Qonaqlar üçün 10 qayda: Bunları bilin və çaşmayın

  11 İyun 2015    Oxunub : 20245
Qonaqlar üçün 10 qayda: Bunları bilin və çaşmayın
Vüsal Məmmədov

Olimpiada qabağı Bakı və İlk Avropa oyunları ilə bağlı elə bir informasiya tozanağı qoparılıb ki, yəqin, Bakıya gələn turistlər bəzi məsələlərdə çaş-baş qalacaqlar. Onların gördükləri ölkə ilə təsəvvür etdikləri ölkə arasında xeyli fərq ortaya çıxacaq.


Qonaqları bu çaşqınlıqdan qurtarmaq üçün biz onların mütləq bilməli olduğu 10 qaydanın siyahısını hazırlamışıq. Bakıya gələnlər bunları bilsələr, heç bir problem çıxmayacaq.

1) Bakını görəndə çaşmayın. Yəqin ki, siz, Avropa mediasında oxuduqlarınızdan sonra insan hüquqlarının pozulduğu, hər gün mitinqlərin keçirildiyi, polisin insanları döydüyü, avtobanlarda inəklərin gəzdiyi bir üçüncü dünya ölkəsinə düşəcəyinizi gözləyirdiniz. Və Bakını görəndə çaşıb qalacasınız ki, reallıq ilə yaradılan obraz bu qədər fərqlənərmi? Beləliklə, bilin: medianız sizi aldadır.

2)
Küçədə kimdənsə Leyla Yunusu, yaxud Xədicə İsmayılı soruşsanız və o, təəccüblə çiyinlərini çəkib, “tanımıram”,- desə, çaşmayın; Leyla Yunusu siz avroplalar bizdən yaxşı tanıyırsınız. Burada o, heç kimdir, ümumiyyətlə, ölkənin gündəmində yeri və rolu olmayan bir adamdır. Sadəcə, siz əgər Qərb mediasını oxuyan birisinizsə, yəqin, indiyə qədər elə düşünürdünüz ki, Azərbaycanın gündəmi Leyla və Xədicədən ibarətdir. Əksini görməyə hazır olun.

3) Yəqin ki, Olimpiadanın açılışı, gedişatı, Bakının ona necə hazırlaşması sizə qəribə gələcək. Çünki xeyli müddətdir bəziləri bu tədbirə “mini-Olimpiada”, “Olimpiada statusu olmayan yarış” deyərək, gözdən salmağa çalışırlar. Halbuki, bu, Avropa üçün tarixi bir hadisədir, ona görə də qarşılaşacağınız təmtaraq sizi çaşdırmasın.

4) Bakıda müxtəlif yerlərdə Heydər Əliyevin heykəllərini görəcəksiniz. Burada qeyri-adi bir şey yoxdur - əgər Amerikada olmusunuzsa, orada “founding fathers” deyilən şəxslərin daha böyük, nəhəng heykəlləri var. Baxın, Heydər Əliev də Azərbaycan üçün “founding father”-dir. Ona görə də təbii olaraq sevilir və tarixi şəxsiyyət hesab olunur.

5) Yəqin, Azərbaycanda bəziləri var güclərilə öz ölkələrini sizə pisləməyə çalışacaqlar. Sizsə buna mat qalıb, düşünəcəksiniz ki, niyə insan öz ölkəsini, dolayısı ilə də özünü pisləməkdən zövq almalıdır ki? Bəlkə də onları mazoxist sayıb, sakitcə dinləyərək, mübahisə etməyəcəksiniz ki, xəstədirlər. Burada yanılırsınız: onlar xəstə deyillər, sadəcə, əclafdırlar. Bizdə belələri var.

6)
Əgər görsəniz ki, Oyunların gedişatında hər şey əladır, Qərbin bir sıra media orqanları isə pis şeyləri göstərirlər, təəccüblənməyin. Kozma Prutkovun məşhur sözünü yadda saxlayın: “Görsən ki, şirin qəfəsinin üstündə `siçan` yazılıb, yazılana inanma!” Sadəcə olaraq, Qərb mediasının nə qədər azad və ədalətli olması haqqında bir daha düşünün.

7) Sizə olan hörmət və xoş münasibəti ayrı cür başa düşməyin. Bu, ona görə deyil ki, siz avropalısınız və ya Azərbaycanda sizin xərcləyəcəyiniz pula kiminsə ehtiyacı var. Sadəcə olaraq, Azərbaycan xalqı çox qonaqpərvər və mehribandır. Amma içib dava salsanız və xanımlarla artıq-əskik davransanız, bunu sizə bağışlamaya bilərlər.

8) İşdir, dava düşsə, qorxmayın – Azərbaycan polisi özünü yetirəcək və Avropadakının əksinə olaraq, heç bir zorakılıq göstərməyəcək – nə sizə dəyənək qaldıracaq, nə qaz püskürdəcək, nə də tüstü buraxacaq. Bizdə belə deyil. Sakitcə tutub bölməyə aparacaq və izahat alandan sonra buraxacaq.

9) Əlbəttə, Bakıda olanda müəyyən xırda problemlər də, narahat yollar da, təmirsiz binalar da, bulvarda çirklənmiş dəniz suyu da görəcəksiniz. Bu, o demək deyil ki, onları qaydaya salmağa ölkənin imkanı yoxdur. Var, sadəcə olaraq, hələ növbə çatmayıb. Tağı müəllimin sözü olmasın, “Əəə, bir-bir!”

10) Bakıda üzlüyü sökülmüş binalar görsəniz, ayrı şey fikirləşməyin. Bu, onunla bağlıdır ki, ölkənin rəhbərliyini vətəndaşların təhlükəsizliyi daha çox maraqlandırır, nəinki Avropa Oyunlarına gələcək turistlərin görəcəyi mənzərə. Yəqin, düz başa düşərsiniz...

Teqlər: