`Maydan`ın 1 ili: Ukrayna nələr itirdi – XRONİKA

`Maydan`ın 1 ili: Ukrayna nələr itirdi – XRONİKA
  21 Fevral 2015    Oxunub:3129
Bu həftə Ukraynada `Avromaydan`ın ildönümü qeyd edildi. Amma bayramdan daha çox, matəm kimi. Çünki aradan keçən bir il ukraynalılara ancaq faciə, ölüm-itim, kasıbçılıq gətirdi. Hərçənd, ukraynalıların çoxunun bunda günahı yoxdur, çünki hələ o vaxt keçirilən sorğular göstərirdi ki, əhalinin 60 faizə qədəri `Avromaydan`ı dəstəkləmir. İndi isə həttə lənətləyirlər.

`Avromaydan` ilk günlərdən qanlı-qadalı başlamışdı. Ötən ilin fevralında Kiyevdəki mitinqlərdə toqquşmalar və snayper atəşləri nəticəsində 100 adam öldü ki, Ukrayna mediası onlara “cənnət yüzlüyü” adını verib. Bu adamların qanı batdı, çünki həmin snayperlərin kimliyi indiyə qədər də bilinmir. Amma buna baxmayaraq, `Maydan`dan sağ çıxanlar yəqin, “cənnət yüzlüyü”nə həsəd aparırlar, çünki özləri əsl cəhənnəmi gördülər. Həm məcazi, həm də hərfi mənada.

Fevralın 21-də Yanukoviç devrildi, halbuki, prezident seçkilərinə cəmi 1 il qalırdı. Bunun ardınca martda Luqanskda və Odessada mitinqlər başladı, daha sonra Donetsk və Xarkova da yayıldı. Martın 16-da isə Krım və Sevastopolda referendum keçirilərək, təxminən 96 faiz səslə Rusiyaya birləşmək haqda qərar qəbul edildi. Beləliklə, Ukrayna çox müşkül bir ərazi problemilə üzləşdi. Onun nə zəmansa həllini tapıb-tapmayacı haqda heç nə demək mümkün deyil.

Bundan sonra Rusiya qarşı sanksiyalar başladı, neftin qiyməti düşdü, rubl ucuzlaşdı... Amma indi – 1 il sonra demək mümkündür ki, bu addımlar gözlənilən effekti verməyib, əksinə, Putinin ölkə daxilindəki reytinqi daha da artıb.

Aprelin 7-də Donetskdə Xalq Respublikasının yaradıldığı elan olundu. Təxminən bir həftə sonra Ukraynanın şərqində `antiterror` adı verilən əməliyyat başlayır ki, o da bu günə qədər davam edən üzücü və qanlı vətəndaş müharibəsinə çevrilir.

Mayın 2-də Odessada baş verən toqquşmalar zamanı 48 nəfər ölür, 247 nəfər yaralanır.

Mayın 11-də Luqanskda müstəqillik haqqında referendum keçirilir və təxminən 90 faiz Ukraynadan ayrılmağa səs verir. Bir gün sonra Donetsk və Luqans Xalq Respublikalarının yaradıldığı elan olunur. Daha sonra bu iki separatçı subyekt `Novorossiya` adı altında birləşirlər.

Mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkisində 54.7 faiz səslə oliqarx, `şokolad kralı` Pyotr Poroşenko qalib gəlir. Seçkilərin gedişindən məmnunluğunu bildirən ABŞ prezidenti Barak Obama bəyan edir ki, səsvermənin yaratdığı sabitlik hissi Ukraynaya müsbət nəticələr gətirəcək. Amma hər şey tam əksinə olur. Yay aylarında Ukraynaın şərqində vətəndaş müharibəsi getdikcə qızışır, hərbi əməliyyatlara ağır texnika, aviasiya cəlb olunur, raket zərbələri endirilir. Hər gün onlarla adamın ölməsi haqda xəbərlər gəlir, informasiya lentləri daha çox müharibə xronikasını xatırladır. Atəşkəsə bir neçə dəfə cəhd edilsə də, nəticə olmur.

İyulun 11-də Pyotr Poroşenko belə bir dəhşətli bəyanat səsləndirir: `Bizim hər bir hərbçimizin ölümmünə görə döyüşçülər onlarla, yüzlərlə ölümlə cavab verəcəklər!” Halbuki, hər iki tərəfdə ölən elə Ukrayna vətəndaşları idilər. Ölkənin şərqində əsl humanitar faciə yaşanır, savaşda əsir düşənlərin tükürpədici videoları yayımlanır.

Avqustun sonlarında NATO Ukraynanın Şərqində 1000-ə yaxın rus əsgərinin döyüşdüyünü bildirsə də, Moskva qəti şəkildə bunu təkzib edir. Sentyabrda tərəflər Belorusiyanın paytaxtında sülhə nail olmaq üçün danışıqlara başlasalar da, o Minsk prosesi Qarabağ çözümünü axtaran bu Minsk prosesindən o qədər də fərqlənmir.

Oktyabrın 26-da Ali Radaya növbədənkənar seçki keçirilir. Birinci yerə 22.14 faiz səslə Arseni Yatsenyukun `Xalq Cəbhəsi`, ikinci yerə isə 21.18 faiz səslə Pyotr Poroşenkonun bloku çıxır. Beləcə, koalisiya hökuməti yaradılır. Arada olan cəmi bir faiz səs fərqi prezidentin əl-qolunu bağlayır və onu Qərbdən daha çox asılı vəziyyətə salır.

Yanvar ayından `Normand dördlüyü` adlanan formatda Rusiya, Ukrayna, Fransa və Almaniya münaqişənin həllini axtarırlar. Amma hələ ki heç bir variant effekt vermir. Son razılaşmaya görə, fevralın 15-dən atəşkəs başlamalı olsa da, müharibə davam edir. Davam etdikcə isə dünənə qədər eyni dövlətin vətəndaş olanların bir-birinə qarşı kini, nifrəti də çoxalır.

Bir ildə Ukraynanın şərqində həlak olanların sayı, rəsmi məlumatlara görə, 7 minə yaxındır. Amma Almaniya kəşfiyyatı reallıqda bu rəqəmin 50 mindən yuxarı olduğunu deyir. Vahid Ukrayna dövlətindən danışmaq mümkün deyil. Vahid olmayan Ukrayna dövlətinin isə suverenliyi yoxdur. Bir il əvvəl başlayan `Maydan` hərakatının Ukrayna xalqına gətirdiyi bu oldu.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti