Kişi olmaq başqa şeydir... – Aytaca rekviyem

Kişi olmaq başqa şeydir... – Aytaca rekviyem
  02 May 2015    Oxunub:22106
Mehman Muradlı

Çox qəribə və təzadlı vaxtda yaşayırıq. 100 il əvvəl dahi Cəfər Cabbarlı qadının dilindən bu sözləri yazıb: "Namus! Ha... ha... Nədir namus? Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə `namussuz` demirdi. Lakin biz, bir lampalıq neft, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: "fahişə, fahişə",-deyə ulaşırlar, halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur?Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə deyirəm: Fahişə!"


Bunu bir azərbaycanlı kişi yazıb. Azərbaycanlı kişinin azərbaycanlı “kişi”yə verdiyi qiymətdir.

Cəfər Cabbarlı Sevilin çadrasını başından çıxaranda ağlına gəlməzdi ki, 100 il sonra Azərbaycan “kişisi” qadına, 17 yaşlı məktəbliyə 8 bıçaq zərbəsi vuracaq... “Ya mənim olmalısan, ya qara torpağın”,- deyə.

Nədir bu mənəm-mənəmlik? Nədir bu cinayətə “kişini” sövq edən? Bir “yox” cavabımıdır?

Qədim türklərin gözəl bir adəti olub. Kişinin qadına 3 dəfə yaxınlaşmaq imkanı varıymış. Hər üçündə “yox” cavabı alardısa, bir daha qadına yaxınlaşa bilməzdi.

Nədir bizim bu minillər əvvəl olmuş adətimizə xəyanətimiz? Bəlkə Tanrımıza xəyanətimizdir bu duruma düşməyimizin səbəbi. Türk Tanrısından imtina edəndən sonra başı çox bəlalar çəkdi. Türk Tanrısından imtina edəndən sonra çox asanlıqla qadını öldürə bildi, onu daş-qalaq elədi, diri-diri torpağa basdırdı.

Təzadlı vaxtdır. Xəstəlikdən vəfat edənə görə yaxalarını cıranlar 17 yaşlı məktəblinin amansız qətlinə biganə qaldılar. Ona görə biganə qaldılar ki, Aytac qrantyeyənlərin mitinqlərində iştirak etməyib.

Türkiyədə Özgəcan cinayətidən sonra Bakıda yubka geyinən oğlanlar peyda oldu. Yubka geyinməyə ehtiyac yoxuydu. Sadəcə, KİŞİ olmaq yetərliydi. Amma...

Budur təzad, budur vicdansızlıq, budur nakişilik.

Övladıyla multfilmə baxmayan valideynlər elə həmin övladıyla baş kəsmə səhnələrinə çox rahatlıqla baxırlar. Oğlan övladı oyuncaq istəyəndə ona silah alan valideynin övladı qadına 8 bıçağı rahatlıqla vura biləcək. O dərəcədə vura biləcək ki, həmin bıçaq qırılacaq.

Məktəblərə girmək olmur. Cəfər Cabbarlı Gülzarı, Sevili, Dilbəri, Dilarəni, Almazı qoydu getdi. Onun yerini Fatimələr, Zəhralar tutdu. Oktayın yerini bin Ladenlər, Bağdadilər tutdu.

Aşura günündə valideyn uşağını məktəbə buraxmırsa, uşaqların hansısa bir tədbirinə mahnı olduğuna görə qoymursa, bu cür qətllər çox olacaq.

Bəlkə qanunvericilikdə dəyişiklik edilsin? Məncə, buna böyük ehtiyac var. Bu cür cinayətlərdə ölüm hokmü bərpa edilməlidir. Bu cür cinayətlərdə ölüm hökmünün bərpası artıq sosial sifarişdir.


Teqlər:





Xəbər lenti