Din geosiyasəti: iki səfərin gerçək məqsədi - TƏHLİL

Din geosiyasəti: iki səfərin gerçək məqsədi - TƏHLİL
  08 Aprel 2015    Oxunub:6496
Yəqin ki, `Ərəbistanlı Lourens` adı çoxumuza tanışdır. Əsl adı Tomas Edvard Lourens olan bu ingilis casusu ərəblər arasında özünə o qədər böyük hörmət və güvən qazanmışdı ki, indi də bir çox ərəb dövlətlərində qəhrəman kimi tanınmaqdadır. Məhz bu şəxs ərəblər arasında Osmanlıya qarşı təbliğat aparır və ərəbləri Osmanlıya qarşı mübarizəyə qaldırırdı.

Onun sayəsində ərəblər Osmanlı imperiyasına qarşı savaşdılar və bu səbəbdən, əksər ərəb dövlətləri onu özlərinə dost bilməkdədir. Həmçinin `Ərəbistanlı Lourens` ərəblərin məzhəb fərqliliklərini, siyasi şüur və bir ola bilməmə səbəblərini, daxili parçalanmalarını uzun zaman ərzində dərindən öyrənib. İngilis casusu Böyük Britaniyada savaş qəhrəmanı olaraq tanınmaqdadır.

Belə bir sual yaranır: hansı savaşın qəhrəmanı? Əlbəttə ki, müsəlmanın müsəlmanı qırdığı savaşın böyük qəhrəmanı. Bəli, bu gün İslam dünyasında Lourensin qoyduğu ənənələr Vaşinqton və London tərəfindən çox incəliklə davam etdirilir. Ərəblərdə isə elə həminki beyindir, heç bir şey dəyişməyib. Nə Əfqanıstan, İraq, Suriya, Liviya, nə də Yəməndə məhzəb müharibəsinin tezliklə bitməsi gözlənilir.

Təbii ki, bunun üçün müsəlman dünyasındakı böyük dövlətlərin düşünülmüş diplomatiyası çox önəmlidir. Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan hazırda İslam dünyasında olduqca nüfuzlu dövlətlərdir. Bu müstəvidə Azərbaycanın müsbət rolu danılmazdır.

İslam dünyasında Azərbaycan şiə dövləti kimi tanınmaqdadır. İran ilə Səudiyyə Ərəbistanın kəllə-kəlləyə gəldiyi bu ərəfədə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına getməsi, xüsusən də Kəbədə namaz qılması, həm də sünni dövlətin nümayəndəsilə birgə qılması bir olmağa və məzhəb bölgüsünə uymamağa, eləcə də ABŞ və Qərbin çirkin oyunun fiquru olmamağa yönəlmiş bir çağırışdır. Cənab Prezident bununla sanki deyir ki, baxın, hamımız müsəlmanıq, istər şiə, istər sünni və biz Kəbədə birgə namaz qılırıq, məzhəb fərqliliyimizin olmasına baxmayaraq, yanaşı namaz qılırıq.

Prezidentin həcc ziyarəti zamanı deyil, məhz indiki məqamda Kəbəyə getməsində həm siyasi, həm də dini baxımdan böyük bir məna var. Düşünmək olar ki, şiə Azərbaycan sünni Ərəbistanı İranla yaxınlaşdırmağa, o cümlədən, regionda böyük məzhəb sqarşıdurmasını önləməyə çalışır.

Bu ərəfədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İrana rəsmi səfəri də mahiyyətcə eyni mənanı daşımaqdadır. Türkiyənin İranı Səudiyyə Ərəbistanı ilə toqquşmamağa və məzhəb qarşıdurmasına getməməyə dəvət etdiyi sezilməkdədir. Məsələn, İran və Türkiyə prezidentləri görüş çərçivəsində bölgədəki qana bilrikdə son vermək qərarını, həmçinin Yəmən münaqişəsinin həllində bərabər hərəkət edəcəklərini açıqladılar.

Sünni Türkiyə rəhbərinin şiə İrana, şiə Azərbaycanın başçısının isə sünni Səudiyyə Ərəbistanına getməsi hər iki qardaş dövlətin Qərbin bu din oyununu pozmağa yönəlib. Şübhəsiz, Azərbaycan-Türkiyənin bu diplomatik jesti nizamlayıcı, barışdırıcı rolunu oynamaqla, Yaxın Şərqdə böyük məzhəb qarşıdurmasını azalda və İran-Səudiyyə Ərəbistanı arasında ortaq məxrəc axtarışına dəstək verə bilər.

Fərrux Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti