Siyasəti Vəfasız qoyan Quluzadə... - Xatirələr
YAP-çı millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, o da hamı kimi Vəfa Quluzadənin vəfat etməsinə çox pis olub: “Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq. Dəfələrlə maraqlı söhbətlərimiz olmuşdu. Dərin məntiqi, marq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi”.
Deputatın sözlərinə görə, Vəfa Quluzadə çox sadə, intellektual bir insan idi: “Onun dəfələrlə müxtəlif tədbirlərdə təmasımız olub. Çox sadə, intellektual bir insan idi, heç zaman öz fikrini kiməsə zorla qəbul etdirməzdi. Gənclərlə söhbətə maraqlı idi. Allah rəhmət eləsin, o daima yaddaşlarda yaşayacaq”.
Xalq Partiyasının sədri Pənah Hüseyn də mərhum politoloqla bağlı xatirələrini bölüşüb. O, Vəfa Quluzadənin təcrübəli və çox sərişdəli politoloq olduğunu dedi: “Hər halda millətin bir hissəsindən getdi. Bir yerdə də işləmişik. O mənim yaddaşımda çox bilgili, bacarıqlı politoloq, həmişə Azərbaycanın inkişafını istəyən vətəndaş kimi yadında qalıb”.
Vəfa Quluzadə ilə yaxın dostluğu olan politoloq Eldar Namazov bildirib ki, Azərbaycan siyasətinin formalaşmasında onun əvəzsiz xidmətləri olub.
“Vəfa Quluzadənin vəfatı Azərbaycan üçün çox böyük itkidir. Azərbaycan dövləti çox böyük dövlət xadimini, Azərbaycan cəmiyyəti isə öz millətini sevən böyük bir vətəndaşı itirdi. Ən əsası, çox dəyərli dostumuzu itirdik”
Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.
O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.
1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.
1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib.
Allah rəhmət eləsin!
Gültəkin Ələsgər