`Həyata gəldiyimə sevinirəm` - 70 yaşlı Amaliya Pənahova

`Həyata gəldiyimə sevinirəm` - 70 yaşlı Amaliya Pənahova
  15 İyun 2015    Oxunub:7454
Bu gün Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Amaliya Pənahovanın doğum günüdür. 70 yaşını qeyd edən aktrisa doğum günü təssüratlarını AzVision.az-la bölüşüb.
Pənahova təmtaraqlı ad günü məclisləri keçirməyi sevmədiyini bildirib. Qeyd edib ki, yubiley mərasimini ailəsi ilə birgə keçirəcək.

“Doğum günümü adətən yaxınlarımla keçirirəm. Bu gün də ailə üzvlərimlə qeyd edəcəyəm. Dövlət səviyyəsində isə ad günün iyulun 3-də keçiriləcək”.

Həyata gəldiyinə sevindiyini deyən A.Pənahova ömrünün faydalı keçdiyini söyləyib: “Ad günüm mənim üçün adi günlərdən biridir. Sevinirəm ki, həyata gəlmişəm və doğru ömür sürmüşəm. Əsas odur ki, ömrüm faydalı olub.

Adətən kişilər haqqında deyirlər ki, yaş kişinin var-dövlətidir. Qadın üçün isə yaş müdriklik deməkdir. Adam var ki, 20 yaşında özünü qoca kimi aparır, adam da var ki, 90 yaşında özünü gənc kimi aparır. Bu insanın daxilindən, həyat tərzindən asılıdır. Heç nəyə baxmayaraq, hər yaşın öz gözəllyi var”.

Xalq artisti gündəlik həyatının dolğun keçdiyini, geriyə baxmağa, darıxmağa vaxtının olmadığını deyib.

“Həyatım elə dolğun keçir ki, hələ geriyə baxmağa, hansısa yaş dövrü üçün darıxmağa vaxtım yoxdur. İmkan tapmıram ki, geriyə baxım, hansısa dövr üçün həsəd aparım.

Onu da deyim ki, hədiyyə almaqdan çox, hədiyyə verməyi xoşlayıram. Ancaq bu gün gül-çiçək versələr böyük məmnuniyyətlə qəbul edərəm”.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub .

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti