Özü olmağın məsuliyyətini çəkən insan – Sahib Alıyevin ad gününə

Özü olmağın məsuliyyətini çəkən insan – Sahib Alıyevin ad gününə
  24 Avqust 2015    Oxunub:6644
Bu gün Azərbaycan mediasındakı əsl Ustadlardan birinin - Sahib Aliyevin ad günüdür. Səmimi sözümdür: əgər Sahib müəllim olmasaydı, Azərbaycan jurnalistikası bugünkü kimi olmayacaqdı. O, müstəqil mediamız formalaşmağa başlayan gündən bəri onun xəmirini yoğuranlardan və mənim nəzərimdə daha vacibi, həmin o yoğrulan xəmirə intellekt qatanlardan biridir. Çünki duz qatan da az olmayıb, şəkər qatan da, amma intellekti Sahib Alıyev qatıb.

Bu gün Sahib müəllimin yetişdirdiyi neçə jurnalist var ki, Azərbaycan mediasını onlarsız təsəvvür eləmək çətindir. Amma o, belə deyək, meydanda özü də oynayan məşqçidir – yenə də hamıdan çox çalışır, yenə də yetişdirir, yenə də təhlil jurnalistikasında bir nömrəli isimdir.

Nə gizlədim, mən tələbə olanda onun efirdəki təhlillərinə heyranlıqla baxırdırm; o zamandan 17 il keçib, bu gün də heyranlıqla oxuyuram, baxıram, dinləyirəm. Bu insan tükənmir, özünü təkrarlamır... Səbəbini bilirəm: istedaddan başqa, zəhmət, öz üzərində işləmək, məsuliyyət... Sahib Alıyev Azərbaycan mediasında Sahib Alıyev olmağın məsuliyyətini çəkir, bundan narahatdır, hətta qorxur da... Təsəvvür edirsinizmi: özü olmağın məsuliyyətini çəkən bir insan!

Buna inanmaq çətindir, amma telejurnalistikanın patriarxlarından olan bir şəxs hər dəfə veriliş qabağı imtahana çıxan tələbədən betər həyəcan keçirir, narahat olur. Efirə görə yox... Sadəcə, o, başa düşür ki, Sahib Alıyevdir və bu adı hər dəfə doğrultmalıdır. Niyə? Yəni, bu, nədir? – Eqoizm, yoxsa tamaşıçıya hörmət? Qərarı siz verin, mən isə eqoizm haqqında danışacağam.

Onu tanıyan hər kəs bilir, Sahib Alıyevin eqosu güclüdür, amma bu, qəribə eqodur. Məsələn, kimsə onun dalınca danışanda, hətta təhqir edəndə, Sahib Alıyevin eqosuna toxunmur. İnanın, vecinə də olmur. Amma tutaq ki, yardım üçün ağız açan hansısa insana kömək edə bilməyəndə eqosu çox bərk ağrıyır, hətta zədələnir – mən bunun dəfələrlə şahidi olmuşam... Və hər dəfə düşünmüşəm ki, kaş, insanlarda bu cür eqolardan çox olsaydı...

Sahib Alıyevin haqqında ən müxtəlif fikirləri eşitmək olur. Və ən maraqlısı odur ki, əleyhinə danışan insanlarla onun doğrudan heç vaxt heç bir işi olmayıb, yolları heç harada kəsişməyib də; ümumiyyətlə, onun işi ancaq özü ilədir: savaşdırsa, özü ilə savaşır, barışdırsa, özü ilə barışır... Bu minvalla da özünü yaradıb, indiki insan edib. Və hər gün bir az da yaradır.

Ədalət hissi onda az qala instinkt səviyyəsindədir. `Ədalət` isə Sahib Alıyev üçün budur ki, hər kəs layiq olduğuna çatmalıdır. Və əksinə... “Layiq olmadığı yeri tutan adamlar həmişə pis adam olurlar”,- bu, Sahib müəllimin sözüdür.

- Hərdən güzgüyə baxanda deyirəm ki, ay adam, sən kimsən, niyə mənim ruhumu əsarətdə saxlayırsan? – bu da Sahib müəllimin sözüdür. Doğrudan da, güzgüdə görünməyən bir Sahib Alıyev də var. Güzgüdə görünən adam onun dünyaya çıxmağına imkan vermir. Amma bütün başqa məsələlərdə güzgüdə görünməyən Sahib Alıyev çox vaxt görünənə güc gələ bilir... Hərçənd, əvvəllər belə deyildi, getdikcə ruh daha güclənir, şüur daha mülayimləşir...

Ad günündə Ustada nəsə arzulamaqda məna görmürəm – çünki bu günə qədər bütün həyatını kərpic-kərpic özü qurub, bundan sonra da elə quracaq. Onun üçün heç nə heç vaxt hazır və asan nazil olmayıb. Amma mən onu Göyçədə görmək istərdim – həmişə elə fikirləşmişəm ki, Sahib müəllimin bir hissəsi orada qalıb, ona görə də tam xoşbəxt ola bilmir. O Göyçədə ki, indi də yuxularının çoxu oradakı evlərinin həyətində görünür.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru


Teqlər:  





Xəbər lenti