Dini saytlarımız kimə işləyir? – SİYAHI
Belə saytların siyahısına “İslaminsesi.org”, “İslamazeri.az”, “Deyerler.org”, “Azadxeber.az”,“Faktxeber.com” kimi saytların adını daxil edə bilərik. Adlarını çəkdiyimiz saytlar ölkəmizin hər cəhətdən əməkdaşlıq etdiyi və Dağlıq Qarbağ münaqişəsində daim Azərbaycanın yanında olan İsrail dövlətinin əleyhinə yazılar paylaşır, İsraili terrorçu təşkilat səviyyəsində təqdim edir və İran İslam Respublikasının regiondakı maraqlarından yana çıxış edirlər.
Görəsən, sayt rəhbərliyi müstəqil Azərbaycan Respublikasının milli maraqlarını nəyə görə nəzərə almır və İsrailə qarşı bu cür mövqe nümayiş etdirirlər? Həmin saytların İranın regiondakı mənafeyi uğrunda yazılar yazması, regionda İranın güc mərkəzi kimi təqdim etməsi ölkəmizin milli maraqlarına tamamilə zidd deyilmi?
- Azərbaycanla bağlı ayrı-ayrı ölkələrin müxtəlif maraqları var. Bu maraqları reallaşdırmaq üçün həmin dövlətlər müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də ölkəmizdə müxtəlif internet saytlarının açılması və onların maliyyələşdirilməsidir. – bunu Femida.az-a millət vəkili Fəzail Açamalı bildirib.- Regionda marağı olan dövlətlər həmin saytların vasitəsilə maraqlarını ifadə edən yazılar dərc etdirirlər. Bu cür saytlar şübhəsiz İran İslam Respublikasının birbaşa təsiri altındadır. Həmin saytlar yazılarında da İran İslam Respublikasının maraqlarını dəfələrlə vurğulayırlar. İsrailə qarşı bu cür münasibət ifadə etməklə İranın mövqeyi ortaya qoyulur. Əslində bu, Azərbaycanın maraqlarına tamamilə ziddir, çünki Azərbaycan dünyanın bütün ölkələri ilə beynəlxalq hüquq normalarına əsaslanaraq bərabərhüquqlu münasibətlər qurmağa çalışır. İsrail də həmin dövlətlərdən biridir. Buna görə də Azərbaycanın elektron məkanında bu cür saytların belə yazılarla çıxış etməsi yolverilməz bir haldır.
- Düşünürəm ki, həmin saytların məqsədi 2-ci, 3-cü dövlətlərin mənafeyini müdafiə etməkdir.- bunu isə millət vəkili Zahid Oruc deyib.- Baxsaq görərik ki, açıq-aşkar Səudiyyə Ərəbistanı, İran və Suriyaynın xarici siyasət kursunu götürüb, avtomatik olaraq özümüzə şamil etməklə ayrı-ayrı ölkələri düşmən kateqoriyasında görmək halları meydana çıxır. Ərəb ölkələrinin əksəriyyəti İsraillə normal əlaqədədir. Niyə Azərbaycan vətəndaşı dini radikalizmə meyl edərək İsrailə qarşı bu cür düşmən münasibətdə olmalıdır? Bu kimi hallar təəssüf doğurur, amma cəza tətbiq etmək üçün başqa hüquqi mexanizm də yoxdur.
İlahiyyatçı Elşad Miri deyir ki, təkcə saytlar yox, müəyyən şəxslər, qruplar var ki, aldıqları dini təhsilə uyğun olaraq həmin yerlərlə sıx əlaqədədir. Bu da heç bir şəkildə Azərbaycanın dövlətçilik prinsiplərinə xidmət etmir. Buna görə də geniş bir araşdırma aparılıb bu məsələnin üzərinə gedilməlidir. Azərbaycan mətbuat orqanları İslamı olduğu kimi təbliğ etməyə çalışmalıdır.
Femida.az məsələ ilə bağlı hüquqşünas mövqeyini də öyrənib. Hüquqşünas Loğman Abdulayevin fikrincə, Milli Təhlükəsizlik Nazirliyi belə halların qarşısını almaq məqsədi ilə bu sahədə nəzarəti gücləndirməlidir: “Azərbaycanda cinayət işinin ibtidai istintaqı zamanı, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərinə əsasən məhkəmənin qərarı olduqda şəxsi hesab və profillər nəzarətə götürülə və dinlənilə bilər. Bu qərarların qüvvədə olmaq müddəti 6 aydır. İstər radikal dini,istərsə də digər saytların öz fəaliyyətində dini-irqi ayrı seçkilik, açıq müahirəbəyə sövq etmə, dövlət çevirilişi, dövlətin konstitusiya quruluşunun sarsılması, Azərbaycanın ərazisində hansısa dövlətin siyasətini yaymaq, terror və sair bu kimi fəaliyyətlərlə məşğul olmaları qanunla qadağan olunmuş fəaliyyətdir və hesab edirəm ki,bu kimi halların qarşısı alınmalı və dərhal lazımi hüquqi tədbirlər görülməlidir.
Femida.az
Teqlər: