Regionlarda “Yaşıl Məktəb”lər yaradılır

Ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur.
İlkin mərhələdə adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlimlər keçirilmiş, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetlərini hazırlayacaq işçi qruplar formalaşdırılıb.
Yeni mərhələdə isə hər regionun 10 məktəbində ekoloji divar qəzetlərinin hazırlanması, ekoloji aksiyaların və müsabiqələrin keçirilməsi planlaşdırılır. Ekoloji divar qəzetləri məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Məktəblilərin iştirakı ilə keçiriləcək ekoloji aksiyalar vasitəsilə məktəb ətrafında yaşıllaşdırma işləri aparılacaq, iməcliklər təşkil olunacaq.
Layihə çərçivəsində məktəblilər arasında ekoloji rəsm müsabiqələrinin, eyni zamanda onların ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün digər tədbirlərin təşkil olunması da nəzərdə tutulur.
Qeyd edək ki, layihənin sonunda hər regionda “Ən fəal Yaşıl Məktəb” müəyyənləşəcək.
Teqlər: