Neftin hansı qiymətinə dözə bilərik? – TƏHLİL

Neftin hansı qiymətinə dözə bilərik? – TƏHLİL
  19 İyun 2015    Oxunub:3847
OPEC-in iyunun 5-də keçirdiyi iclasda sutkalıq neft hasilatı həcmini 30 milyon bareldən yuxarıya qaldırmaması haqda qəbul etdiyi qərar qiymətləri yenə 60 ABŞ dollarından aşağı sala bilmədi. Bu da bir daha onu göstərir ki, kəskin bahalaşma olmayacaqsa da, neftin dünya bazarlarında qiymətinin “döşəmə” həddi 60 dollara bərabərdir.

Əslində, bu çox normal rəqəmdir. Təsadüfi deyil ki, OPEC üçün də bu qiymət qaneedicidir. Bunu təşkilatın rəhbəri, o cümlədən, onun ən böyük oyunçusu sayılan Səudiyyə Ərəbistanın nümayəndəsi deyib. Məlumdur ki, son 1 il ərzində dünya bazarlarında neftin qiymətinin aşağı olması ilə bağlı müxtəlif şərhlər verilib və bu şərhlərdə OPEC-in qiymətləri tənzimləməkdə rolu ilə bağlı tənqidi fikirlər söylənilir. Halbuki bu, artıq çoxdan aksioma çevrilib ki, neftin dünya bazarlarında qiymətlərinə OPEC-in nəzarət və təsir etmək imkanları məhduddur.

Bunun da bir neçə səbəbi var: əvvəla, neftin əsas alıcıları cəmi bir neçə ölkədir. Təkcə ABŞ-ın alıcılıq qabiliyyəti demək olar ki, hər şeyi müəyyən edir. Üstəlik, Çin, o cümlədən, Avropa İttifaqı ölkələrini də nəzərə alsaq, hər şey aydın olur. İkincisi də, təklifin formalaşmasında heç də hər şey OPEC-ə daxil olan ölkələrdən asılı deyil. Son illər bu sahədə də ABŞ hər şeyi ələ alıb.

Üçüncüsü, qiymətlərin formalaşmasında siyasi amillərin də rolu böyükdür. Odur ki, qısa desək, qurumun bu ay keçiriləcək növbəti iclasında əhəmiyyətli qərar qəbul olunacağı heç gözlənilmirdi.

Bayaq qeyd etdik ki, Səudiyyə Ərəbistanın nümayəndəsi, o cümlədən, OPEC-in rəhbəri bəyan edib ki, hazırki qiymət səviyyəsi təşkilat üçün qaneedicidir. Əslində isə OPEC üzvləri mövcud qiymətlərə görə çoxdan ziyan çəkirlər.

Təsadüfi deyil ki, OPEC-in baş katibi Abdulla Səlim Əl-Bədri sözlərinə davam edərək bildirib ki, neftin hər barelə görə 100 dollardan yüksək olmasından biz, son 4 ildə çox qazansaq da indi trend aşağıdır. Baş katib əlavə edib ki, ona görə də qiymətlərin artıq, 100 dollardan xeyli aşağı olması faktı ilə barışmaq lazımdır.

Sual yaranır ki, bəs, qiymətlər nə vaxta kimi bu səviyyədə qalacaq? Məsələ bundadır ki, OPEC 2011-ci ildən bəridir gündəlik hasilatı yüksəltmir. Bundan əlavə, sözügedən kvotanın özü də elə nisbi xarakter daşıyır. O mənada ki, OPEC üzrə gündəlik hasilat hazırda real olaraq 30 milyon bareldən yuxarı təşkil edir. Çünki buna nəzarət etmək əslində, mümkün deyil.

Ümumiyyətlə, bilavasitə Səudiyyə Ərəbistanın qiymətə təsir etmək məqsədilə hasilatı azaltmaq taktikasından əl çəkdiyi özünü əyani olaraq çoxdan göstərir. Adı çəkilən ölkənin isə bazara dair yeni strategiyası bundan ibarətdir ki, OPEC-ə daxil olmayan neft hasilatçısı ölkələri ilə mövcud pay bölgüsü qorunub saxlansın. Bu zaman, qiymət məsələsi istər-istəməz əhəmiyyətsiz amilə çevrilir.

Yeri gəlmişkən, sonuncu iclas zamanı iştirakçı tərəflər yekdil olaraq qeyd ediblər ki, neftin kəskin şəkildə ucuzlaşması yalnız keçən ilin sonu və bu ilin əvvəlində müşahidə edilmiş, sonra qiymətlər sabitləşmiş, hətta, bir az bahalaşmışdır. Başqa sözlə desək, bazardakı disbalansın tədricən məhdudlaşdığı müşahidə edilmişdir. Odur ki, keçən illə müqayisədə cari il ərzində ümumən, tədarükün daralması baxımdan neftə qlobal tələbatın 2015-ci ilin ikinci yarısında və 2016-da artacağı gözlənilir.

Onu da qeyd edək ki, son vaxtlar çox tez-tez bazara İran ilə İraqın çıxacaqları deyilir. Ancaq İran üzərindən sanksiyalar götürüləcəyi təqdirdə bu ölkənin dərhal satışa milyonlarla barel neft çıxara bilib-bilməyəcəyini isə heç kim dəqiq bilmir. Üstəlik, İran da neftin indiki şəraitdə ən sərfəli qiymətinin barelə görə 75 dollar olduğunu bəyan edib. O cümlədən, İraq tərəfi də carı ilin sonunadək qiymətlərin məhz qeyd olunan səviyyədə məqbul sayıldığını bildirib.

Azərbaycan üçün isə 60-70 dolları məqbul sayılır. Ötən il 2015-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov da dünya bazarlarında neftin 1 barelinin qiymətinin 60 ABŞ dolları olacağı təqdirdə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaratmayacağını demişdi. Real olaraq isə ölkə iqtisadiyyatının neftin 1 barelinin 50-55 dollara olması vəziyyətinə “adaptasiya” prosesi gedir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti