“1001 gecə”dəki qətl işində nöqtə qoyuldu

“1001 gecə”dəki qətl işində nöqtə qoyuldu
  02 İyun 2015    Oxunub:3745
Bakı Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Rəşad Mirələmovun CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.10 (təkrar qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 182 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, 2012-ci il iyulun 17-də Səbail rayonu, Salyan şosesi 32 ünvanında fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Rəşad Mirələmov odlu silahdan açdığı atəşlərlə Bakı ş. sakinləri Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimovu isə yaralayıb.

İttiham aktına əsasən, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum olunub. Azadlığa çıxandan sonra, 6 oktyabr 2011-ci il tarixdə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borc verdiyi 3700 manat puldan imtina etməsini tələb edib.

“Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirələmov orada masa arxasında əyləşən Zamin Bağırovu obyektin arxasına çağırıb. Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Bağırova zərbələr vuran Mirələmov ondan Taleh Həsənova verdiyi puldan imtina etməsinə nail oub.

2012-ci ilin iyul ayında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdovsi Bağırovu döyüblər. Ondan Taleh Həsənova, Valeh Əliyevə və qeyrilərinə mövcud olmayan borcu - 19 min dolları alıblar. Bununla bağlı Firdovsi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə saat 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “1001 gecə” istirahət mərkəzinə gediblər. Çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında Rəşad Mirələmovla mübahisə etməyə başlayıblar.

Ramal Rəşadın özbaşınalıqla məşğul olduğunu və Firdovsidən nahaq pul aldığını bildirib. Bayramov Mirələmova yumruq və təpiklə zərbələr vurub. Buna baxmayaraq Rəşad Firdovsiyə qarşı olan tələbindən əl çəkmədiyini bildirib və “Makarov” markalı tapançanı cibindən çıxarıb Ramal Bayramova və Səməd Mənsimova atəş açıb. Digər şəxslər isə hadisə yerindən qaçıblar. Yaralılar Kliniki tibbi mərkəzə çatdırılsalar da, Bayramovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinin müayinəsi zamanı ekspertlərin iştirakı ilə üç ədəd giliz, iki patron, bıçaq, qan ləkələri, həmçinin istirahət mərkəzinin yanında tapança aşkar edilib.

Səhərisi gün Mirələmov Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, cinayət işi istintaqın davam etdirilməsi üçün Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verilib.

İstintaqın gedişatında Ramal Bayramovun qaydasız döyüşlə məşğul olması məlum olub, bu hadisədən əvvəl, 2012-ci il martın 16-da R.Behmudov, 58 ünvanında ona naməlum şəxs atəş açıb və yaralayıb. O, xəstəxanaya çatdırılmaqla həyatı xilas edilib, fakt üzrə Nəsimi rayon prokurorluğunda CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlansa da, təqsirləndirilən şəxs ya şəxslər müəyyən olunmayıb.

Qeyd edək ki, 2013-cü il yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firdovsi Bağırov, Elnur Qasımov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzov CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) və 317-2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, gəzdirilməsi və ya istifadəsi) maddələri ilə təqsirli bilinərək 3 ildən 6 ilə qədər azadlıqdan məhrum olunublar.

2014-cü il sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.



Teqlər:





Xəbər lenti