İxracı necə artıra bilərik – TƏHLİL

İxracı necə artıra bilərik – TƏHLİL
  04 İyun 2013    Oxunub:2272
2013-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycandan ümumi ixracın 88,44%-ni neft və neft məhsulları təşkil edib ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bunun 83,55%-i xam neftin, 4,89%-i isə neft məhsullarının payına düşüb. 2012-ci ilin yekununa əsasən isə, Azərbaycandan ümumi ixracda neft və neft məhsullarının payı 90,16% təşkil etmişdi ki, bu zaman xam neftin payı 84,63, neft məhsullarınınkı 5,53% olmuşdu.

Təbii ki, bütün bunlar mənfi göstəricidir. O baxımdan ki, qeyd olunan rəqəmlər ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatında rolunun və payının az olduğunu göstərməklə yanaşı, beynəlxalq bazarlarda iştirakımızın məhdud xarakter daşıdığını diqtə edir. Halbuki, Azərbaycanın böyük imkanları var.

Düzdür, dünya bazarlarına çıxmaq o qədər də asan deyil. O səbəbdən ki, qlobal iqtisadiyyat aşkar görünməsə də, müəyyən bölgüyə məruz qalıb. Və elə növ məhsullar var ki, bunlar vasitəsilə dünya bazarına çıxmağa cəhd göstərsək uğursuz alınacaq. Çünki həmin məhsulların istehsalının öz “sahibləri” olduğundan, Azərbaycanın rəqabət aparması mümkün deyil.

Ancaq nəzərə almaq vacibdir ki, ölkəmiz əsas ərzaq məhsulları, dəqiq desək, ət və ət məhsulları ilə özünü real olaraq 90%-dən çox, yumurta sarıdan az qala 100%, bitki yağlarında 70%, kərə yağında 50%, süd və süd məhsullarıyla 73%, həmçinin taxılda demək olar ki, 70% təmin etməkdədir.
Bu siyahını bir az da uzatmaq olar: üzüm 94%, kartof istehsalı artıq, 100%, bostan məhsulları da eyni, meyvə və giləmeyvə isə 126%, tərəvəz 99%, duz 75% təşkil edir.
Amma bütün bunlar, hər şey demək deyil. O baxımdan ki, dünya bazarlarına çıxmaq üçün başqa imkanlarımız da olduğundan, onlardan istifadəni də maksimum səviyyəyə çatdırmaq lazımdır.

Məsələ bundadır ki, bu, bir yana qalsın, adlarını çəkdiyimiz məhsulların özlərini də hələ idxal etməkdəyik. O səbəbdən ki, xaricdə istehsal olunan məhsullar həm keyfiyyətcə daha yaxşı, həm də ucuzdurlar. Odur ki, sual yaranır: bəs, dünya bazarlarına necə çıxmaq olar? Azərbaycanın ixrac potensialını hansı yolla reallaşdırmaq mümkündür?

Bu suallara cavab tapmaq üçün qeyd edək ki, əvvəla, Azərbaycan iqtisadiyyatı yazdığımız kimi dünya iqtisadiyyatının bir parçası olduğundan hər şeyi özümüz istehsal edə bilmərik.
İkincisi də, lap nə qədər çox və geniş miqyaslı investisiya və stimullaşdırıcı siyasət yürüdülsə belə, bəzi məhsulların satışı üzrə nəinki xarici, heç daxili bazarda da üstünlük əldə etmək mümkün deyil. Ancaq bayaq da qeyd etdik ki, Azərbaycanın ixrac potensialı böyükdür. Və ölkəmiz daha geniş çeşiddə və çoxlu sayda mal ixrac etmək iqtidarındadır ki, bunun üçün iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan məhsullar sadəcə kəmiyyət etibarilə artırılmalı deyil, keyfiyyətcə də yaxşılaşdırılmalıdır.

Eyni mövzuda əvvəlki şərhlərimizdə də yazmışıq ki, istehsal olunan məhsullar keyfiyyətcə tələb olunan səviyyəyə çatdırılmasa, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda artım ildə lap 10% təşkil etsə belə, xeyri olmayacaq. Eyni adda məhsul daxildə istehsal olunduğu halda, kənardan da gətiriləcək. Belə şəraitdə isə ölkənin ixrac potensialını artırmaq əsla mümkün deyil. Ona görə də, ölkədə ilk növbədə iqtisadiyyatın bütün sahələrində istehsal olunan məhsulların çeşidinə və rəqabət qabiliyyətliliyinə diqqət yetirmək lazımdır.

Bunu dövlət başçısı da vurğulamışdı ki, sağlam rəqabət mühitinin formalaşması üçün əlimizdən gələni etməliyik. “Bu istiqamətdə böyük işlər görülüb. Ancaq deyə bilmərəm ki, Azərbaycanda sağlam rəqabət tam şəkildə təmin edilibdir”,– deyə, Prezident bildimişdi.

Düzdür, qeyri-neft sektorunda son illər ərzində artım səviyyəsi, bəlli olduğu kimi, yaxşı vəziyyətdədir. Ancaq nəzərə almaq vacibdir ki, ölkədə qeyd olunduğu kimi sağlam rəqabət mühiti hələ tam formalaşmayıb və inhisarçılıq mövcuddur. Belə şəraitdə isə rəqabət qabiliyyətli məhsul istehsal etmək çox çətindir. Odur ki, ixracı artırmaq üçün birinci növbədə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etmək lazımdır ki, yerli istehsal genişlənsin və artsın. Bu, ixrac mallarının sayını genişləndirmək üçün ən başlıca vəzifə sayılır.

Yeri gəlmişkən, neftin dünya bazarlarında qiyməti enməkdədir. Ümumiyyətlə isə dünya bazarlarında neft də daxil, bir çox xammal məhsullarına tələbatın azalması prosesi başlanıb. Deməli, ölkəmizin ixrac potensialını reallaşdırmaq olduqca vacib məsələyə çevrilib. Əks təqdirdə, beynəlxalq bazarlarda iştirakdan bir gün tamamilə əlimiz çıxacaq. Çünki təbii resursa qətiyyən bel bağlamaq olmaz...



Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti