Erməni cinayətlərini tanıdan elektron nəşr hazırlanıb
Elektron nəşrdə toplanmış materiallarda görünür ki, XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törədib, deportasiyalar və terror həyata keçiriblər. “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayri-ayrı tədqiqatçıların məqalələri əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilib.
Elektron nəşrin “Sənədlər” adlanan fəslində ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanıb. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər “Videoarxiv” fəslində təqdim olunur. “E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.
Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron nəşrin ingilis dilində də versiyası hazırlanır.
Teqlər: