`Leyla Yunusun hara işlədiyini 10 il əvvəl də deyirdim` - MÜSAHIBƏ

`Leyla Yunusun hara işlədiyini 10 il əvvəl də deyirdim` - MÜSAHIBƏ
  13 Oktyabr 2014    Oxunub:4812
Milli Məclisin deputatı, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a müsahibəsində QHT-lərlə bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

- Çingiz bəy, QHT-lər haqqında qanuna sonuncu əlavə və dəyişikliklər təşəbbüsü hansı zərurətdən irəli gəlib? Hesab olunur ki, bu, vətəndaş cəmiyyətinin tam dövlətin nəzarətinə keçməsinə rəvac verəcək, razılaşırsınızmı?


- QHT-lər elə nəzarətdə olmalıdır. Çünki o, hüquqi şəxs, vergi ödəyicisidir və onun fəaliyyətini tam nəzarətsiz buraxmaq, təbii ki, düzgün deyil. Bütün dünyada bu, belədir. Amma təəssüf ki, son illərə qədər Azərbaycanda bu sektora humanist yanaşma var idi. Çox dərinə gedilmirdi, güzəştlər olunurdu ki, hər QHT-də 5-10 nəfər çalışır, ailəsini dolandırır və s. Amma son zaman göründü ki, doğrudan da çox azacıq maliyyə dəstəyi ilə fəaliyyət göstərənlərlə bərabər, elə insanlar var ki, layihələrdən 100, 200, 300 minlərlə pul alıblar, vergi ödəyicisi olduqları halda vergi ödəməyiblər. Bu pullar isə heç də layihələrdə nəzərdə tutulan fəaliyyətə yönəlməyib, tamamilə başqa istiqamətə yönəlib. Odur ki, qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklifi gündəmə gəlib. Bundan əvvəl və indi nəzərdə tutulan QHT-lərlə bağlı qanunlara edilmiş əlavə və dəyişikliklərin yeganə məqsədi bu sahədə şəffaflığın, aşkarlığın təmin olunması, qanunvericiliyin tələblərinin qorunmasıdır.

- Son dəyişikliklər xarici donorların yerli QHT-lərə maliyyə ayırmasını məhdudlaşdıracaq və elə sektordakı narahatlıq da bundandır...

- Tam qadağa deyil. Sadəcə, orda aşkarlığın təmin olunması üçün bu cür layihələrlə bağlı qabaqcadan müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilməsi göstərilir. Kim bu prosedurlardan keçəcəksə, sonra da bunların fəaliyyəti qanunauyğun olacaqsa... Əvvəllər maliyyə nağd şəkildə də verilirdi. Ancaq indi qanunauyğun şəkildə pulun hesablarına köçürülməsi, layihələrin qabaqcadan icra orqanına təqdim olunması, məlumatlandırılması və s. olacaqsa, həmin təşkilatlar normal fəaliyyət göstərəcək.

- Ancaq QHT rəhbərləri bundan narahatdır ki, xarici donorlar Azərbaycan icra hakimiyyəti orqanlarına müraciət edib onlara hesabat verməkdə maraqlı olmayacaqlar. Bu mənada qanunvericiliyə dəyişikliyin mənfi fəsadlara gətirib çıxaracağını zənn edirsinizmi?

- Bəzi xarici təşkilatlar maliyyələşmədən çəkinəcək. Ancaq o təşkilatlar çəkinəcək ki, özlərinin Azərbaycanda fəaliyyəti kifayət qədər şəffaf deyildi və onların hansı dövlətlərin siyasi maraqlarına xidmət etdikləri artıq aşkar olunacaq. Çox gözəl beynəlxalq təşkilatlar var ki, onlar yenə də bu cür prosesləri keçərək ölkəyə dəstək, maarifləndirmə, ekologiyanın təmizlənməsi üçün, bəşəriyyət üçün lazım olan maliyyə dəstəyini verəcəklər. Bu qanunun qəbulundan 3-5 ay sonra görəcəksiniz ki, yenə yüzlərlə təşkilat bu cür prosedurlardan keçməklə normal fəaliyyət göstərir.

- Hesab olunur ki, hakimiyyətyönlü QHT-lər indiyədək olduğu kimi, bundan sonra da sərbəst fəaliyyət göstərməkdə davam edəcəklər və böyük maliyyə qaynaqları, donorlar hesabına onlar üçün geniş imkanlar açılacaq. Siz bununla müxalif və ya “arzuolunmayan” təşkilatların fəaliyyətinin boğulduğu barədə fikirləri bölüşürsünüz?

- Yox. Mən indi bunu deyə bilmərəm. Əgər gələcəkdə bu cür hallar olacaqsa, biz buna qarşı çıxacağıq. Amma qanunlara son dəyişikliklərdən sonra QHT-lərin hamısına eyni münasibət olub. Bu gün həbs olunan bəzi QHT-çilər var ki, onların da bir çoxu hətta yüz minlərlə maliyyə dəstəyi alırdılar və beynəlxalq təşkilatlarda da dövləti suçlayır, tənqid edirdilər, məmurları təhqir edirdilər. Məlum oldu ki, onlar başqaları kimi layihələri reallaşdıraraq yüz minlərlə pul əldə ediblər. Biz indidən gələcəkdə məsələlərin necə olacağını desək, düzgün olmaz.

- Zahid Oruc da parlamentdə bu mövzuya toxundu və hakimiyyətyönlü QHT-lərin maliyyə almasına diqqət çəkdi. Mümkündürmü ki, ölkənin imkanları nəzərə alınaraq xarici qrantlara birdəfəlik qadağa qoyulsun?

- Əvvəla, əlavə və dəyişikliklərdən sonra, təbii ki, maliyyələşmə müəyyən qədər azalacaq. Amma artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev də başda olmaqla bir neçə QHT düşünür ki, növbəti büdcənin müzakirəsi zamanı QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin həcmi də artırılsın ki, bir az kompensasiya olsun. Amma xoş niyyətlə Azərbaycanda hansısa layihələrin reallaşmasını arzulayan xarici təşkilatlar buna nail olacaq. Amma kim ki, çirkin fəaliyyətlə məşğul olmaq istəyir, layihələrdə bir şey göstərib başqa şeylərlə məşğul olmaq istəyir, bunun qarşısı alınacaq. Bu, həm dövlətin marağıdır, həm də milli maraqlardır.

- Çingiz bəy, siz özünüz necə, QHT rəhbəri olaraq xarici donordan layihələr alıbsınızmı?

- 1997-ci ildə 6-7 min dollar dəyərində bir layihəm olub. Bununla da bağlı kitab çap eləmişəm: “Sən öz hüquqlarını bilirsənmi?” Üstündən bir il keçəndən sonra kitabın xeyli maraq doğurması səbəbindən təzədən 4 min yardım hesabına kitabın ikinci hissəsi də çap olundu. Kitabı məhbuslara, aztəminatlı adamlara payladıq ki, hüquqlarını bilsinlər. Yəni artıq 17 ilə yaxındır mən heç bir xarici təşkilatdan qrant layihəsi almıram. O layihələrin içərisində faydalısı da var. Amma elə layihələr də var ki, o layihənin adı ilə fəaliyyəti arasında dərin uçurum var və açıq görünür ki, burada məqsəd başqadır.

- QHT rəhbəri, hüquq müdafiəçisi kimi həbsdəki QHT nümayəndələri - hansı ki, onların bir çoxu ilə zamanında yaxın münasibətləriniz də olub - barədə nə deyə bilərsiniz, onların taleyi necə olacaq?

- Nə qədər ki, istintaq gedir, heç kim, nə Avropa Parlamenti, nə Çingiz Qənizadə, nə siz jurnalistlər deyə bilməzsiniz ki, filankəsi həbsdən azad edin, yaxud o, günahsızdır. Təqsirsizlik prezumpsiyası anlayışı var və heç kimi məhkəmənin hökmü olmasa, cinayətdə suçlu hesab etmək olmaz. Biz görsək ki, bu insanların hərəkətində, sadəcə, vergidən yayınma, mühasibatlıq qaydalarının pozulması var, təbii ki, onların azad olunması üçün çalışmalıyıq. O zaman bir qrup hüquq müdafiəçisi ilə hökumət arasında danışıqların aparılmasına da başlayacağıq. Ancaq vətənə xəyanət kimi ağır ittihamlara məruz qalıb əməlləri sübut olunmuş şəxslər barəsində bunu deyə bilmərəm. Sırf maliyyə, vergi ilə bağlı həbs olunmuş müəyyən QHT-çilər var ki, onların gələcəkdə azad olunmasının tərəfdarıyam və gələcəkdə də bu istiqamətdə hökumətlə danışıqlar aparmağa hazıram.

- Konkret olaraq Leyla Yunusun ermənilərlə işbirliyində olduğuna, vətənə xəyanət etdiyinə əminsinizmi?

- Bu gün bunu heç kim deyə bilməz. Desə də qanunu pozmuş olar. Nə qədər ki, məhkəmə olmayıb və ona verilən ittiham öz təsdiqini tapmayıb, kiminsə qabaqcadan fikir bildirməsi düzgün olmazdı. Bu, həm də istintaqın işinə müdaxilə olardı.

- Leyla Yunusun təcridxanada işgəncəyə məruz qalması barədə də məlumatlar yayıldı. Siz bu barədə nə deyə bilərsiniz?

- İctimai Komitə var və penitensiar sahədə ictimai nəzarəti həyata keçirir. Düzdür, təcridxanalar bura daxil deyil. Amma bir qrup hüquq müdafiəçiləri olaraq biz narahatlığımızı ifadə etdik ki, həbs olunmuş şəxsə bu cür təzyiqlər yolverilməzdir. Amma sonra məlum oldu ki, belə hallar yoxdur. Hətta səs-küy qalxdı ki, Leyla Yunus vəkilləri ilə görüşə gələ bilmədi, vəziyyəti ağır idi. Ancaq sonra açıqlama verdi ki, özümü pis hiss edirdim, ona görə görüşə getmədim. Ona görə də həqiqəti bilmədən bu cür səs-küylərin salınmasının tərəfdarı deyiləm. Heç kim də işgəncəyə məruz qala bilməz, istər Leyla Yunus olsun, istər başqaları. Penitensiar Xidmətin saxlanma yerlərində də bu gün hər hansı fiziki təzyiqdən söhbət gedə bilməz. Biz oralarda da, cəzaçəkmə müəssisələrində də oluruq. Tutan orqan - Prokurorluq, MTN, baxan orqan - Ədliyyə Nazirliyi bir-birindən asılı olmadığına görə, onlar kiməsə təzyiq etməyə maraqlı da deyil, buna yol vermirlər. Son vaxtlar biz ATƏT-in tövsiyəsi ilə “Həbs yerlərində saxlanın şəxslərin hüquq və azadlıqlarının təminatı” adlı qanun da qəbul etdik, məruzəçi də mən oldum. Bu qanunda da göstərilir ki, hər hansı təzyiqlər cinayət məsuliyyəti yaradır. Bu mənada Leyla Yunusa hər hansı təzyiqlərin olması inandırıcı deyil.

- Siz şəxsən gedib vəziyyəti bilmək üçün Leyla Yunusla görüşə bilərsinizmi?

- Yox, ümumiyyətlə, mən Leyla Yunusla 15 ildən çoxdur danışmıram. Çünki onun xarakterini, fəaliyyətini, nəyə və hara xidmət etdiyini də hələ həbs olunmamışdan 5-10 il əvvəl deyirdim. O zaman da deyirdim ki, bu adamın fəaliyyətində hüquq müdafiəçiliyinin hər hansı elementi yoxdur. Bu, sadəcə, özünün maraqlarına xidmət edən hallarda özünü hüquq müdafiəçisi kimi göstərir, qalan hallarda isə öz işi ilə məşğuldur. Bu baxımdan deyə bilərəm ki, bütün həbs olunanların Allah qapısını açsın. Cənab prezident humanistdir, dəfələrlə əfv fərmanı verib. Əgər bu adamlara verilən ittihamlar məhkəmədə sübut olunsa da, zaman gələcək, yenə cənab prezident onları əfv edəcək.

- Həbsdəki hüquq müdafiəçilərinə beynəlxalq mükafatların verilməsinə Bakının sərt münasibətinin şahidi olmaqdayıq. Siz gərginləşən münasibətlərin yoluna qoyulması üçün çıxış yolunu nədə görürsünüz?

- Məncə, bütün problemli məsələlərin həlli öz ölkəmizdə olmalıdır. Daim bunun tərəfdarı olmuşam ki, hüquq müdafiəçiləri və rəsmi qurumların təmsilçiləri ilə dəyirmi masa keçirib anlaşma əldə etmək lazımdır. Kimsə hansısa cinayət törədibsə, bunu etiraf edib əfv istəməlidir. NİDA-çıların bir çoxu əfv ərizəsi yazdı, mən bunu alqışlayıram, belə də olmalıdır. Bütün hallarda hansısa beynəlxalq təşkilatların mükafatları bunların işinə kömək edə bilməz. Həmişə deyirik ki, niyə filan məmura qanun tətbiq olunmur, amma özümüzə qanun tətbiq olunanda razı qalmırıq. Ona görə də qanunun aliliyi prinsipi qorunmalıdır. İstintaq başa çatmalıdır. Məhkəmənin hökmündən sonra nəsə demək olar.

- Son aylar vəziyyətlə əlaqədar bəzi QHT rəhbərlərinin də xaricə getdiyi barədə məlumatlar var. Bir çoxunun hesabları bağlanıb. Bu mənada üçüncü sektorla bağlı qeyri-müəyyənlik çoxmu çəkəcək?

- Əvvəla, xaricə qaçan bəzi QHT-çilər var, onlar qorxudan qaçıb. Əgər şəffaf fəaliyyət göstərmisənsə, dövlətin vergisini vermisənsə, hansısa mənimsəmə halların yoxdursa, onda nədən və niyə qaçmısan?! Deməli, bunların fəaliyyətində hansısa qanunazidd hərəkətlər olub.

- Ancaq “qulaqları kəsəndən sonra saymaq”la bağlı məşhur lətifə də var...

- Yox. Özləri bilir ki, fəaliyyətlərində qanunsuzluqlar olur, ona görə kənara çəkiliblər, telefonları söndürüblər. Ölkədə 3-4 yox, yüzlərlə hüquq müdafiəçisi var. Qaçıb gizlənənlərin sayı isə 5-6 nəfər olar. Bəs onda qalanların fəaliyyətini niyə qiymətləndirmirik? QHT-lər var ki, öz fəaliyyətlərini davam etdirirlər.
Bank hesablarının bağlanması istintaqla bağlıdır. Bəziləri çirkin fəaliyyətini həyata keçirtmək üçün mənim, sənin, onun hesabından istifadə ediblər. Tutaq ki, pullar mənim hesabıma daxil olub, sonra bir Fatmanisə pulu götürüb gedib bir layihə reallaşdırıb. Yəni elə-belə heç kimin hesabına həbs qoymurlar. Aidiyyəti olmayan şəxslərin bank hesabına həbs qoyulması mümkün deyil.


Teqlər:  





Xəbər lenti