İslamla yaradılan və dağıdılan dövlətlər

İslamla yaradılan və dağıdılan dövlətlər
  16 May 2015    Oxunub:24883
(1-ci yazı)

Samuel Hantinqtonun “Mədəniyyətlərin toqquşması” əsərində din mövzusuna xüsusi yer ayrılır və dinin həm inkişaf etmiş, həm də inkişafda olan cəmiyyətlərdə təsirinin artacağı qeyd olunur.


“WIN-Gallup International” assosiasiyasının 2012-ci ildə apardığı araşdırmanın nəticələri Hantinqtonun fikirlərini təsdiq edir. Qlobal dindarlıq və ateizm indeksi (Global Index Of Religiosity And Atheism – 2012) adlı araşdırmasının nəticələrinə əsasən dünya əhalisinin 59 faizi özünü dindar, 13 faizi ateist hesab edir. Respondentlərin 23 faizi özünü dindar hesab etməsə də, “ateist” adlandırılmalarını da istəmirlər.

Diqqət çəkən məqam bu cəmiyyətlərdə dinin yayılması səbəblərilə bağlıdır. Bu mənada bir çox fərqliliklər olsa da, mahiyyət etibarilə əsas fərqlilik ondan ibarətdir ki, inkişaf etmiş cəmiyyətlərdə insanların dinə müraciət etmələrin səbəbi həyatın yaranmasına rasional izah tapa bilməmələridir. İnkişaf etməkdə olan cəmiyyətlərdə isə dini mənsubiyyət şəxsi identifikasiya vasitəsidir.

Fərdin identifikasiyası, yaxud özünü tanıması prosesində düşmən axtarışına çıxması təbiidir. Belə bir fikirlə çıxış edən Hantinqton eyni qaydanı cəmiyyətlərə aid edir. Cəmiyyətlər özünü identifikasiya üçün özündən fərqli cəmiyyətləri düşmən seçirlər. Bu qanunauyğunluqdan geosiyasi məqsədlərdə istifadə olunur və milli-dini mənsubiyyət belə hallarda daha çox işə yarıyır.

Məsələn ermənilərin özləri üçün türkləri düşmən seçməsi böyük bir türk coğrafiyasında millət kimi mövcud olmalarını təmin edir. Lakin ermənilərin türk düşmənçiliyi tək bu hədəfləri deyil, daha böyük geosiyasi məqsədlər güdür. Bu yanaşma paralel olaraq Türkiyə və Azərbaycanı düşmənçiliyə sövq edir və dolayı yolla bu cəmiyyətlərdə türklük-millətçilik ideyalarının baş qaldırmasına təkan verir.

Bunun bir izahı var – Böyük qüvvələrin etnik kimlik məsələsini qaldırması ilə ümumi müsəlman birliyinin formalaşmasına imkan verilmir. Yəni erməni millətçiliyi dolayı yolla türk millətçiliyinin güclənməsinə səbəb olur. Yəhudilərin ərəblərlə, ərəblərin farslarla düşmənçiliyinin kökündə qeyd olunan səbəblər dayanır.

Türk milli şüurun inkişafı əslində Osmanlı imperiyasının dağılmasına hesablanmışdı. İmperiyanın dağılmasının səbəbi budur və bütün digər səbəblər ikinci dərəcəlidir.

Maraqlıdır ki, “türk” sözü ilk dəfə Fransada “Turquerie” formasında yaranıb, “türkizm”, “türkçülük”, “turançılıq” ifadələrini ilk dəfə fransalı tarixçi, türkçülüyün banisi Jozef de Guignes işlədib. De Guignesin 1756-58-ci illərdə Parisdə çap olunan “Türklər, monqollar və hunların tarixi” türk millətçiliyi ideyasının yaranmasına start verib.

Türk dilinin qrammatikasına aid “Kitabül ilmül nafi” adlanan ilk əsər isə ingilis alim Artur Lumley Davids tərəfindən yazılıb və Osmanlı sultanı III Səlimə hədiyyə olunub. Türkçülüyün banilərindən biri hesab olunan, Osmanlının tanınmış elm və düvlət xadimi, “Shejerei turki” (Türklərin şəcərəsi) əsərini tərcümə etmiş Ahmet Vefik Paşa isə milliyyətçə yunan olub.
De Guignesin təsiri ilə Çin mənbələrinə istinadən türk tarixini yazan, Osmanlıda Hərbi Məktəblər naziri olmuş Suleyman Paşa sonradan dövlət rəhbərinə qarşı qiyamda iştirak etmiş və hərbi cinayətlərə görə ölüm hökmünə məhkum edilib.

Türkçülüyün inkişafının ikinci mühüm mərhələsi fransız yazar David Leon Cahunun “Asiya tarixinə giriş: Türklər və Monqolların mənşəyi” əsərinin təsirilə başlayıb. “Turan” poemasının müəllifi, Türkçülüyün prinsiplərinin banisi isə zaza millətinə (Türkiyənin şərqində yaşayan, həm kürd, həm də erməni etnosuna qohum olan, əsasən ələvilik məzhəbinə sitayiş edən etnos) mənsub Ziya Göyalp idi.

Osmanlının tərkibində türkçülüyün inkişafına cavab olaraq ərəb millətçiliyi təşəkkür tapmağa başlayır. Bu ideyaların müəllifləri ərəb əsilli xristian elm adamları – İbrahim əl-Yaziqi, Fransis Marraş, Muhəmməd Abduh və digər alimlər öz əsərlərində açıq aydın türk hegemonluğuna son qoyulması kimi çağırışlara yer verirdilər.

Eynilə millətçilik şüurunun formalaşması Rusiya İmperiyası daxilində də baş qaldırdı və XX əsrin əvvəllərində imperiyadan qopmaların səbəbi bununla bağlıdır. Lakin bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirmələri Rusiya imperiyasının parçalanmasını 70 il yubatdı. Rusiyadan qaçan türk millətçiləri – tatar İsmayıl Qaspıralı, həmyerlilərimiz Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu isə Türkiyədə türkçülüyün inkişafına öz töhfələrini verdilər.

Rusiyanın parçalanmaması üçün tətbiq olunan kommunist ideologiyası mövcud olan milli və dini fərqlilikləri aradan qaldıraraq, eyni ölkənin sərhədləri daxilində müxtəlif dəyərlərə mənsub sosial qrupları birləşdirə biləcək yeni sisteminin tətbiqinə başladı. Lakin insanlara dini inanclar əvəzinə təqdim edilən ateizm, əvvəlki etnik mənsubiyyət əvəzinə təqdim olunan “sovet xalqı” anlayışları, bu anlayışların zor gücünə mənimsədilməsi cəhdləri uğurla nəticələnmədi. Sovet dövləti dini cəhaləti aradan qaldırmaq və sekulyarist meyilləri gücləndirmək üçün dünyəvi təhsili kütləviləşdirdi. Lakin bu dəfə intellektual cəmiyyət etnik identifikasiya axtarışına çıxdı və “sovet xalqı-milləti” anlayışı elmi cəhətdən əsaslandırılmadığı üçün mərkəzdənqaçmalar artdı.

Faktik olaraq islamın etnikləşdirilməsi, yaxud milliləşdirilməsi prosesi həyata keçirildi. Rusiya ilə şərti olaraq “islam aləmi” adlandıra biləcəyimiz coğrafi məkan arasında post-sovet respublikalarından ibarət dəhlizin yaranması rusların cənuba irəliləməsinin qarşısını aldı. Dinin milliləşdirilməsi, yaxud türkləşdirilməsi isə islamın Rusiyaya irəliləməsinin kəsdi.

Məsələn, Gülənin təbliğ etdiyi türkləşdirilmiş islamın Qafqaz və Orta Asiyaya yayılması İran və Səudiyyə Ərəbistanının təbliğatının qarşısını aldı. Dinə milli çalar verilməsi başqa etnik mənsubiyyəti olan şəxslərin islama sitayişini önlədi. İslamın Türkiyə, İran və Səudiyyə Ərəbistanı kimi üç əsas mərkəzinin yaranması da məhz dinin etnikləşdirilməsi prosesinin nəticəsidir.

Əslində islam dünyasında dövlət səviyyəsində məzhəbləşmənin, məzhəbin dövlət dini səviyyəsinə qaldırılmasının, islamın milliləşdirilməsinin, vahid islam müstəvisi daxilində fərqli güc mərkəzinin yaradılmasının əsasını Səfəvi dövlətinin banisi Şah İsmayıl qoymuşdu.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” kitabında yazır ki, “Şah I İsmayılın Təbrizə daxil olmasının ilk günlərində, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər təriqəti dövlət dini elan edildi... Əsas dini kitab, yəni təriqətə dair təlimat kimi isə Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-1325) “Qəvaid-i islam” (“İslamın qaydaları”) kitabı qəbul olundu”. Yazar iddia edir ki, “həmin dövrdə ölkədə əhalinin əksəriyyəti sünni idi, şiəlik isə əsasən azərbaycanlılar arasında yayılmışdı. Sonradan Səfəvilər dövlətinin tərkibində farslar kütləvi şəkildə şiəliyə sitayiş etməyə başladılar”.

“Orta əsrlərdə Azərbaycan mədəniyyəti” adlanan monoqrafiyada X.Qasımov Şah İsmayılın bu tarixi qərarını belə izah edir: “Əhalisinin əksəriyyətinin sünni olduğu geniş ərazidə 1501-ci ilin payızında şiəliyin dövlət məzhəbi elan olunması Səfəvi şahlarının qonşu, sünni məzhəbli müsəlman dövlətlərindən (Osmanlı Türkiyəsi, Şeybanilər dövləti) əsaslı şəkildə fərqlənən yeni dövlət yaratmaq niyyətinin təzahürü idi. Şah I İsmayılın keçirdiyi dini islahat onun şəxsi istəyi deyildi, dövrün ideoloji və siyasi çəkişmələrinin, dövlətlərarası hərbi-siyasi ziddiyyətlərin nəticəsi kimi meydana gəlmişdi. Bu islahat Osmanlı Türkiyəsinə və Şeybanilər dövlətinə qarşı hərbi-siyasi müxalifətin dini təzahür forması hesab oluna bilər”.

Qısacası, Osmanlının təsirinə düşməmək üçün eyni etnik və dini bazada fərqli bir xalq yaratmaq təcrübəsi sınaqdan keçirildi: Farslar şiələşdirildi, türklər farslaşdırıldı və s. Müasir İran dövlətinin strateji xətti Şah İsmayılın təməlini qoyduğu prinsiplərə uyğundur. Burada fars dilinin dövlət dili olmasının səbəbi heç də farsların üstün olmasını göstərmək məqsədilə deyil, Osmanlının dilindən fərqlənməsilə bağlıdır.

Nəzərə alınmalıdır ki, həmin dövrdə millət, etnos anlayışları hələ yaranmamışdı, bu anlayışlar XVIII əsrdə ortaya çıxacaqdı. Fars sadəcə, bir əyalət adı idi, bu əyalətdə dari dili daha çox istifadə olunduğu üçün tədricən “fars dili” adlanmışdı.

Sınaq demək olar ki, uğurla başa çatmış, fərqli məzhəb və dili olan dövlət ortaya çıxmışdı. Lakin İran dövlətində fərqli dil daşıyıcılarının olması fərqli etnos anlayışını ortaya çıxarır və bu da dövlətin monolitliyinə zərbədir. Etnik məsələlərin qabarması, milli mənsubiyyət probleminin cəmiyyətin fərdlərinin özünü identifikasiyası prosesesinə cəlb edilməsi dövlətlər üçün dağıdıcı təsir göstərir. Dövlət cəmiyyətin bütövlüyünü saxlamaq üçün fərdlərin hər birini birləşdirəcək dəyərləri özündə ehtiva edən ideologiya yaratmaq məcburiyyətində qalır. Bu cəhətdən İran İslam Respublikası da istisna deyil.

(Ardı var...)

Tofiq Əsgərov
Azvision.az üçün


Teqlər:  





Xəbər lenti