`Lider` ad gününü belə qeyd etdi - Reportaj+Fotolar

`Lider` ad gününü belə qeyd etdi - Reportaj+Fotolar
  17 Avqust 2015    Oxunub:23181
Avqustun 15-də Lider TV böyük təntənə ilə 15 yaşını qeyd etdi. Sözün həqiqi mənasında indiyə kimi belə gözəl yubiley tədbirinə şahidlik etməmişdim...

Neçə ildir mətbuatda olsam da, baş redaktorum Vüsal Məmmədovdan Lider TV-nin 15 illik yubileyindən reportaj hazırlamaq barədə tapşırıq alanda özümü xeyli gərgin hiss etdim. Çünki, gənc yaşlarımdan peşəmin siyasi qanadını mənə sevdirən məhz bu kanalın ictimai-siyasi proqramları olub. Yadımdadır, bir zamanlar Sahib Alıyevin təqdimatında `167-ci saat` adlı analitik veriliş efirə gedirdi. Mən də hər həftə bu verilişin başlamasını gözləyər və oradakı təhlilləri böyük həvəslə izləyərdim. Eyni zamanda qeyd edim ki, Lider TV-nin xəbərləri bu gün də mənim üçün etibarlı informasiya qaynağıdır. Bax, belə bir gərginliklə, bir zamanlar izləyicisi olduğum verilişlərin aparıcısı olan şəxslərin qarşısına gənc bir həmkar kimi çıxacaqdım. Bu hislərlə yollandım yubiley tədbirinin keçiriləcəyi məkana.

Mən içəri daxil olanda Lider TV-nin 15 illiyinə həsr olunan plakatın qarşısında bəziləri böyük sevinclə şəkil çəkdirir, bəziləri isə ölkənin digər KİV-lərinə kanalın uğurlarından danışırdılar. Mən də həmkarlarıma qoşuldum və Lider TV-nin 15 ildə əldə etdiyi uğurları ilə maraqlanmağa başladım.

İlk müsahibim Lider TV-nin “Səda” informasiya proqramının aparıcısı Günel Gözəlova oldu:

- Bu gün Lider TV ailəsi üçün böyük bir gündür. Çünki, bu gün doğma ailəmizin 15 yaşı tamam olur. Doğrudur, bu ailəyə yaradılışından 2 il sonra qatılmışam. Bu gün Lider öz adı ilə gələcək tarixini müəyyən etdi. Bunu biz yox, tamaşaçılarımız söyləyir. Ona görə də, biz həmişə tamaşaçılarımızla olacağıq. Ümid edirəm ki, hələ uzun illlər Lider TV tamaşaçıların diqqətində olacaq.



Lider TV-nin 15 illik yubileyində bu illər ərzində adı çəkilən kanalla bərabər addımlayan aparıcı Mətanət Ağamirlinin təəssüratlarını öyrənməmək ədalətsizlik olardı. Səmimi xanım aparıcı təəssüratlarını elə səmimi şəkildə bizimlə bölüşür:

- Lider TV yarandığı andan bu kanalda çalışıram. 15 il tarix baxımından qısa bir zamandır. Amma, razılaşaq ki, insan ömrü üçün az bir zaman deyil. Bu baxımdan 15 il eyni kanalda, kollektivdə, ictimai-siyasi proqramlarda çalışmışam. Əlbəttə ki, Lider TV Azərbaycanda seçilən kanallardandır, hər zaman ilklərə imza atıb. Həmçinin dövlətçiliyin, xalqın, insanların, yanında olub. Kanalın 2003-cü il prezident seçkiləri ərəfəsində və ondan sonrakı zamanlarda tutduğu mövqe, eyni zamanda `Bakı-2015` I Avropa Oyunlarının dünyaya təqdim olunmasındakı xidməti əvəzsizdir. Əlbəttə ki, mən də bu fəaliyyətin tərkib hissəsi olan jurnalist kimi qürur duyuram.

Xanım aparıcı Lider TV-nin gələcək fəaliyyəti ilə bağlı fikirlərini bu şəkildə ifadə etdi:

- Lider TV 2000-ci ildə efirə yeni vəsiqə alanda Milli Lider Heydər Əliyev müsahibələrindən birində belə bir fikir bildirmişdi ki, `Lider TV-nin gözəl gələcəyi var`. Bu fikirlərin deyilişindən 15 il keçib. Bu gün vurğulanmalıdır ki, Ümummilli Liderin bütün sahələrdə olduğu kimi Lider TV ilə bağlı açıqladığı proqnoz da öz yerini tutdu. Bunu bütün Azərbaycan vətəndaşları təsdiqləyə bilər. Çünki, Lider TV həqiqətən böyük uğurlara imza atıb. Gələcəkdə də böyük addımlara irəliyə doğru gedəcək. Tam əminəm ki, liderçilər gələkdə kanalımızın 50, 80, 100 illiyini belə qeyd edəcəklər. Çünki, Lider TV yarandığı gündən öz məqsəd və məramına sadiq qalaraq, sükanı xalqın, dövlətçiliyin maraqlarına uyğun şəkildə tutub.

“Səda” informasiya proqramının aparıcısı Mehman Mehdiyev isə təəssüratını bu şəkildə ifadə etdi:



- Çox sevindirici gündür. Telekanalımızın 15 yaşı tamam olur. Bizim üçün qürurverici bir tarixdir. Bu müddət ərzində Lider TV-nin bir parçası olduğuma görə fəxr hissi keçirirəm. Bu illər ərzində qarşımıza məqsəd qoyduq və bir çox uğurlara nail olduq. Düşünürük ki, 15 il tamaşaçı bizi sevdi, izlədi, dəstək oldu. Bundan sonrakı illərdə də tamaşaçımızın etimadını doğrultmağa çalışacağıq.

Lider TV-nin Xəbər Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəhbəri Elnur Niftəliyev deyir ki, Lider 15 il ərzində xalqın televiziyası olmağı bacarıb:

- Lider TV 15 il ərzində qarşısına qoyduğu məqsədə nail oldu. Özəl, professional və tamaşaçının ürəyindən xəbər verən proqramların hazırlanması Lider TV-nin liderliyini təsdiq edir. Bu gün də Lider TV inkişaf edir. Biz ilk gündən qarşımıza qoyduğumuz devizə sadiqik: `Biz demirik bizimlə qalın. Biz həmişə sizinləyik`.

...Biz bu xoş təəsüratlarını Liderçilərdən soruşarkən xeyli vaxt keçdi. Budur, artıq yubiley tədbiri başlamaq üzrədir. Mən də Liderçilərin 15 illiyində onlarla bərabər olmaq üçün daxil oluram zala. İçəridə xeyli tanıdığım sima var və onları fərdi şəkildə təbrik edərək əyləşirəm masa arxasına.

Yubiley tədbirinə gələrkən düşünürdüm ki, standart bir mərasim olacaq. Yəni əvvəlcə rəsmi şəxslər çıxışlar edəcək və ardınca şou proqram başlayacaq. Masada əyləşərək yenidən zala nəzər salıram. Bu anda yubiley tədbiri start götürü. Ancaq, səhnədə tədbirin aparıcılarından başqa heç kim yoxdur. Budur, tədbir açıq elan olunur və rəsmiyyətdən kənar əyləncə gecəsi başlayır. Fotolardan da tədbirin necə əhval-ruhiyyədə keçdiyini görürsünüz.

Bir qədər sonra foyeyə çıxıram və özümə yeni müsahib axtarışındayam. Gözümə Lider TV-nin Azərbaycan redaksiyasının baş redaktoru Füzuli Sabiroğlu dəyir. O, artıq 11 ildir `Azərbaycan redaksiyası`nda çalışır.



- Bu redaksiya sənədli filmlərin çəkilişi ilə məşğuldur. Azərbaycan tarixi, etnoqrafiyası, mədəniyyəti, görkəmli, siyasi, tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlər hazırlayırıq. Azərbaycan redaksiyasi Lider TV-dən 1 il sonra yaranıb. 14 il ərzində 600-ə qədər sənədli film çəkilib. Bu yaxınlarda ən böyük layihələrimizdən birini tamamladıq. Biz Qərbi Azərbaycan haqqında 20 silsilə filmlə tamaşaçıların görüşünə gəldik. Ümumiyyətlə, Azərbaycan teleməkanında belə bir layihə olmayıb. Bu filmlər Qərbi Azərbaycandakı bütün mahalların əhatə edirdi. İrəvan şəhərininin və Qərbi Azərbaycan ərazisindəki mahalların tarixinə aid idi. Ondan əvvəl biz Azərbaycan ərazisindəki qalalarla bağlı, 19 hissəli silsilə hazırlamışdıq. Sonra 11 hissəli Azərbaycan uzunömürlüləri və xalçaçılığı ilə bağlı filmlər hazırlamışıq. Fəaliyyətimizin əsas istiqaməti budur`.

10 ildir Lider TV ailəsində yer alan rejissor, aparıcı Lamiyə Ələkbərqızı bu ailəyə məxsus olmaqdan xoşbəxt olduğunu deyir.

- Lider TV-yə kanalın 5 yaşından sonra gəlmişəm. Amma, çox xoşbəxtəm ki, bu gün Lider TV ailəsindəyəm. Ümumən Lider özünün həmişə Lider olaraq saxlayıb. Sonra da Liderlərin Lideri olacağıq. Çünki, Liderin gözəl ailəsi var. Liderin komandası əvəzolunmaz, dəyişilməzdir. Bizim rəhbərliyimiz başda olmaqla hər kəsi 15 yaş münasibəti ilə təbrik edirəm. Kanalımızın çox gözəl, maarifləndirici, düzgün informasiyalı verilişləri var. Yəni, tamaşaçını narahat edən, xətirinə dəyən verilişlərimiz yoxdur. Çalışırıq ki, hamının könlünü oxşayaq. Ailə kanalıdır. Hər kəs ailəliklə Liderə 24 saat tamaşa edə bilər. Çünki biz 24 saat ərzində hər kəsi sevindirəcək informasiya veririk.

...Yenidən zala qayıdıram və yenidən müsahib axtarışına çıxıram. Gözümə Lider TV-nin Rusiya bürosunun şef müxbiri Anar Həsənov dəyir.

Müsahibim deyir ki, artıq 13 ildir Lider TV-nin Rusiya bürasonunda çalışır:

- Lider TV-nin dəstəyilə Moskva Dövlət Universitetinin Jurnalistika fakultəsini aspirantura pilləsini bitirmişəm. Rusiyadakı fəaliyyətim Azərbaycan səfirliyinin keçirdiyi tədbirlərlə, ölkə rəsmilərinin bu ölkəyə səfərlərini işıqlandırmaqla bitmir. Qlobal və Rusiya səviyyəli bütün tədbirləri işıqlandırırıq. Rusiyada 8-9 subyekt rəhbəri ilə eksklüziv müsahibələrimiz olub. 13 il ərzində 6 film çəkmişik. Eyni zamanda Lider TV adından Rusiya KİV-lərinə verilişlərə, radio proqramlara qatılırıq.

Biz də AzVision.az olaraq Lider TV-ni 15 illik yubileyi münasibəti ilə təbrik edir və hər zaman Lider olmağı arzulayırıq.
Qeyd edək ki, Lider TV-nin 15 illik yubileyindən hazırlanan veriliş sentyabrın 1-də kanal tərəfindən geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

Elvin Abdulqədirov
Fotolar: Elnur Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti