`Adını demirəm, indi axunddur...` - Aqşin Yenisey

`Adını demirəm, indi axunddur...` - Aqşin Yenisey
  03 Mart 2015    Oxunub:22136
Aqşin Yenisey

“Mən ədəbiyyata necə gəldim” - I gəliş

Azərbaycanda sənətə gəlmək tragikomik məsələdir. Necə ki, çoxumuz kiminsə əlində təsadüfən açılan güllə xətası kimi həyata gəlirik. Sənətdə varoluşumuzu da həyatda olduğu kimi təbii qanunauyğunluqlar yox, mücərrəd qanunauyğunsuzluqlar səhmanlayır.


Yaradıcılığımız fitri qanun pozuntusudur. Qanunauyğunluqlar bizdə irsi xəstəliklər, ən azı, qarınağrısı, çiban, itdirsəyi kimi qəfil fəsadlar törədir. İntibahımız iltihabla nəticələnir. Ona görə də biz qanunauyğunsuzluqlarla qanunauyğunluqların yaratdığı xəstəlikləri müalicə edirik. Məsələn, rüşvətlə maaşın depressiyasından çıxırıq, küçə meyxanası ilə ali mədəniyyətdən öz qisasımızı alırıq, zurna ilə Vyana operasını fitə basırıq və s.

Mənim bu qənaətə gəlməyim ədəbiyyata gəlməyimlə eyni günə təsadüf edir. Ədəbiyyata gəlməyim, daha doğrusu, gətirilməyim isə tamam alayı bir təsadüfün nəticəsi oldu.

Tələbə vaxtı yataqxanadakı otağımızda radio boyda bir televizorumuz var idi. Otaq yoldaşım həmişə o “ütü qutusunda” çuğundur sifətli şair və yazıçıların çıxışlarına baxır, hərdənbir səhər tezdən ayaqqabılarını var gücü ilə mazlayıb, harasa çıxıb gedirdi (Adını ona görə çəkmirəm ki, sonralar o, “çerez” ilham pərisi birbaşa yaradanın özüylə mövhumi ratsiyaya girib şairlikdən əl çəkdi, indi rayonların birində axundluq edir).

Günlərin birində mənim bu otaq tempraturunda cücərən şair yoldaşımı da “ütü qutusunda” vətən haqqında yazdığı şeiri oxuyan yerdə göstərdilər. İndiki kimi yadımdadır, onun vəsf etdiyi vətəndə insandan başqa hər şey var idi. Onun şerindəki vətəndə mezozoy erası təzə-təzə girirdi, sonuncu buzlaşma dövrünün izi-buzu hələ yox idi. O, öz poetik təxəyyülünü kəl kimi əruzun ən ağır bəhrinə qoşaraq, insansız vətəni tərənnüm edirdi, rədiflər xışdan xaşa, xaşdan qışa keçirdi.

Dünya bu şeirdə nəhənglər dövrünü yaşayırdı. Bu vətəndə hətta zaman da öz ölçülərini üstələmişdi, saatlar illərə, illər əsrlərə bərabər idi. Onun şeirdəki vətəninin ucu-bucağı o qədər nəhəng idi ki, bəzi ucqar əraziləri fil qulağı kimi yer kürəsinin ətrafında şapalaqlayırdı. Nəhəng varlıqlar ölməz idi bu vətəndə. Səslər yalnız nərilti kimi eşidilirdi. Erkək dağlar nəhəng pəhləvanlar kimi güllü-çiçəkli dişi düzənlərin uğrunda güləşirdi. Nəhəng ağaclar dəli fırtınaları başlarının üzərində fırlayıb yerə çırpırdılar.

Şerin dördüncü bəndinə qədər şairin vətəni, təxminən, bu gündə idi. Beşinci bəndin birinci misrasında isə ilk insan ayağının izinə rast gəlinsə də, şair ikinci misrada tezbazar onun üstünə xəzan yelləri ilə beş-altı yarpaq örtüb, izi itirmişdi. Sanki, onun vətəninin insanı görməyə gözü yox idi. Onun poetik vətəninə insan lazım deyildi.

Lakin altıncı bəndin üçüncü misrasında vətənin harasındansa qəfildən insan çığırtısı eşidilir və qəfildən kəsilirdi – öz qulaqlarımla eşitmişdim. Yeddinci bəndin ilk misrasında isə birdən insan cəsədi peyda olurdu. Cəsədin baş tərəfində üstündə kəllə və iki çarpaz sümük şəkli olan taxtaya bərkidilmiş lövhədə şair öz xətti ilə yazmşdı: “kənar şəxslərə qadağandır”. Şair şerindəki ilk insanı qətlə yetirmişdi.

Səkkizi bənddən başlayaraq, şair insanı “vətən xaini” adlandırır, öz vətənini başqa insanlardan qoruyacağına and içirdi.

Sonrakı əlli iki bənd vətənin insanla mübarizə aparmaq üçün səfərbər olunmasına həsr olunmuşdu. Vətənin hər yerindən qəzəbli nəhənglərin nəriltiləri şairin səsinə səs verirdilər. İri kərkəzlər insanın cəsədini caynaqlarına vurub, bu poetik vətənin göylərində yırtıq bayraq kimi yellədir, görk olsun deyə uzaq gələcəklərə göstərirdilər. Şairin şerindəki vətən qaranlıq uçrumlarının dibində öz düşməninin, insanın gəlişini gözləyirdi.

Oxucuları intizarda saxlamaq üçün şair şeri televizorda bu yerdə bitirdi. Cuğundur sifətli qoca şairlər ona bu yolda uğurlar arzuladılar.

Axşam otağa girir-girməz qoltuğundan bir araq çıxarıb, mişar daşından yonulmuş pilətənin yanındakı kirli çay stəkanlarına süzdü və dedi: “Gördün, ədəbiyyata necə gəldim? Götür, qeyd eləyək”.

Əlüstü qeydiyyatdan sonra soruşdum ki, ədəbiyyata gəlmək üçün hara getmək lazımdır?
Hər şey bu sualdan sonra başladı; odu-budu, on yeddi ildir mən ədəbiyyata gəlmək üçün hər gün harasa gedirəm.

İlk qələm dostumdan öyrəndiyim bu oldu ki, ədəbiyyata gəlmək üçün mütləq vətən haqqında şeirlər yazmalısan, amma insanı unutmaq şərtilə. “İnsan yoxdursa, problem də yoxdur”. İstedad totalitarizmatik fenomendir.

II gəlişin anonsu:

* Ədəbiyyata gəlməyimlə qovulmağımın arasındakı üç dəqiqəlik xəcalət.
* Ədəbiyyata gəlmək haqqında xalq şairi Murad Köhnəqalanın nəsihətləri.
* Hinduşkası özündən əvvəl ədəbiyyata gələn məmur yazıçı ilə dostluğum.




Teqlər:  





Xəbər lenti