İnsanlıq ölməyib

İnsanlıq ölməyib
  08 İyul 2015    Oxunub:3786
Ötən şənbə Lent.az-da “Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – Beşikdən qəbrəcən həyat dramı” başlığı altında Yasamal qəbiristanlığında yaşayan ailə haqqında yazı gedib. Yazı yayımlanandan sonra ailəyə yardım etmək istəyən xeyli insan təşəbbüs göstərib.

Yazıda qeyd edilirdi ki, Qoçiyevlərin Hökməli qəsəbəsində torpaq sahəsi, içində də başa çatdıra bilmədikləri evin yarımtikilisi var. “Uşaqların xoşbəxt gələcəyi” təşkilatının təşəbbüsü ilə həmin evin tikilib tamamlanması yaxın günlərdə başlayacaq. Artıq müəyyən qədər vəsait də toplanıb. Lakin bu vəsait hələ ki, azdır.

Qoçiyevlər ailəsini ziyarət edənlər arasında APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da var idi. O, ailənin yaşadığı yerdə olub, uşaqların problemi ilə maraqlanıb və ailəyə maddi yardım edib.

Ailəyə yardım edənlərdən biri də millət vəkili Qənirə Paşayeva olub. Ailəyə məxsus evin tikintisi bitincə, evi mebellə təmin edəcəyini söz verib.



- Televizorda yeməli nəsə göstərəndə uşaqlar “ondan bizə al” deyirlər. Çatdıra biləndə kanalı tez dəyişirəm ki, görməsinlər. Görəndə deyirlər, ana, bax, nə gözəl şeylər göstərirlər! Anayam, ürəyim paralanır. Hər dəfə bir yalan uydururam. Gah dərmandı deyirəm, gah qurdludu, olmaz yemək, deyirəm. Ən çox yumurta istəyirlər. “Ozmo” yumurta... – bu sözləri uşaqların anası Afət xanım demişdi.



“Ozmo” da balacaların istəyinə səssiz qalmayıb. Yazını oxuyan “Veysəloğlu” Şirkətinin rəhbərliyi ailəyə baş çəkib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovun sözlərinə görə, uşaqlara şirkətin distribyuterlik etdiyi OZMO və ETİ, həmçinin “Ulduz” şokolad fabrikinin məhsullarından ibarət hədiyyələr aparılıb: “Uşaqlar həqiqətən də OZMO-nun hədiyyələrini sevinclə qarşıladılar və onların sevinci hər nəyə desəniz dəyərdi. Sağ olun ki, bu cür ailələri arayıb tapır və onların problemlərini ictimailəşdirirsiniz”.




Teqlər:  





Xəbər lenti