`Adıma olan bütün profillər saxtadır` - Orxan Fikrətoğlu

`Adıma olan bütün profillər saxtadır` - Orxan Fikrətoğlu
  20 Avqust 2015    Oxunub:2497
Sosial şəbəkələrdə tanınmış şəxslərin adından saxta profillərin açılması son dövrlər cəmiyyətimizin ən geniş yayılmış böyük problemlərindən biridir. Hər gün onlarla insan bu saxtakarlığın qurbanı olur. Onların adından şəkillər, qeyri-etik statuslar paylaşılır. Bəziləri normal fəaliyyət göstərsə belə, təbii ki, bu onları haqlı duruma gətirmir.

Sosial şəbəkələrin `qurban`larından biri də tanınmış jurnalist Orxan Fikrətoğludur. O, atv.az-a deyib ki, saxta profillər insanların hüquqlarının, dövlətin qanunlarının pozulmasıdır: “Mənim heç bir sosial şəbəkədə profilim yoxdur. Amma mənim adımdan sosial şəbəkələrdə saxta profillər var. Onlar mütəmadi olaraq yazılar yazır, şəkillər paylaşırlar. Maraqlısı da odur ki, mənim bunların heç birindən xəbərim yoxdur. Fikrimcə, bununla bağlı yeni qanun layihəsi hazırlanmalı, ümumiyyətlə, bu məsələ qanunla tənzimlənməlidir. Sənin hüquqların pozulur, amma bunu qoruyan heç bir qanun yoxdur”.

Bununla bağlı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova müraciət etdiyini bildirən O. Fikrətoğlu Mətbuat Şurasında profillərlə bağlı müzakirələr aparılacağını da qeyd etdi: “Mədəniyyət və Turizm Nazirliyi bu məsələ ilə bağlı plan hazırlayır. Çünki onların bir çox idarələrinin adından da saxta profillər yaradılır. Onlar məhkəməyə müraciət edib problemlərini həll edə bilir, amma mənim, sizin kimi fərdi şəxsləri qorumaq üçün mütləq qanun qəbul olunmalıdır. Ona görə ki, vətəndaş belə bir problemlə qarşılaşanda, kimə müraciət edəcəyini bilməlidir” deyən Orxan Fikrətoğlu sonda onun adından dostluq göndərən saxta profilləri hamının bloka salmasını xahiş etdi: “Əgər mən bildirirəmsə, heç bir sosial şəbəkədə yoxam, o zaman təbii ki, həmin saxtakarlar sizi də aldadırlar. Hesab edirəm, belə saxtakarlara qarşı hamımız mübarizə aparmalıyıq, ancaq yenə də deyirəm, əsas qanunun qəbuludur”.


Teqlər:





Xəbər lenti