`Bizi söyənlər indi haqq qazandırır` - Etibar Hüseynov

`Bizi söyənlər indi haqq qazandırır` - Etibar Hüseynov
  21 İyul 2015    Oxunub:4123
Sanki hər şey dünən olmuşdu. “Sitatın Sonu”nun layihəsini hazırlayıb ilk dəfə “LiderTV”-nin rəhbərliyinə təqdim eləyəndə heç ağlımıza da gəlməzdi ki, yolumuz bu qədər uzun və incə olacaq. Amma nə az, nə çox, düz 13 il əvvəl “bismillah” deyib, həftənin siyasi yorumunu incələyəcək bir “xalq verilişi”nə start verdik.

Bu həftə 1000-ci proqramımız efirə gedəcək. 13 il və 1000 proqram necə gəldi- keçdi, xəbərimiz olmadi. “Sitatin sonu” elə ilk gündən diqqəti cəlb etdi. Çünki yerli TV məkanda bir ilk idi. Aparıcının efir standartlarından tam fərqli geyimi, oturuşu, sadə xalq dilində danışıq manerası onu millətə sevdirdi. Bu gün tam əminliklə deyə bilərəm ki , “Sitatin sonu” bütün dövrlərdə televiziya məkanında ən çox baxılan, ən maraqla izlənən proqramlardan biri olub.

Bu, indi də belədir. Çünki biz ilk gündən xalqın düşündüyünü, xalqin istədiyini ona elə onun öz dilində söylədik. Bütün zaman kəsiklərində iqtidarlı-müxalifətli cəmiyyətin bütün təbəqələri hər buraxılışımızı səbrsizliklə gözləyib, həyəcan və maraqla izlədi. Bu da ondan irəli gəlib ki, biz həmişə haqq soyləmişik, haqqı göstərmişik, “haqlının yanında, haqsızın qarşısında” olmuşuq. Əyri otursaq da, sözün düzünü söyləmişik; heç nədən, heç kimdən qorxmadan. Ən çətin anlarda belə sinəmizi qabağa verib, qaragüruhu alt-üst eləmişik, yerində oturtmuşuq, həddini göstərmişik.

Fəqət çətin günlərimiz də olub. Qaragüruhun mətbuatı haqqımızda palaz-palaz təhqir, böhtan, iftira yazib, bir çox hallarda acıq-aşkar, birbaşa mətnlə ölümlə də hədələyiblər. Ancaq bütün bunlardan azacıq da olsa qorxmadıq, cəkinmədik, usanmadıq. Əksinə, bu “mətbuat bandası”nın üstünə daha əzmlə, daha cəsarətlə yürüdük. Həftə sonu 3-5 dəqiqəlik çıxışımızla, həftə boyu dediklərini, yazdıqlarını alt-üst elədik; maskalarını yırtıb, iç üzlərini, xislətlərini açib ifşa etdik.

Fəqət bu gün, bir vaxtlar bizi sərt, kəskin danışmaqda ittiham edənlərin çoxu bizə haqq qazandirir, “o vaxt hələ az deyirdiniz, bunlar daha artığına layiq imişlər, tanımamışıq”,- deyirlər. İndi həmin kəslərin bir çoxu vaxtilə müdafiə etdiklərini ən ağır ifadələrlə təhqir edir, söyüb-bulayır, yıxıb-sürüyürlər. Bax, əsl qələbə, əsl zəfər, əsl uğur da budur.

Bu 13 ildə özlərini bizə oxşadanlar, bizi yamsılamağa cəhd edənlər də çox oldu. Amma ayaqqabımızı geyinsələr də, yerişimizi yeriyə bilmədilər. Söz sahibinə çevrilməyi, reytinq qazanib bizlər təki populyar olmağı bacarmadılar. Nə qədər çalışsalar da, diqqəti cəlb etməyə, ortaya çıxmağa nail ola bilmədilər.

“Sitatın sonu”nun isə az qala hər buraxılışı hadisəyə çevrildi, gündəm yaratdı. Çünki biz sözü nə vaxt, kimə və necə deməyi çoxlarından yaxşı bacardıq. Biz kimsəni yamsılamadıq, təkrarlamadıq - özümüz olduq, dəyişmədik; bu neçə ildə bir yolumuz, bir xəttimiz, bir əqidəmiz oldu. Amma bu 13 ildə çox dəyişənlər gördük. Əqidələrini, cəbhələrini, liderlərini, o cümlədən də, şərəf və ləyaqətlərini ayaqlar altına tullayan neçələri oldu. Dünənə qədər tərifləyib, “ləbbeyk” dediklərini bu gün ən ağır şəkildə təhqir edənlərlə bərabər, illər uzunu ən qatı şəkildə tənqid etdiklərini bu gün ağızdolusu tərifləyənlər də çox oldu.

Bir çoxları dediklərini dandı, yazdıqlarını gizlətdi, arxivlərini “itirdi”. Amma biz yerimizdəyik. Fəqət ayri-ayri zaman kəsiklərində proqramın formatı, studiyası, efir məkanı dəyişsə də, hədəfimiz, əqidəmiz, haqq bildiyimiz yol dəyişməz qaldı. Və bir çoxlarından fərqli olaraq bu gün də 1000-ci sayımızın altından möhürümüzü vurub, imzamızı atırıq. İmzamızsa çox sadədir: Sitatın sonu.


Teqlər:





Xəbər lenti