Qəbirstanlıqda yaşayan ailə üçün ev tikilir - VİDEO

Qəbirstanlıqda yaşayan ailə üçün ev tikilir  - VİDEO
  10 İyul 2015    Oxunub:4660
Üç uşaqlı Qoçiyevlər ailəsi Yasamal qəbirstanlığında balaca bir komada şəraitsizlikdə yaşayır. Ancaq tale bu balacaların üzünə gülür. Bundan sonra 6 yaşlı Fatimə və bacısı Zeynəb qəbirlər arasında deyil, öz şəxsi evlərində rahat şəkildə gəzib dolaşacaqlar.
Belə ki, Uşaqların Xoşbəxt Gələcəyi təşkilatı vasitəsilə sosial şəbəkələrdə toplanan vəsait ilə gənc ailəyə ev tikiləcək. Hətta tikinti işlərinə artıq başlanılıb.

Təşkilatin sədri Nərgiz Kərimovanın sözlərinə görə, evin tikintisi üçün lazım olan tikinti materialları alınıb. Ailənin vəziyyətinə acıyan hər kəs könüllü olaraq gənc ailəyə bacardıqları köməyi göstərir:

“Bu barədə məlumatla tanış olduqdan dərhal sonra şəxsən bu ailə ilə yaxından tanış olmağa qərar verdim. Artıq 4 gündür ki, bu ailəyə insanlar tərəfindən yardım edilməsinə start verilib. Bugünkü gündə evin təməli qoyulub. Evin inşasında və təmirində, eləcə də Qoçiyevlər ailəsinin normal yaşayışını təmin edilməsi məqsədilə insanlar dəstəyini əsirgəməyiblər”.

Qoçiyevlərin yeni mənzili üç otaqdan ibarət olacaq. Ailənin rahat yaşaması üçün hər bir şəraitin qurulması nəzərdə tutulub. Hətta yeni sakinlərin mənzillərinin nə zaman hazır olacağı belə təyin olunub.

“Evin təmirindən tutmuş, məşət avadanlıqları ilə təmin olunması nəzərdə tutulub. Evin inşası avqustun 30-dək yekunlaşdırılması planlaşdırılıb”, - deyə Nərgiz Kərimova bildrib.

Tikinti aparılan ərazidə ailə başçısı Eyvaz Qoçiyev də nəzərimizdən qaçmadı. Yalnız müsahibə vermək istəməyən ata hazırlıq işlərinə qıraqdan izləyirdi.

Hər halda, gənc ata yeni mənzilinə görə ona kömək olan hər kəsə kamera qarşısında olmasa belə, minnətdarlığını bildirdi.

Təki, bütün körpə Fatimələr, Zeynəblərin üzündən gülüş əskik olmasın. (Ans)




Teqlər:





Xəbər lenti