“Şərqin Avropa cazibəsi” tarixi hadisəyə hazırdır

“Şərqin Avropa cazibəsi” tarixi hadisəyə hazırdır
  03 İyun 2015    Oxunub:1976
Qlobal xəbər televiziyalarında Azərbaycanın turizm imkanları barədə göstərilən reklam çarxlarının birində Azərbaycan məhz “Şərqin Avropa cazibəsi” (European charm of the orient) kimi adlandırılır. Bu, əslində ölkənin həm çoğrafi, həm inkişaf istiqaməti və mövcud durumu əks etdirən qısa və lakonik, ən əsası isə, düzgün ifadədir.

Qarşıdan I Avropa Oyunları gəlir. Cəmi iki il yarım ərzində hazırlıq işlərini yüksək səviyyədə başa vuran Azərbaycan təşkilatçı kimi bütün öhdəliklərini layiqincə yerinə yetirib. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. I Avropa Oyunları Azərbaycanı bir daha dünyaya tanıdacaq, ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

Amma görünür ki, Azərbaycanın inkişafını heç də hamı azulamır. Nəinki Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilər, eləcə də,
ABŞ və Avropada erməni lobbisinin, təəssübkeşlərinin, Azərbaycanın inkişafını qəbul etmək istəməyən qüvvələr "Eurovision" mahnı müsabiqəsi öncəsi olduğu kimi eyni ssenari üzrə antiazərbaycan fəaliyyəti həyata keçirirlər. Bu şəbəkə mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək Azərbaycana qarşı neqativ münasibətini açıq şəkildə ortaya qoyub. Anti-Azərbaycan kampaniyası əsasən social şəbəkələrədə, bəzi beynəlxalq QHT-lərin bəyənatlarında, eləcə də ABŞ və Avropa mətbuatında, informasiya portallarında və digər plarformalarda özünü açıq biruzə verir.

Təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev öz çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar.

Anti-Azərbaycan kampaniyasına missal olaraq cari ilin yanvar ayında Vaşinqtonda, may ayında isə Avropa Parlamentində keçirilən dinləmərlərdə Azərbaycanın neqativ şəkildə təqdim olunmasına cəhdlər olunub.

Lakin bütün bu dinləmələrdə səsləndirilən ittihamlar cəfəngiyyatdır və heç bir həqiqəti əks etdirmir. Məsələn, deyirlər ki, Azərbaycana xarici jurnalistlərin gəlişi qadağan edilib. Amma məlumdur ki, Azərbaycan Avropa Oyunlarını işıqlandırmaq üçün 1500-dən artıq jurnalisti qəbul etməyə hazırlaşır və hətta bütün xarici qonaqlar üçün viza prosedurları da sadələşdırılıb. Rahat, sürətli və keyfiyyətli electron visa sistemi tətbiq olunur. Bunun üçün sadəcə XİN rəsmi saytına baxmaq kifayətdir.

Ümumiyyətlə, hesab edirik ki, hər hansı kütləvi idman tədbirlərinin siyasi məqsədlər, ölkələrə təsir mexanizmi və mənfi ictimai rəyin formalaşdırılması üçün istifadə olunması qəbuledilməzdir. İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası nəticə etibarilə, Olimpiya Xartiyasında və BMT Baş Assambleyasının qətnamələrində təsbit olunduğu kimi, bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa, qarşılıqlı anlaşmaya, mədəniyyətlər və dinlərarası dialoqa və ayrı-seçkiliyin aradan qaldırılmasına öz əsaslı töhfəsini verir.

Bakı Avropa Oyunları ümumbəşəri xoş məramlara xidmət etdiyi halda, biz özünü "insan hüquqlarının müdafiəçisi” adlandıran bəzi təşkilatların Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük.

Lakin bütün əsasız ittihamlara cavab olaraq, əminik ki, Avropa oyunları yüksək səviyyədə təşkil ediləcək və hamı Azərbaycan həm də tolerant, qonaqpərəvər, bəşəri dəyərlərə sadiq, multikultural dəyərlərin qorunduğu nümunəvi “Şərqin Avropa cazibəsi” (European charm of the Orient) adına layiq bir ölkənin olduğuna şahid olacaqlar.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu


Teqlər:  





Xəbər lenti