25 gənc Prokurorluğa işə qəbul olundu
Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 25 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.
Gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu respublikamızda reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olub. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 57 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkilib.
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2015-ci ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.
Teqlər: