Ucuzlaşmaya səbəb nədir? - TƏHLİL

Ucuzlaşmaya səbəb nədir? - TƏHLİL
  10 İyul 2015    Oxunub:7626
Manatın dəyəri ucuzlaşdırıldıqdan sonra istehlak bazarında kəskin bahalaşma olacağı gözlənilsə də, əksini gördük. 2015-ci ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşmışdısa, apreldə 0,2, mayda isə 0,6% ucuzlaşma ilə əvəz olundu. Nəticədə də ötən ilin müvafiq dövrləri ilə müqayisədə inflyasiyanın illik artım sürəti zəiflədi.

Cari ilin yanvar-mart ayları ərzində istehlak mallarının qiymətləri ilə xidmət tarifləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,8% təşkil edirdisə, yanvar-aprel aylarında cəmi 0,3 bənd artaraq 3,1, yanvar-may aylarında isə 3,4%-ə çatıb. Halbuki, bir az da yüksək olmalı idi.

Düzdür, Mərkəzi Bankın (AMB) 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda Bəyanatında 2015-ci ildə inflyasiya 2-3% proqnozlaşdırıb. Ancaq bu zaman manatın ucuzlaşdırılacağı xəyal da edilmirdi. Yeri gəlmişkən, AMB-in qeyd olunan Bəyanatında deyilirdi ki, Mərkəzi Bank pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya verəcək və bunun xarakteri, miqyası inflyasiyaya təsir göstərən tələb ilə təklifdən asılı olacaq.

Cari ilin fevralın 21-dəki qərardan sonra isə bu il Azərbaycanda 7,9% inflyasiya olacağı deyildi. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında da vurğulanmışdı. Belə ki, AMB manatın dəyərini avro və dollara nəzərən korrektə etdikdən sonra BVF 2016-cı ildə Azərbaycanda inflyasiyanı 6,2% proqnozlaşdırmağa başladı ki, əvvəlki hesabatda 2015, 2016-cı illər ərzində inflyasiyanın müvafiq olaraq 2 və 3% təşkil edəcəyi bildirilmişdi. AMB-nin fevralın 21-dəki qərarından sonra hökumət də proqnozunu dəyişdi.

Bununla belə, cari ildə inflyasiyanın birrəqəmli səviyyədə qalacağı və maksimum 9% təşkil edəcəyi deyildi. Üstəlik, I rübdəki tendensiya manatın ucuzlaşmasının inflyasiyanı sürətləndirmək baxımından heç bir təsirə malik olmadığını da göstərdi. Odur ki, ölkənin istehlak bazarında deflyasiya əvvəlki kimi qaldı və hətta bir az da gücləndi.

Bəs, buna səbəb nədir? Ölkədə deflyasiyanın bu qədər güclənməsi nədən irəli gəlir?

Deflyasiyanı şərtləndirən AMB-in sərt pul-kredit siyasətidir. Düzdür, manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarətin gücləndirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməyə başlanmasının da rolu oldu.

Məsələ bundadır ki, manat ucuzlaşdırıldıqdan sonra AMB daha sərt tədbirlərə keçdi ki, ölkəyə xarici valyuta axınının zəifləməsi sözügedən qurumu dövriyyədən artıq manat kütləsini yığışdırmağa məcbur etdi. Çünki inflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaqdan ötrü başqa yol yox idi.

Nəticədə də ölkədə pul bazası, yəni, dövriyyədə olan nəğd pul kütləsinin həcmi azalmağa başladı ki, fevralın 1-nə 10 milyard 551,0 manat təşkil edirdisə, martın 1-nə 9 milyard 109,9 milyona, aprelin 1-nə 8 milyard 339,4 milyona, may ayının 1-nə isə 7 milyard 418,6 milyon manata qədər endi.

Düzdür, mayda tendensiya dayandı. Lakin ölkədə kəskin manat qıtlığı var. Və dollara tələb də səngiyib. İdxal olunan əsas növ malların qiymətləri isə demək olar, sabit qalıb.

BVF-nin bu yaxında Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi də deyib ki, inflyasiya iki rəqəmli gözlənilirdi. “Amma devalvasiya səbəbindən tələb azaldı, iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə edildi. Manatın devalvasiyası elan edildikdən sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı”,- deyə BVF nümayəndəsi bildirib.

Odur ki, ötən şərhimizdə də qeyd etdiyimiz kimi ölkədə inflyasiya bir qədər “buraxılsa”? yaxşıdır. Yəni, tələb olunan iqtisadi artıma nail olmaq, ölkəmizdən ixracı təşviq etmək baxımından deflyasiyanın güclənməsinin nəyinki qarşısını almaq, dayandırmaq lazımdır.

Bu baxımdan, AMB-in 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda Bəyanatında da deyilənə uyğun olaraq mövcud pul siyasətində deflyasiyaya tezliklə kəskin reaksiya nümayiş etdirilməli və balans dərhal bərpa olunmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti