Biz bu kişilərin nəsliyik – TARİXÇƏ

Biz bu kişilərin nəsliyik – TARİXÇƏ
  08 May 2015    Oxunub:15190
İkinci Dünya Müharibəsi illərində SSRİ-nin tərəfində faşist Almaniyasına qarşı vuruşan azərbaycanlılar misilsiz qəhrəmanlıqları ilə fərqləniblər. Onların etdikləri igidliklər adlarına ölümsüzlük qazandırıb, tarixdə yaşadıb.

Son illərdə sanki II Dünya Müharibəsinin qəhrəmanlarına qarşı bir ögeylik var, onları xatırlamamaq bir yana, hətta unutmağa çalışırıq. Halbuki, belə olmalı deyil: bu insanların göstərdikləri başgicəlləndirici şücaət, ağlasığmaz igidlik nəsildən-nəslə yaşadılmalıdır.

Belə qəhərəmanlardan biri Gəray Əsədov olub. O, Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açıb. 1942-ci ildə hərbi xidmətə gedib. Pulemyotçu olub. Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşüb. Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak edib.

Baş serjant G.Əsədovun xidmət etdiyi diviziya 1944-cü ilin yayında Rumın şəhəri Marqat yaxınlığında vuruşurdu. Təyyarələrin, tankların və özüyeriyən artilleriya qurğularının köməyi ilə döyüşə yeni-yeni qüvvələr çıxaran düşmən, dəmiryolu vağzalı binasında pulemyotlar qoyulmuşdu. Oradan sel kimi yağdırılan atəş cəbhənin bu sahəsindəki hücumu dayandıra bilərdi. Bir neçə nəfər avtomatçı vağzala yaxınlaşmaq istəsə də, mümkün olmamışdı. Gəray Əsədov təhlükəyə məhəl qoymadan, yerindən sıçrayaraq, iki əl qumbarasını atəş nöqtəsinə tullayıb. Partlayışdan sonra düşmənin pulmeyotu susub, rota hücüma keçib. Ancaq bu anda pəncərədən başqa bir pulemyot “dilə ” gəlib.
Gecikmək olmazdı…
- Vətən uğrunda! Qvardiyaçılar, irəli!- Gəray var səsi ilə bağıraraq, pulemyotun qabağını bədəni ilə tutub. Bir anın içində bədəni parça-parça olub. Amma şoka düşmüş düşmənin güclü atəş nöqtəsini susduraraq, əməliyyatın uğurlu olmasını təmin edib.

Azərbaycan xalqının qəhərəman oğlu igidcəsinə həlak olub, ancaq onun igidliyi döyüşçülərimizə yeni qüvvə verib. Onlar düşmən qarnizonunu darmadağın ediblər.

Qvardiya serjant Gəray Əsədova Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilib.

Gəray Əsədovun sevdiyi qıza məktubundan

…Əzizim! Sənə belə müraciət etməyimə görə, incimə. Uzun müddət susuduğum üçün də qınama. Biz həmişə yaxşı yoldaş olmuşuq. Sənin işlərin məni həmişə sevindirib, axı sən mənim üçün sadəcə yoldaş yox, dost idin. Bu hiss qəlbimizdə uzun illər yaşayacaq.

İndi isə əziz dost, sənə cəbhə dostlarımdan danışmaq istəyirəm. Cəbhə dostlarım Vasili və İmran tez-tez öz dogma yurdlarından, sevdikləri qızlardan danışırlar. Hərə öz nişanlısını tərifləyir, mən də səni, kəndimizin qızlarını xatırlayaraq, öz sevgilimi tərifləyirəm...

Biz çox ağır, zəhmətli yol keçmişik. Qanlı döyüşlərdə qələbə çalmışıq. Tam təntənəmizə az qalıb. Əgər məndən soruşsalar ki, ağır imtahan illərində bizə kömək edən nə oldu, o zaman fikirləşmədən deyərəm: bizi qələbəyə ruhlandıran məhəbbət - Vətənə, öz xalqımıza bəsldiyimiz güclü və intəhasız məhəbbət olub.

Sənin Gəray Əsədovun


* * *

Tarixə “komandirini qoruyan Sovet İttifaqı Qəhrəmanı” adı ilə düşən Qafur Məmmədov
dünyaya Bakıda 1922-ci ildə göz açıb. 1941-ci ilin avqustunda hərbi xidmətə gedib. Xəzər donnmasının yetişdirməsi olub. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərib.

1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv edib. Həmin döyüşdə öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak olub.

1942-ci ilin ağır günlərində Qafur doğma Azərbaycana göndərdiyi məktubda yazırdı: “Biz bilirik ki, Sevastopolu müdafiə etməklə alman-faşist quldurlarının Qafqaza, doğma günəşli Azərbaycana, Bakı şəhərinə getmək istəyinin yolunu kəsirik. Bununla da biz öz ailələrimizi, analarımızı, atalarımızı, arvad və uşaqlarımızı qaniçən yırtıcı vəhşilərdən qoruyuruq”.

...Döyüşün qızğın vaxtı idi. Faşistlər güclü top atəşlərindən sonra hücuma keçdilər. Sinitsinin rotası həmləni dəf edə bildi. Ancaq almanlar əl çəkmək istəmirdilər. Faşist avtomatçıları ərazinin qayalıq şəraitindən istifadə edib, ehtiyatla irəliləyirdilər. Bu vaxt düşmənin sağ cinahadakı pulemyotu hücuma keçənlərə kömək üçün atəş yağdırmağa başladı. Rota yerə uzanmalı oldu. Düşmən pulemyotunu nəyin bahasına olursa-olsun məhv etmək lazım idi. Amma necə? Faşist pulemyotçusu əlçatmaz qaya üstündən atəş yağdırırdı. Leytenant əmr verməyə macal tapmamış Qafur səngərdən sıçradı və qayanın altındakı dərəyə yuvarlandı. Fürsət taparaq yaxınlıqdakı qayaya dırmandı və iki qumbara tulladı. Qumbaralar partladı və ətrafı sükut bürüdü... Sinitsin vaxtı itirmədən rotanı hücuma qaldırdı.

1942-ci ilin oktyabrı idi. Hitlerçilər inadla zaqafqaziyaya can atırdılar. Bütün cəbhə boyu qanlı döyüşlər gedirdi. Leytenant Zinaoviy Sinitsinin rotasının müdafiə etdiyi sahəyə düşmən bir neçə qat artıq qüvvə ilə hücum edirdi. Rota komandirinin rabitəçisi Qafur Məmmədov da yoldaşları ilə birlikdə mərdliklə vuruşurdu.

Alman avtomatçılarının bir qrupu rotanın komanda məntəqəsinə soxulmağa müvəffəq oldu. Matroslar onları qumbaralarla qarşıladılar. Vuruşun gərgin vaxtında Qafur birdən gördü ki, qayanın arxasında gizlənmiş düşmən avtomatçısı rota komandirini nişan alıb. Qafur dərhal avtomatının tətiyini çəkdi, ancaq gülləsi qurtarmışdı. Hər şey bircə andan asılı idi.

- Yoldaş komandir!,- deyə, Qafur çığırdı və Sinitsinə tərəf cumdu. Sinəsini komandirinin ürəyinə sipər elədi.

Leytinant qəhrəmanı qolları arasına aldı. Qafurun huşu bir anlığa özünə gəldi. Onun son sözü bu oldu: “Ölürəm, yoldaş komandir... Məni yerə qoyun, düşməni təqib edin”.

Onun cəmi iyirmi yaşı vardı. Komandiri həyatı bahasına xilas edərək, özünə ölməzlik qazandı.

Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti