Azərbaycan dünyada 4-cüdür - pivəyə görə

Azərbaycan dünyada 4-cüdür - pivəyə görə
  21 Noyabr 2014    Oxunub:5940
Azərbaycan pivə içməyə görə müsəlman dünyasında 4-cü yerdədir
Dünyada istehsal olunan pivənin istehlakına görə Çin lider ölkə olsa da pivənin adambaşına içilməsində birincilik avropalı istehlakçılardadır.

Avropa ölkələri arasında isə bu sahədə liderlik güman edilə biləcəyi qədər Almaniyada yox, Çex Respublikasındadır.

Şərqi Avropa və keçmiş SSRİ məkanında əla keyfiyyətli "Pilsener" və "Budwiser" markaları ilə ad çıxarmış bu ölkənin sakinləri statiskaya görə adambaşına ildə 143 litr pivə içirlər. Ölkə miqyasında isə içilən pivənin həcmi 1,5 milyard litr təşkil edir.

Hesabatda deyilir ki, Azərbaycan müsəlman ölkələri arasında pivə istehlakına görə 4-cü yerdə qərarlaşıb.

Bu içkiyə həsr edilmiş "Oktoberfest" kimi xüsusi pivə festival-bayramları keçirən Almaniya Avropada ikincidir.

Bu il keçirilən "Oktoberfest" pivə festivalının 6,3 milyon qonağı 6,4 milyon litr pivə içib.

Almaniyada hər il adambaşına 110 litr pivə içilir.

Dünya ölkələri arasında isə içilən pivənin həcminə görə Çin birinci yerdədir - "yatmış şir" ildə 54 milyard litr pivə istehlak edir.

Lakin Çində adambaşına düşən pivə payı ildə cəmi 4 litr təşkil edir.

Britaniya tünd içkilərə keçir

Böyük Britaniyada ildə 4,3 milyard litr pivə (adambaşına 67 litr) istehlak edilsə də Euromonitor İnternational təşkilatına istinadən mətbuatın verdiyi məlumata əsasən, adada pivə populyarlığını itirməkdə olan içkidir.

Təşkilatın baş təhlilçisi Spiros Malandrakis deyir ki, bunun səbəbi britaniyalıların getdikcə daha tünd alkoqol içkilərinə meyl göstərməsindədir.

Bununla yanaşı əlbəttə, ölkənin dəyişən demoqrafik vəziyyəti də nəzərə alınmalıdır. Britaniyaya ən güclü mühacir axını müsəlman Şərqindəndir.

Digər tərəfdən, pivə populyarlığının ən sürətlə artdığı 10 ölkədən 7-i müsəlman ölkəsidir, həmin 7 müsəlman ölkəsindən biri də Azərbaycandır.

Bu siyahıda Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya kimi ölkələrin də adı var.

Müsəlman ölkələri arasında istehlakın artımına görə Azərbaycan yalnız İndoneziyadan geridə qalır. Lakin bu, o demək deyil ki, İndoneziyada adambaşına pivə Azərbaycandan daha çox içilir.

SABMiller şirkətinin məlumatına görə, Azərbaycanda adambaşına pivə istehlakı ildə 6 litrə çatır, halbuki İndoneziya üçün bu rəqəm 1 litrdir.

Misal üçün, qonşu Gürcüstanda adambaşına 22 litr pivə içilir, Ermənistan barədə məlumat verilməyib.

Müsəlman dünyasında 4-cü

Səudiyyə Ərəbistanında ildə adambaşına 5 litr, Misirdə 2 litr, Türkiyədə 11 litr, İranda 6 litr pivə içilir.

Keçmiş sovet respublikalarından Qazaxıstanda adambaşına ildə 33 litr, Rusiyada 65 litr, Belarusda 53 litr, Ukraynada 63 litr, Özbəkistanda 7 litr pivə içilir.

Beləliklə, SABMillerin statistikasına əsasən Azərbaycan müsəlman ölkələri arasında İranla birlikdə pivə istehlakına görə Qazaxıstan, Türkiyə və Özbəkistandan sonra 4-cü yerdə qərarlaşıb.

Lakin cənab Malandrakis izah edir ki, müsəlman ölkələrindəki istehlakda alkoqolsuz və aşağı alkoqollu pivələr əhəmiyyətli yer tutur.

Adambaşına 10 ən çox pivə istehlak olunan ölkələr (mötərizədə ümumi istehlak):

1. Çex Respublikası: 143 litr (1.5 milyard litr)

2. Almaniya: 110 litr (8.9 mlrd litr)

3. Avstriya: 108 litr (920 mln litr)

4. Estoniya: 104 litr (135 mln litr)

5. Polşa: 100 litr (3.8 mln litr)

6. Irlandiya: 93 litr (430 mln litr)

7. Rumıniya: 90 litr (1.8 mlrd litres)

8. Litva: 89 litr (260 mln litr)

9. Xorvatiya: 82 litr (346 mln litr)

10. Belçika: 81 litr (900 mln litr)

Azərbaycan və qonşuları

Euromonitor İnternational təşkilatının saytında Azərbaycana aid müəyyən məlumat verilir.

Bu məlumatda deyilir ki, ötən 2013-cü il ərzində alkoqollu içkilərin istehlakı artıb və bu istər satışın, istərsə də yerli istehsalın artımı ilə bağlıdır.

Burada içkiləri rəqabət üzündən daha aşağı qiymətlərə satan supermarketlər şəbəkəsinin genişlənməsi də qeyd olunmalıdır.

Azərbaycana aid icmalda deyilir ki, burada spirtli içkilərin statistikasına qərbləşmə, islamlaşma və sağlamlıq maarifləndirməsi kimi faktorlar təsir edir.

Məlumatda qeyd olunur ki, arağın istehlakı saxta məhsullardan ehtiyatlanmaya görə bir qədər azalıb və həmçinin ümumi istehlakda şərabın faizi artıb.

2013-cü il ərzində ölkənin pivə bazarında "Baltika-Baku" MMC aparıcı oyunçu olaraq qalıb.

Yerli şərab və araq növləri spirtli içki bazarında üstünlüyə malikdir. Burada aparıcı rolu Gəncə Şərab Zavodu oynayır.

İdxal olunan spirtli içkilər arasında Türkiyə, Rusiya, Ukrayna və Qərb məhsulları çoxluq təşkil edir.

Azərbaycanda araq, Gürcüstanda şərab, Ermənistanda brendi liderdir.

Ümumdünya Səhiyyə Təşkialtının 2010-cu ilə aid son statistikasına görə, Azərbaycanda istehlak olunan spirtli içkilərin 28,7%-i pivənin, 7,6%-i şərabın, 63,3%-i tünd spirtli içlkilərin payına düşür.

Spirtli içkilərin istehlakına görə Gürcüstan və Ermənistan cədvəldə Azərbaycandan yüksək yer tuturlar.

Lakin Ermənistanda pivənin payına yalnız 9,7 faiz düşür. Şərab istehlakı - 5,3 faiz, tünd spirtli içkilər isə 84,9 faiz təşkil edir.

Gürcüstanda üstünlük şəraba verilir - 49,8%, pivənin payı -17%, tünd alkoqollu içkilərin payı isə 33,2% təşkil edir.

Azərbaycan isə spirtli içkilərin istehlakına görə keçmiş sovet müsəlman respublikaları arasında Tacikistan istisna olunmaqla sonuncu yeri tutur (BBC).


Teqlər:





Xəbər lenti