`Naxçıvan qatığı`, `Gəncə dovğası`... - Saxta brend fırıldağı
Məsələn, "Naxçıvan qatığı", "Gəncə dovğası", "İsmayıllı qaymağı", "Ordubad lavaşı", “Bərdə pendiri” və s.. Bu kimi məhsulları satıcılar ağız dolusu tərifləyərək alıcılara təklif edirlər. Vətəndaşlar bu məhsulları alıb istifadə etsələr də, onların həmin regiona aid olub-olmadığı haqda bəlkə də düşünmürlər. Şəhərdə rayon məhsulu adı ilə satılan bu məhsulların çoxu elə Bakıda hazırlanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, onların təşkilatı bazarın bu seqmentini sağlamlaşdırmaq istəyib, amma mümkün olmayıb. Onun sözlərinə görə, bazarda bu sahədə hərc-mərclik davam edir:
“Bütün dövlət orqanlarına bu sahədə olan problemlərlə bağlı məlumat vermişik. İstisna olunmur ki, digər məhsullarda da bu cür problem yaşanır. Biz bunların hər birini bir-bir araşdırmasaq da belə problemlər olur. Bu sahədə mənfi nəticələr var. Bu ad altında buraxılan malların 50 faizinin həmin yerlərlə heç bir əlaqəsi yoxdu. Saxta ad altında camaatın simpatiyasını qazanmaq məqsədilə bu cür adlar verirlər. Hətta qanuni olaraq oradan gələn mallar varsa da, onunda 50 faizi saxtadır. Onlar burada imitasiya olunur”.
Birlik sədrinin sözlərinə görə, onlar “Uzun ömür İvanovka” adı altında istehsal olunan süd məhsullarının həmin region ilə heç bir əlaqəsinin olmadığını aşkar ediblər:
“Bizdə məlumat var ki, onlar İvanovkadan heç bir süd məhsulu almır. Onlar İvanovka kəndindən heç bir xammal almadan həmin ad altında məhsul buraxırlar. Hazırda İvanovka adlı dükan fəaliyyət göstərir. Burada satılan məhsulların 80 faizinin İvanovka ilə heç bir əlaqəsi yoxdur”.
“Məhsullar vacib deyil ki, rayonlardan gətirilsin”
Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, sadəcə bu məhsullarda reseptura eyni olmalıdır:
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu sahədə araşdırma aparılır. Bu tip məhsulların resepturasının məhz həmin regiona məxsus resepturaya uyğun olması araşdırırlır. Məsələn “Gəncə dovğası”nı fərqləndirən xüsusiyyətlərdən biri onda noxudun və digər məhsulların olmasıdır. Bu məhsulu fərqləndirən cəhətlərin resepturada olması vacibdir. Hər ada uyğun olan məhsul onun yerli resepturasına uyğun olmalıdır. Resepturanın tətbiqi əsas şərtdir. Əsas yer adı deyil, həmin məhsulun hazırlanmasıdı. Bu cür problemlərin qarşısı alınır. Əsas tələbimiz isə regiona məxsus olan reseptin tətbiqidi. Əgər ondan kənara çıxmalar varsa, bunun qarşısı alınacaq”.
Anar Kəlbiyev