Mobil telefon bazarını kimlər `oynadır`? – TƏHLİL

Mobil telefon bazarını kimlər `oynadır`? – TƏHLİL
  06 Fevral 2015    Oxunub:13229
Elə məhsullar var ki, bunların Azərbaycanda istehsalı nəinki yaxın, uzaq gələcəkdə də mümkün deyil. Çünki bu sahədə iri transmilli şirkətlər fəaliyyət göstərir, ya da dünya bazarlarında kəskin rəqabət hökm sürür. Ancaq bu, heç də həmin növ məhsulların idxalının bir və ya bir neçə şirkətin – sahibkarın əlində cəmlənməsinə əsas vermir. Belə növ məhsullardan biri də mobil cihazlardır.

Bu gün ölkənin daxili istehlak bazarında pərakəndəlik və “özbaşınalıq” amilləri mobil telefon aparatlarının satışındadır desək, yanılmarıq. Çünki bu sahədə tələb yüksək olduğundan vəziyyət daha tez və əyani nəzərə çarpır.

Söhbət, heç də keyfiyyətdən getmir. Məsələn, necə olur ki, bir məhsulun qiyməti bir gecənin ərzində 100-200 manat aşağı düşür? Bu və ya digər malın pərakəndə satış qiyməti adətən, hökumətin onun idxal və yaxud satışına dair rüsum və vergilərə hər hansı dəyişiklik etdiyi, dünya bazarlarında qiymətlər kəskin endiyi və yaxud bir kampaniya nəticəsində qalxıb-düşə bilir. Ölkəmizdə mobil telefon aparatlarının satışında isə bu, heç vaxt müşahidə edilmir və qiymətlər heç bir əsas olmadan yüksəlir, enir.

Məsələn, ABŞ-ın Apple şirkətinə məxsus iPhone-nin hər yeni markalı smartfonu satışa çıxarılan zaman qiymətlər heç bir məntiqə sığmır. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, keçən ilin sentyabr ayında iPhone 6 və iPhone 6 Plus Bakıda ilk dəfə satışa çıxarılan gün az qala 2 min manat civarında idi. Cəmi bir gün sonra 800 manatdan çox düşdü. Yaxud da götürək, sonuncu faktı... Ötən ayın – yanvarın sonunda qiyməti 700 manat olan 16 Gb yaddaşlı iPhone 6 bir günün içində birdən-birə 100 manat düşdü. Buna səbəb nə idi?

Etiraf edək ki, hökumət son vaxtlar bu sahəyə diqqəti artırıb. Belə ki, müxtəlif nəzarət mexanimzlərinin tədbiqi, keyfiyyətin yoxlanılması və sair belə deməyə əsas verir. Lakin bazarın düzgün tənzimlənməsi sahəsində ardıcıl siyasət yoxdur.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev qeyd edib ki, fiziki şəxslər və şirkətlərin Azərbaycana idxal etdikləri mobil telefonlar qeydiyyatdan keçməlidir. Əlbəttə bu, vacibdir. İlk növbədə keyfiyyətli və qanunsuz cihazlardan qorunmaq baxımından əhəmiyyətlidir. İş ondadır ki, hökumət bu istiqamətdə çoxdan addım atıb. Belə ki, ölkəmizdə 1 may 2013-cü il tarixdən Mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyət göstərir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində yaradılan bu sistem Nazirlər Kabinetinin (NK) 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.

RYTN-nın keçən ilin oktyabrın sonuna yaydığı məlumatda deyilir ki, ötən dövr ərzində müxtəlif tipli mobil cihazların İMEİ nömrələri mərkəzi baza sisteminə daxil edilməsi nəticəsində standarta uyğun olmayan 120 minə yaxın mobil cihaz şəbəkə istismarından çıxarılıb. Aparılan araşdırmalara əsasən, şəxsi istifadə məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması üçün edilən müraciətlərin gündəlik sayının artdığı və bununla əlaqədar olaraq da qeydiyyat üçün ərizələrin qəbul olunması üçün əlavə işçilərin cəlb edilməsi nəzərə çarpıb.

Odur ki, əvvəl bu iş pulsuz təşkil olunsa da, sözügedən məsələ ilə bağlı bir çox ölkələrin, Türkiyənin də təcrübəsi öyrənilərək NK-nin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndinı əsasən, 1 noyabr 2014-cü il tarixdən xidmətin təşkili ilə əlaqədar xərclərin qarşılanması üçün şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli təşkil edilməyə başlanıb.

Belə ki, şəxsi istifadə məqsədiylə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı ücün 5, şatış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında mobil cihazların İMEİ nömrəsinin qeydiyyatı ücün isə 20 qəpik vəsait tələb olunur.

DGK sədri qeyd edib ki, mobil telefonların fiziki şəxslər və şirkətlər tərəfindən elektron və poçt vasitəsilə ölkəyə daxil olması nəticəsində qeydiyyat aparmaq mümkün deyil.

Sual yaranır: bəs, həmin cihazlar qeydiyyata salınmadığı halda ölkə daxilində necə işləyir? Məgər, bunu ticarətə qadağa tədbiq etmədən texniki baxımdan həll etmək mümkün deyilmi?

Yeri gəlmişkən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov son zamanlar elektron ticarətin müsbət tərəflərindən istifadə edən bəzi işbazların qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarının üzə çıxdığını nəzərə çatdırıb. Hansı ki, əslində, bu özü də bazarda sağlam rəqabətin olmaması ucbatından yaranır. DGK sədri A. Əliyev qeyd edib ki, dünyada internet ticarətdə vergilərin toplanması problemə çevrilib. “Bu problemlərlə əvvəllər biz başqa şəkildə qarşılaşdırdıq. Məsələn, bir işbaz ucuz mallar alaraq onu qatarda camaata paylayırdı. Guya hərəsi öz tələbatı üçün gətirib. Sərhədi keçən kimi onları yığıb, bunu sertifikatsız bazara çıxarırdı" – deyə, sədr əlavə edib.

Ancaq iş ondadır ki, elektron yolla ölkəyə təkcə mobil telefonlar gətirilmir. Təbii ki, bu sahədə alqı-satqıya nəzarət olunmalı və ticarət vergiyə cəlb edilməlidir. Amma nazir Ə.Abbasov demişkən, əhali yeni texnologiyaların imkanlarından bəhrələnməlidir və çatışmayan cəhət varsa, xidmət dayandırılmamalıdır.

Yeri gəlmişkən, mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 4452,6 min dollar dəyərində 77836 mobil telefon, həmçinin simsiz şəbəkələrdə (planşet kompüterləri, radiotelefonlar və s.) işləyən digər qurğular idxal edildiyi deyilir ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə mobil telefonların sayı üzrə 16 (2013-cü ilin eyni dövründə 92 646 ədəd olub), dəyər ifadəsində isə 12 faiz az deməkdir.

Ümumiyyətlə, orta hesabla ölkəyə hər ay 8 minə yaxın mobil telefon gətirilir. Mobil telefon bazarının orta aylıq həcmi 450 min ABŞ dolları dəyərindədir. Bu da kifayət qədər böyük vəsait deməkdir. Bu sahədən xeyli vergi əldə etmək mümkündür. Bu, internetlə ticarətdə hər cür qanunsuzluğu aradan götürmək üçün ən gözəl vasitələrdən biridir. Onsuz da 2014-cü il ərzində ölkə ərazisinə idxal olunan malların həcmi 2013-cü il ilə müqayisədə 1,5 milyard dollar azalmış və bunun davam edəcəyi gözlənilir. Mobil telefon bazarı isə çox əlverişli bazardır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti