QİÇS-dən ölən məşhurlar – SİYAHI

QİÇS-dən ölən məşhurlar – SİYAHI
  27 İyul 2015    Oxunub:11030
Təxminən 35 il öncə Amerikada bir çox insan nədəni bəlli olmayan bir xəstəliyə tutulmağa başladı. Bu insanların durumuna QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu adı qoyuldu. Yəni, onlar bu mərəzi özləri qazanmışdılar. Ya cinsi yolla, ya da qan təmasıyla.

Bunun Tanrı qəzəbi olduğuna inanlar da oldu, “homoseksuallığın cəzası” deyənlər də. Nə də olsa, cinsəl təmasla ötürürdülər insanlar bu xəstəliyi bir-birilərinə. Amma bütün bu yanaşmaların içində məntiqli insanın sual edə biləcəyi bir məsələ vardı: Bu virus ilk olaraq necə əmələ gəldi və nə cür yayıldı?

QİÇS ilk olaraq Qərbi Afrikada ekvatora yaxın bölgələrdə yaşayan şimpanzelərdə aşkarlanıb. Ancaq HİV-ə bənzər SİV virusu daşıyan meymunlar bu xəstəlikdən ölmürlər. Əslində bu virusun meymundan insana keçiş hekayəsi də müəmmalıdır.

Ehtimal edilir ki, Afrikada şimpanze ovlayan insanlar aldıqları yaralar vasitəsilə və ya sonra şimpanze ətiylə təmas etdiklərində virusa yoluxublar. Meymunda SİV olan virus insan bədəninə keçdikdən sonra zamanla HİVə çevrilir və beləliklə dünyanın hər tərəfində qorxunc ölüm hekayələri yazılmağa başlayır.

Maraqlı və qaranlıq qalan isə budur ki, Afrikadakı insanlar da, meymunlar da yüz illərdi o torpaqlarda idi. Eləsə, bəs niyə bu insanlar 1950-ci illərdən sonra HİV bəlasına düçar oldular?!

Bəlkə də nə zamansa QİÇS də indi vahiməsini itirən digər viruslar kimi ölü virus olacaq. Ancaq hələ ki, 30 ildə 30 milyon insana məzar qazan bu virus yaşayır və öldürür. Aşağıda adları sadalanan məşhurları da bu virus öldürdü...

Freddi Merkuri

1946-cı ildə Tanzaniyanın Zanzibar adasında doğulmuş, gerçək adı Fərrux Bulsara olan Freddi Merkuri fərqli xarici görünüşü və 4 oktavalıq tenor səsi ilə Rokun Tanrısı sayılırdı. Vokal dərsləri almasa da, Opera və Rok musiqisin qarışdıraraq yeni bir musiqi anlayışı yaratmış və əfsanəvi “Queen” qrupunu dünyaya bəxş eləmişdi. 1987-ci ildə homoseksual Freddi Merkuriyə QİÇS diaqnozu qoyulur. O, əvvəlcə gizlətsə də, 22 noyabr 1991-ci ildə gerçəyi bir mətbuat konfransı ilə insanlara bildirir: “QİÇS daşıyıcısı olduğumu təsdiqləyirəm. Bu bilgini bu günədək gizli tutmamın, yanımdakıların məhrəmiyyətini qorumaq adına doğru olacağını düşünmüşdüm. Ancaq artıq dostlarımın və dünya çapındakı heyranlarımın həqiqəti bilmə vaxtı gəlib və ümid eləyirəm ki, hər kəs bu qorxunc xəstəliklə mücadilədə həkimlərimə qoşulacaq”.



Freddi Merkuri, bu açıqlamanı etdikdən 24 saat sonra öz evində, dostunun qolları arasında gözlərini yumdu. Rəsmi ölüm səbəbi QİÇS-ə bağlı olaraq yoluxduğu bronxial pnevmaniya olaraq bildirildi. Öldüyündə 45 yaşında idi...

Rok Hadson

Rok Hadson 1925-ci ildə doğulmuş, təsirli alçaq səs tonuna sahib aktyor idi. Amerikalıydı və 1950-1960-cı illərin ən sevilən romantik qəhrəmanı olaraq tanınırdı. Qadınlar tərəfindən həddən ziyadə bəyənilən və əfsanəvi kişi kimi görülən Hadson, əslində homoseksual idi. Xalqdan gizlətməyə çalışdığı bu durumunu pərdələmək üçün katibəsi Phyllis Gateslə evlənsə də, bu evliliyə sadəcə üç il dözə bilir. Boşandıqdan sonra Hadson yenə də kişilərlə eşq macəralarına gizli-gizli davam edir.

1985-ci ilin iyul ayında Parisdəki Ritz Otelin foyesinde huşunu itirən Hudsonu xəstəxanaya aparınca gizlətdiyi gerçək ortaya çıxır... Parisdə QİÇS-dən müalicə alan aktyor 1985-ci ilin noyabrında Kaliforniya, Beverly Hillsdə bu mərəzə məğlub olur.

Entoni Perkins

Hər kəs onu Alfred Hiçkokun “Psixoz” filmindəki Norman Beyts rolu ilə tanıyır. 15 yaşında teatr səhnəsinə qalxan aktyorun ilk filmi “The Actress” (Aktrisa) idi. İkinci filmi olan “Friendly Persuasion” (Dostca aldanış) ilə Hollivudda böyük istedad olaraq qəbul edildi.



1961-ci ildə Kann Film Festivalında “Amiez-Vous Brahms” filmindəki rolu ilə “ən yaxşı kişi aktyoru” mükafatını qazansa da, məşhurluğunu davam etdirə bilmədi. Ona film tarixində yaşamış `ən məşhur biseksual aktyor` deyirlər. Ancaq buna baxmayaraq, evlənmiş və bu evlilikdən iki oğlu olmuşdu. 1992-ci ildə QİÇS-dən dünyasını dəyişəndə 60 yaşı var idi.

Ayzek Azimov

Rusiyada yaşayan yəhudi bir ailənin uşağı olan Azimov ailəsiylə birlikdə Amerikaya köç edəndə üç yaşında idi. Nyu-Yorkda böyüyüb formalaşan Ayzek hələ 20 yaşına çatmamış fantastik hekayələr yazmağa başlayır. Elm sahəsində də öz adına çox işlər görür. Kimya sahəsində dissertasiyasını müdafiə elədiyi Kolumbiya Universitetindən 1939-cu ildə məzun olaraq, Boston Universitetinə keçir. Elə burada da professor adını alır.

Azimov fantastik ədəbiyyatın ustası sayılır. Robert A.Heinlein və Artur C.Clarke daxil olmaqla üç böyük fantastdan biri olaraq qəbul edilir.

QİÇS qurbanları siyahısında bəlkə də ən məsum, ən “günahsız” olanlardan biridir Ayzek Azimov. Onun HİV-ə yoluxma hekayəsi 1983-cü ildə girdiyi `by-pass` əməliyyatındakı qan nəqli ilə başlayır. Həkimlərin xətası ucbatından ona köçürülən infeksiyalı qan səbəbilə yoluxan yazar, 1992-ci ildə bu xəstəlikdən həyata gözlərini yumur...

Rudolf Nuriyev

Baletin tatar əsilli kralı 1938-ci ildə dünyaya gəldi, Uralda böyüdü, 1961-ci ildə miqrasiya etdi, 1982-ci ildə Avstrya vətəndaşı oldu.
Baletə 11 yaşındaykən meyl etməyə başlayır və balet üçün kifayət qədər gec sayılan 17 yaşında Leninqrad Xoreoqrafiya Məktəbinə qəbul olur. Tələbə vaxtlarında texnikasının zəif olması səbəbi ilə danlaq eşitsə də, 1958-ci ildə Leninqrad Kirov Baletinin solisti olmağa nail olur və Avropaya çıxış edə bilmiş nadir rus baletçilərindən biri olaraq tarixə adını yazdırır.



1977-ci ildə London Festival Baletində Prokofyevin “Romeo və Culyetta”sını, 1978-ci ildə Parisdə Manfredin xoreoqrafiyasını səhnələşdirir. Bir çox uğurlara imza atmış əfsanəvi rəqqas illərlə savaşdığı QİÇS-in səbəb olduğu ürək yetməzliyi nəticəsində ölür.

Cia Karangi

1970-ci illərin sonu, 1980-ci illərin əvvəlində model kariyerasının pik nöqtəsində Cia, narkotik maddə istifadəçisinə çevrilir. Heroin ona təkcə qalxdığı zirvədən sürətlə enməsində “kömək” eləmir, bu asılılıq üzündən sağlamlığını və gözəlliyini də itirir. Səhhəti ağırlaşan Karangiyə həkimlər öncə sətəlcəm diaqnozu qoyurlar. Ancaq cəlladının QİÇS olduğu çox keçmədən aşkar olur.
Yaşamının son günlərinədək kimsəylə görüşmək istəməir Cia. 1986-cı ildə, 26 yaşında xəstəliyin qurbanı olur. Görünən o ki, şöhrəti Ciaya heç nə qazandırmadı. Zira dəfn mərasiminə moda dünyasından kimsə gəlməmişdi...

Ondrej Nepala

1969-1973 illəri arasında 5 dəfə Avropa Fiqurlu Konki Çempionluğu və Dünya Fiqurlu Konki çempionluğunu qazanmağı bacarmış, 72 Olimpiada medalı sahibi Ondrej Nepala əslən Slovak idi. Buz üzərində rəqsə yeddi yaşında başlayır. Bir ara sənətini tərk etməyi düşünsə də, bunu edə bilməmiş Avropa və Dünya Çempionu, 38 yaşında QİÇS-dən ölür. Bu xəstəliyə nə cür yoluxduğu bilinməsə də, gizlətməyə çalışdığı homoseksuallığı üzə çıxmışdı...

`Eazy – E`

Erik Linn Rayt, yaxud `Gangsta Rep`in atası olmasaydı, bəlkə də rep `underground` musiqisi olmayacaqdı. Onun, repləri qədər sürətli olan seks həyatı başına bəla olur.



12 yaşında seks həyatına başladığını və 3000 qadınla yatdığını etiraf eden reperin 6 qadından 7 uşağı olur. Eazy nəfəs çatışmamazlığı şikayətilə getdiyi xəstəxanada QİÇS daşıyıcısı olduğunu öyrənir və 2 ay sonra, 31 yaşında bu xəstəlikdən ölür...

Keyt Herinq

1980-ci illərdə Nyu-York küçələrində onun sənət əsərləri sərgilənirdi. Küçə sənətinə önəm verən amerikalı rəssam, qraffiti sənətçisi və sosial aktivist olan Herinq kariyerasına Nyu-Yorkun körpü altlarında təbaşirlə çizdiyi şəkillərlə başlayır. Çəkdiyi şəkillər Tseng Küong Chi adlı fotoqraf sayəsində ad-san qazanır. Bu arada “The Radiant Baby” (İməkləyən uşaq) simvolu onun simvolu halına gəlir. Çəkdiklərilə həyata, yaşama dair çox önəmli mesajlar verirdi. Əsərləri olduqca dəyərli və maraq doğurucu idi. O dərəcədə ki, Absolut Vodka və Swatch saatı reklamları üçün ilham qaynağı olmuşdu.
QİÇS ilə savaşı dəstəkləmiş Keyt, 1990-cı ildə, 31 yaşında bu xəstəlik səbəbilə həyatını itirir.

Con Holms

2200 filmdə oynamış, 14 min qadınla yatmış məşhur pornoaktyora 1986-cı ildə HİV diaqnozu qoyuldu. Deyilənə görə, oynadığı gey -ornoların birində bu virusa yoluxur. Xəstəliyini öyrəndikdən sonra dəfələrcə intiharı düşünür. O arada narkotik və içki istifadəsi də pik həddə çatmışdı. Xəstəliyini hər kəsdən gizləyərək porno filmlərdə oynamağa davam edirdi. 1987-ci ildə son həyat yoldaşı olan Laura Rose ilə evlənir. Ancaq yeni həyat belə onu xilas edə bilmir. Bütün müalicələri rədd edir. Çünki dirənəcək gücü qalmamışdı və qurtulmaq istəyirdi. İstədiyi olur. 1988-ci ildə, 44 yaşında yaşama vəda edir...

Aysel Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti