Avropaya od verən ölkə

Avropaya od verən ölkə
  01 İyul 2015    Oxunub:4776
Aida Eyvazlı

Azərbaycan adlı Odlar yurdunda bir ocaq qalanmışdı, Dədə Qorqud ocağı. İşığına, istisinə dünyanın 22 ölkəsindən, 50 Milli Olimpiya Komitıəsindən 6 mindən artıq idmançı və 600 mindən artıq turist və tamaşaçı yığışdı.


12 iyun 2015-ci il tarixində Avropanı Azərbaycana gətirən Azərbaycan prezidenti İlham Əliyev qonaqları salamladı, Vətənimizdə keçirəcəkləri 17 gün ərzində onlara xoş ovqat, gözəl istirahət və uğur dilədi. Dünya xəritəsində balaca bir ərazi kimi görünən Azərbaycanın məqamı qürürverici idi. Avropa Oyunlarının açılışı günü dünyaya, bizi sevməyən bəzi Avropa ölkələrinə diplomatik mesajlar göndərdi.

Bayram gecəsində “Qarabağ şikəstəsi” , “Sarı gəlin” oxundu. Əbədi məşəl olan Atəşgahdan , prezident İlham Əliyevin götürdüyü odu, I Avropa Oyunlarının açılış mərasiminə gətirən Qarabağ uğrunda döyüşlərin veteranı, İlham Zəkiyevə etibar edildi. Olimpiya alovunu İlham Zəkiyev alovlandırdı. O qəhrəman ki, dəfələrlə Azərbaycan bayrağını dünyanın ən müxtəlif ölkələrində keçirilən beynəlxalq idman yarışlarında həmişə ucalara yüksəldib, himnimizi səsləndirib. Və yəqin ki, dünyanın 60-a yaxın ölkəsindən oyunlara qatılanlar arasında, İlhamın gözünün işığını nədən itirdiyini soruşanlar oldu. Cavabında: “Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın müdafiəsi uğrunda vuruşarkən itirib”,- kimi ağrılı bir cavab aldılar. O gecə möhtəşəm gecə idi.

Baxmayaraq ki, Atəşgahdan od götürən məşəlimiz bölgələrimizi gəzəndə , qeybət etməyə öyrəşən , danışanda ağızlarına çullu dovşan sığmayan “vətənşüvənlər”, “o məşəli gəzdirənlər arasında bir nəfər Qarabağ əlilinin, və ya qəhrəmanının olmadığını” söyləməklə gündəmə gəldilər. Öz bildiklərinə görə, guya uzaqgörənlik etdilər.

Ölkəmizdə I Avropa oyunları keçirilən zaman kəsiyində getdiyimiz idman arenalarında, küçələrdə, oyun meydançalarında, tamaşaçı auditoriyasında ancaq sevinc, xoş həyəcan və gülüş səslərinin, təbəssümlərin şahidi olduq. Elə bil ki, hamı toyda-bayramda idi. İnsanların üzündən gülüş əksik olmurdu. Dolu idman arenalarında yarışları izləmək üçün böyüklü-kiçikli vətəndaşlarımızın əksəriyyəti əllərində üçrəngli bayrağımızı gətirirdilər. Oyunların keçirildiyi arenalarda səslənən l milli musiqilərimiz, incəsənət ustalarımızın milli paltarlardakı rəqsləri, bütün təşkilatçılıq işi yüksək səviyyədə idi. Heç gözləməzdik ki, idmançılarımız bizim Azərbaycan bayrağını 56 dəfə bayraqlar içərisində yüksəyə qaldıracaqlar.

Bilirsiniz, səbəbi nə idi?! Çünki onların hər biri prezident İlham Əliyevin nəfəsini, məhəbbətini hiss edirdilər. Qarşılarında bir sərkərdə var idi. Ən çətin döyüşlərdə sərkərdələr döyüşdə qabağda gedəndə, əsgərlər o döyüşü udurlar. Sərkərdə, Ali baş komandan İlham Əliyev bütün yarışlarda iştirak edir, hətta bürünc medal qazanan idmançılarımızın da sevincinə uşaq kimi sevinirdi.

İdmançılardan biri, Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov qızıl deyil, bürünc medal aldığı üçün ağlamışdı. Bu səhnəni görən prezident İlham Əliyev, ona telefon açaraq, ürək-dirək verdi. Oyunlara tamaşa etməyə gələn əllilərin, könlünü alıb, özü onlarla şəkil çəkdirdi. Bu oyunlar zamanı vətəndaşlarımız hər zaman Azərbaycan prezidentini özlərinin yanında gördülər. Onun nə qədər səmimi, alicənab, mülayim, Vətənin hər övladını öz balası kimi sevməyinin şahidi oldular.

Ukrayna komandasını təmsil edən idmançı Gevork Manukyana da gümüş medalı İlham Əliyev təqdim edirdi. Bu zaman zaldan azərbaycanlı tamaşaçıların bir uğultusu keçdi. Prezident İlham Əliyev üzünü tamaçılara çevirib, əli ilə “dayanın” işarəsi verdi. Arenada bir anlığa sükut yarandı. Və prezident gümüş medalı erməni Gevork Manukyana təqdim etdi. Tamaşaçılardan mötəbər tədbirdə idmançı Gevorkyan üçün alqış istədi!!! Budur böyüklük. Dədə-babadan bizlər düşmənin oğluna-qızına kəm baxmamışıq. Düşmənin gəlini, qızını, evimizdə əmanət kimi saxlamğımız haqqında nə qədər tarixləşənn ənənələri olub babalarımızın. Heydər Əliyevin oğlu İlham burada da bir daha tarixi kimliyimiizi nümayiş etdirdi.

I Avropa oyunları başlayan gündən Azərbaycan o məqamı, o günü gözləyirdi - İlham Zəkiyevin döyüşəcəyi günü. O gün Milli Ordumuzun təşəkkül tapdığı günə düşdü. Dəfələrlə Olimpiya çempionu olan idmançımız döyüşə çıxmazdan əvvəl demişdi ki, qızıl medal qazanıb, prezidentimizi təbrik edəcək. Qazandı. İki dəqiqə ərzində qazandı. Bu oyunlarda qazanılan medallardan ən parlağı İlham Zəkiyevin medalı idi. Heydər Əliyev adına İdman sarayındakı o sevincli anlar, azarkeşlərin sevincinin pik nöqtəsi idi. Həmin anlarda prezident İlham Əliyevin necə həyəcan keçirdiyini, sevindiyini gördük. Bu qələbə bütün qələbələrdən yüksək idi.

İlham Zəkiyevə medalı cənab prezident təqdim edərkən, o ölkə rəhbərini özünün dayandığı kürsüyə dəvət etdi. İlham Əliyev İlham Zəkiyevin sözünü yerə salarmı?! Onu özünün ərköyün və qəhrəman qardaşı sayır. O birincilik kürsüsndə Qızıl medallı iki cempion var idi: birisi İlham Zəkiyev, digəri isə Avropanı ölkəmizə gətirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev. İlham Əliyevin qəhrəman İlham Zəkiyevin “Cənab prezident! Əsgəriniz döyüş tapşırığını yerinə yetirdi”- deməsindən sonra gözləri yaşardı, kövrəldi. Belədir bizim prezidentimiz! Ürəyi Vətən övladı üçün sevgi ilə dolu!!! Və sonunda isə Qarabağ qazisinə olan məhəbbətini, hörmətini qiymətini “Şöhrət ordeni” ilə təsdiq etdi. Onu ən əziz adamı kimi bağrına basdı.

Çox deyənlər oldu ki, Avropa bu oyunları saymır... Hansı Avropa?! ATƏT deyilən qurummu? O, bizi nə zaman saydı ki? Saysaydı zəbt olunmuş torpaqlarımızın qaytarılmasında real addım atardı. Bəs bizim şikayətləri niyə eşitmir?! Bəs onda Avropa Olimpiya ailəsinin üzvlərinin oyunlarda iştirakı nədir?! Bu sayğıdır. Bu tanıtımdır! Burada Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancicin çıxışını diqqətə çatdırmaq yerinə düşər. Janez Kosijancic : “Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülər üzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim.

Bütün həyatın boyu bu qədər gülər üzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdim etmə mərasimində onun Azərbaycan himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O əsl vətənpərvərdir. Biz sizin insanlarınızın və şəxsən sizin Birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”. Və yaxud da Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkinin: "Birinci Avropa Oyunlarının bütün aspektləri möhtəşəm idi, hər şey uğurla başa çatdı. Oyunlarda 900 xarici jurnalistin akkreditasiyadan keçirilməsi də Oyunların əhəmiyyətini göstərdi. Avropa Oyunlarını gələcəkdə Bakı 2015-in standartlarına uyğunlaşdıracağıq”,- bu fikirləri Azərbaycanın tarixindən, idman tarixindən kimsə silə bilməyəcək.

Azərbaycandan gedən qonaqlarımız ürəklərində Dədə Qorquddan əmanət qalmış ocağımızdan, İlham Əliyevin od götürdüyü, İlham Zəkiyevin ocaq yandırdığı odumuzdan istilik aparacaqlar. Və harada keçirilməsindən asılı olmayaraq, Avropa Oyunları keçirilən ölkə ödunu, atəşini, Məşəlinin alovunu Odlar yurdu Azərbaycandan götürəcək!

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Oyunlarının bağlanış mərasimində cənab Ali Baş komandana müraciət edərək: “Biz hamımız sənin əsgərinik!”-dedi. Doğrudan da belədir. Biz əsgərlər cinsindən asılı olmayaraq, hər birimiz cənab Ali Baş komandanın əlində Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızı almağa komanda gözləyirik! Bizim o Qələbəyə də ehtiyacımız var. Gün o gün olsun ki, mötəbər qonaqlarımızı yenə də Qarabağda, Şuşada qarşılayaq!


Teqlər:  





Xəbər lenti