha çox Abu Bakr al-Baghdadi kimi tanınan Ibrahim Awad Ibrahim Ali al-Badri al-Samarrai-yə sədaqət andı içməyə çağırır.

Təşkilatın mənşəyi nədir?

İŞİD öz kökləri ilə 2002-ci ildə Tawhid wa al-Jihad təşkilatını yaratmış mərhum Abu Musab al-Zarqawi-yə gedib çıxır. Bundan bir il sonra İraqa ABŞ-ın rəhbərliyi ilə müdaxilə ediləndə Zarqawi Osama Bin Laden-lə birləşib və əsas qiyamçı qüvvə sayılan İraq əl-Qaedasını yaradıb.

2006-cı ildə Zarqawi-nin ölümündən sonra İraq əl-Qaedası başqa təşkilatları da öz bayrağı altına gətrimək üçün İraqın "İraq və Şam İslam Dövləti" təşkilatını yaratdı. İŞİD Amerika qoşunlarının və təşkilatı qəddarlığına görə rədd edən sünni ərəb tayfalarının “Oyanış Şurası”nın hücumları ilə xeyli zəiflədilmişdi. Lakin 2010-cu ildə liderliyə gələn Baghdadi İŞİD-in döyüş qabiliyyətini bərpa edə bildi. Artıq 2013-cü ildə təşkilat İraqda hər ay onlarca basqın törədə bilirdi. İŞİD həmçinin Suriyada Bashar al-Assad-a qarşı üsyana qoşularaq əl-Nüsra cəbhəsini yaratdı.

2013-cü ilin aprelində Baghdadi elan etdi ki, İraq və Suriyadakı qüvvələrini İraqın və Şamın vahid "İraq və Şam İslam Dövləti" təşkilatında birləşdirir. Əl-Nüsra və əl-Qaeda bu təşəbbüsə qarşı çıxdılar, lakin Baghdadi-yə sadiq döyüşçülər əl-Nüsrədən qopub İŞİD-in Suriyada qala bilməsini təmin etdilər.

2013-cü ilin dekabrında İŞİD yenidən öz diqqətini İraqa yönəltdi və burada şiə hökuməti ilə sünni ərəb icması arasındakı ixtilaflardan faydalandı. Tayfa ərəblərinin dəstəyinə söykənən qrup Fəllucanı ələ keçirdi.

2014-cü ilin iyununda İŞİD şimaldakı Mosul şəhərini zəbt etdi və cənuba – Bağdada doğru irəliləməyə başladı. Həmin ayın axırında ələ keçirdiyi onlarca şəhər və qəsəbədən istifadə edərək İŞİD xilafət yaratdığını və öz adını dəyişərək "İslam xilafəti" etdiyini bildirdi.

İŞİD nə qədər əraziyə nəzarət edir?

"İraq və Şam İslam Dövləti" Mosula keçəndən sonra bəzi sünni ərəblər onlara dəstək göstərib.

Bəzi təxminlərə görə, İraq və Suriyada İŞİD-in nəzarətində 40 min kvadrat kilometr ərazi var. Bu, təxminən Belçikanın ərazisi qədərdir. Bir başqaları İŞİD-in nəzarətində 90 min kvadrat kilometr ərazinin olduğunu bildirirlər.

Hazırda 8 milyon insanın İŞİD-in tam və ya qismən nəzarəti altında yaşadığı təxmin edilir. Nəzarətində olan ərazilərdə İŞİD Şəriətin ən sərt interpretasiyasını həyata keçirir – qadınları hicablanmağa, qeyri-müsəlmanları cizyə ödəməyə məcbur edir. Onlar cəza olaraq şallaqlama və edamlardan istifadə edirlər.

İŞİD-in nə qədər döyüşçüsü var?

ABŞ rəsmiləri inanırlar ki, İŞİD-in 15 min fəal döyüşçüsü var. Lakin avqustun əvvəllərində İraq eksperti Hisham al-Hashimi bu rəqəmin 30 minlə 50 min arasında olduğunu iddia edib. Bu da bildirilir ki, döyüşçülərdən yalnız 30 faizi “ideologiya”ya görə, qalanları isə qorxudan İŞİD-ə qoşulub.

İŞİD döyüşçülərinin əhəmiyyətli qismi nə iraqlı, nə də suriyalıdır. Soufan Qrupunun təxminlərinə görə hazırda təşkilatın sıralarında 81 ölkədən 12 min əcnəbi döyüşçü var. Bunlardan 2500-ü son üç ildə cihadda iştirak üçün gəlmiş qərblilərdir.

İŞİD-in nə kimi silahları var?

İŞİD döyüşçüləri ən müxtəlif yüngül və ağır silahlardan, habelə zirehli maşınlara yüklənmiş pulemyotlardan, raketatanlardan, təyyarələrə qarşı silahlardan və yer-göy raket sistemlərindən istifadə edə bilirlər. Onlar həmçinin İraq və Suriya ordularından xeyli sayda tank və zirehli maşın ələ keçiriblər. İnanılır ki, qrup öz döyüşçüləri üçün hərəki təchizat sisteminə malikdir. Onların malik olduqları silahlar İŞİD-ə avqust ayında İraqın şimalındakı kürd peşmərgə birləşmələrinə üstün gəlib, hamını təəccübləndirmək imkanı verdi.

İŞİD pulu haradan alır?

Bəzi təxminlərə görə "İraq və Şam İslam Dövləti"nin 2 milyard dollarlıq nəqd pulu və mülkiyyətləri var. Bu isə onları dünyanın ən zəngin silahlı qruplaşması edir. Başlanğıcda İŞİD-in maliyyə dəstəyi Körfəzin ərəb ölkələrindəki ayrı-ayrı zəngin fərdlərdən gəlirdi. Bu gün İŞİD geniş mənada özü-özünü maliyyələşdirən qrupdur. Təşkilat nəzarətində olan neft və qaz yataqlarından, habelə vergi, rüsum, qaçaqmalçılıq, qarət və adam oğurluğundan hər ay milyonlarla dollar qazanır. İraqdakı hücum əməliyyatları da onlar üçün mənfəətli olub. Bu hücumlar zamanı İŞİD zəbt etdiyi şəhərlərdə bankları qarət edib.

Onların taktikası niyə bu qədər qəddardır?

İŞİD üzvləri İslamı ekstremist şəkildə təfsir edən cihadçılardır. Onlar yalnız özlərini həqiqi imanlı şəxslər hesab edirlər. Onlar deyirlər ki, qalanları İslamı dağıtmaq barədə düşünürlər və bu inamdan çıxış edərək müsəlman və qeyri-müsəlmanlar üzərinə basqınlara haqq qazandırırlar.

Onlar baş kəsmələrdən, çarmıxa gərmələrdən və kütləvi güllələnmələrdən düşmənlərini qorxutmaq üçün istifadə edirlər. İŞİD üzvləri öz hərəkətlərinə Qurandakı “kafirlərin boyunları vurulmalıdır” kimi ayələrlə haqq qazandırırlar. Lakin müsəlmanlar belə yanaşmanı rədd edirlər. Hətta Suriyadakı hərəkətlərinə görə İŞİD-lə əlaqələrini qırdığını elan edən əl-Qaeda lideri Ayman al-Zavahiri 2005-ci ildə Zarqaviyə xəbərdarlıq edib ki, belə qəddarlıqlar nəticəsində “müsəlmanların qəlbləri və düşüncələri” onlardan küsür.

AzVision.az


Teqlər:





Xəbər lenti