Uşaq əmizdirmək erotika deyil
Türkiyədə, universitetdə fələstinli bir qrup yoldaşım vardı. Mən o qızı tanıyanadək Fələstin qızlarını `qaramat` zənn eləyərdim, nədənsə. Sarışın, yam-yaşıl gözlü, özünə modern deyən yüz avropalıya meydan oxuyacaq dərəcədə modern qız idı. Savadı, intellekti, dünya görüşü də bonusu.
Qulaqları cingildəsin, xeyli darıxmışam...
Yeni ailə qurmuşdu. Övlad dünyaya gətirəcəkdi, buna görə Fələstinə qayıtmalı olmuşdu. Semestr tətilindən geri dönəndə, artıq dərslərə qucağındakı körpəsi ilə qatılırdı.
Bir gün dərs öncəsi fakültənin bufetindəyik. Təbii ki, fələstinli qız da, yavrusuyla birgə aramızda idi. Birdən körpə ağlayıb, məmə istədi. Qız son dərəcə rahat halda, sağa-sola boylanmadan, rəng alıb-vermədən, bir “sorry” filan da demədən köynəyinin yaxasını açıb, oğlunu əmizdirməyə başladı. Etiraf eləyim ki, ilk anda elə özüm şok oldum. Yazıq canım, evdə bişməyib, qonşudan gəlməyib. Milli mentalitetin bu kimi halları məkruh saydığı məmləkətdən gəlmişdim.
Gözümün önündəki mənzərə elə duru, elə saf idi ki... Onu qınaya bilmədim.
“ N’oluyo, lan!” baxışı atan bir-iki türk oğlanını saymasam, bufetdəki digər oğlanlar, qızlar adi bir halmış kimi o səmtə baxmadılar belə.
Ayşe Armandan oxudum. Sən demə, hər ilin 1-7 avqust tarixləri arasında, Türkiyənin də daxil olduğu 120 ölkədə “Dünya Əmizdirmə Günü” qeyd edilirmiş. 10 ildir davam edən bu aksiya çərçivəsində qadınlar parklarda, küçələrdə, ictimaiyyət arasında uşaqlarını əmizdirərək cəmiyyətə “-uşaq əmizdirmək erotik görüntü deyil” mesajını verməyə çalışırlar.
Ayşe Arman da bu mövzuda türk `ərkək`lərinə istisnasız “öküz” deyir.
Yuxarıda anlatdığım olayda oğlanların davranışında heç də “öküzlük” yox idi, zənnimcə. Yenə də... Armanın məmləkətini ondan yaxşı tanıyası deyiləm ki?! Deyirsə, bir bildiyi vardır hər halda.
Mən öz məmləkətimizdən danışa bilərəm. Öz qadınlarımızdan, öz kişilərimizdən...
Düzü, Azərbaycanda camaat içində uşaq əmizdirən qadına rast gəlməmişəm. Əslində, bunun özü belə başlı-başına göstərici deyilmi?!
İnanmıram ki, qadınlarımızın hamısı insan içində uşaq əmizdirməyə utansın. Utananların çoxu da əminəm ki, onlara dikiləcək baxışları təxmin etdikləri üçün utanırlar. Haqsız da deyillər. O baxışlar...
Bu arada, uşaq əmizdirərkən sinəni gizlətmək üçün xüsusi önlüklər, papaqlar, zamazingolar var. Yox, məni “naməhrəm” görməsin, deyirsinizsə, onlardan istifadə edə bilərsiniz. Yetər ki, uşağınızla çölə-bayıra çıxanda əmizdirmək üçün daldalanacaq yer və ya ayaq yolu axtarmayasınız.
Haqqında danışdığım fələstinli rəfiqəm bu cür önlüklər olmadan belə, son dərəcə diqqətli şəkildə əmizdirirdi uşağını. Yəni, necə deyərlər, “gözə batan” bir şey görünmürdü. Bunu da bacarmaq olar... İstəsəniz...
Bir şeyə necə baxarsansa, elə də görərsən.
Uşaqla ananın bütünləşdiyi o müqəddəs anda gözünüz sadəcə “məmə” görürsə, deməli ki, təkamül sizdən yan ötüb. Zira, o mənzərə fövqəladə məsumdur.
Yaşıl gözlü fələstinli qızdan öyrəndiyim cəsarəti özümüzə də arzulayıram.
Daha ali cəmiyyət üçün əmizdirək körpələrimizi!